Baş səhifə   » MÜNAQİŞƏ AB-də    » AB sənəd 9 noyabr 1993   

AB sənəd 9 noyabr 1993

  


Brüssel, 9 noyabr 1993-cü il
Dağlıq Qarabağa dair bəyanat
Avropa İttifaqı 24 oktyabr 1993-cü il tarixində Dağlıq Qarabağ regionunda əldə edilmiş atəşkəsin
pozulmasını pisləyir və bütün qüvvələri son vaxtlarda işğal edilmiş ərazilərdən geri çəkilməyə çağırır. Avropa İttifaqı ATƏM prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə verdiyi əhəmiyyəti bir daha vurğulayır.
Avropa İttifaqını döyüşlər nəticəsində yurdlarından didərgin salınmış insanların aqibəti xüsusilə narahat
edir. Bu insanların qəbul edilməsi və qorunması beynəlxalq ictimaiyyətin əsas vəzifəsi olmalıdır. Bundan əlavə qaçqınların mövcudluğu münaqişənin beynəlxalq xarakter alması təhlükəsini artırır və bütün regionun sabitliyini təhdid edir.
Avropa İttifaqı zərər çəkmiş əhaliyə göstərilən yardımı davam etdirmək əzmindədir və region dövlətlərini
həmin yardımların çatdırılması prosesini asanlaşdırmağa çağırır.
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin uzun müddətli siyasi həllinə nail olmaq məqsədilə ATƏM-in
Minsk Qrupu tərəfindən göstərilən səyləri tam şəkildə dəstəklədiyini bir daha bildirir. Avropa İttifaqı münaqişə tərəflərini 24 oktyabr 1993-cü il tarixində pozulmuş atəşkəsi bərpa etməyə çağırır.
Bülleten Aİ 01-1994 (fr): 1. 3. 7

Xarici siyasət və cəmiyyətin təhlükəsizliyi (7/20)
Azərbaycan
1. 3. 7. Avropa İttifaqının Sədrliyi adından Azərbaycandakı vəziyyət ilə bağlı 17 yanvar tarixində Afina və
Brüssel şəhərlərində yayılmış kommünike:
“Avropa İttifaqı dekabr ayının ortalarından etibarən Dağlıq Qarabağ regionunda irimiqyaslı döyüşlərin
yenidən başlanması ilə bağlı dərin narahatlıq hissi keçirir. Avropa İttifaqı mövcud tərəfləri təmkinlilik nümayiş etdirməyə və artıq müharibə nəticəsində əziyyət çəkmiş insanlara yenidən əzab verməməyə çağırır.
Avropa İttifaqı bir daha Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəklədiyini bildirir və münaqişənin sülh
yolu ilə nizamlanmasına dəvət edir. Məsələnin beynəlxalq xarakter alması təhlükəsini nəzərə alaraq, Avropa
İttifaqı aidiyyəti olan tərəfləri döyüşləri dayandırmağa və BMT TŞ müvafiq qətnamələrinə əməl etməyə çağırır.
Avropa İttifaqı tam şəkildə dəstəklədiyi, ATƏM-in Mİnsk Qrupu çərçivəsində münaqişə tərəfləri arasında
aparılan danışıqları ən qısa zamanda yenidən başlamağa çağırır.”
Bülleten Aİ 07-1994

Xarici siyasət və cəmiyyətin təhlükəsizliyi (6/24)
Dağlıq Qarabağ
1. 3. 5. Avropa İttifaqının Sədrliyi adından Dağlıq Qarabağa dair 5 avqust tarixində Brüssel və Bon
şəhərlərində yayılmış kommünike:
“Avropa İttifaqı 12 may 1994-cü ildən etibarən qüvvədə olan atəşkəsin Ermənistan və Azərbaycan
Müdafiə Nazirləri, habelə Dağlıq Qarabağın hərbi birləşmələri tərəfindən 27 iyul 1994-cü il tarixində yazılı
şəkildə təsdiq edilməsini təqdirəlayiq olduğunu bəyan edir. Münaqişə iştirakçılarının atdığı bu addım gələcəkdə məsələnin qarşılıqlı razılıq əsasında siyasi nizamlanmasına xidmət edəcəkdir.
Beləliklə, Avropa İttifaqı bu istiqamətdə tərəfləri ATƏM-in Minsk Qrupu ilə yaxından əməkdaşlıq etməyə
və davamlı siyasi nizamlanmaya nail olmaq üçün üzərilərinə düşənləri yerinə yetirməyə çağırır. Fürsətdən
istifadə edərək, Avropa İttifaqı bir daha Minsk Qrupunun səylərini tam şəkildə dəstəklədiyini bəyan edir.
Atəşkəsin təsdiq edilməsi təkcə ilk mərhələ deyil, eyni zamanda davamlı siyasi nizamlanmanın əldə edilməsi
üçün danışıqların aparılması istiqamətində mühüm səy deməkdir. Avropa İttifaqı ATƏM müşahidəçilərinin
regiona göndərilməsi üçün müvafiq razılaşmanın imzalanması məqsədilə avqust ayında danışıqların
sürətləndirməsinə dair tərəflərin niyyətini alqışlayır. Belə ki, Avropa İttifaqı münaqişə tərəflərini ATƏM-in
müşahidə missiyasının maksimum dərəcədə həyata keçirilməsindən ibarət olan ilk mərhələni dəstəkləməyə
çağırır.
Bu kommünike dörd dövlətin mövqeyini bildirir.
Bülleten Aİ 09-1994

Xarici siyasət və cəmiyyətin təhlükəsizliyi (5/6)
Dağlıq Qarabağ
1. 3. 5. Avropa İttifaqının Sədrliyi adından Dağlıq Qarabağa dair 15 sentyabr tarixində Brüssel və Bon
şəhərlərində yayılmış kommünike:
“Avropa İttifaqı son günlərdə Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ rəhbərləri tərəfindən ATƏM-in
Minsk Qrupunun Sədri səfir Eliassonun regiona səfəri zamanı verilmiş bəyanatları böyük məmnuniyyətlə
qarşılayır. Həmin bəyanatlarda tərəflər münaqişənin nizamlanmasına dair razılığın əldə edilməsinə qədər
atəşkəsə riayət edəcəkləri ilə bağlı niyyətlərini vurğulamışlar. Bundan əlavə, Avropa İttifaqı məsələ ilə əlaqədar Ermənistan və Azərbaycan hökumətləri, habelə Stepanakert rəhbərliyi tərəfindən verilmiş rəsmi bəyanatları alqışlayır.
Avropa İttifaqı hesab edir ki, atəşkəsin gücləndirilməsi və məsələnin siyasi nizamlanması yolunda bu addım
mühüm əhəmiyyətə malikdir. Avropa İttifaqı ATƏM-in Minsk Qrupuna sözügedən bəyanatlarla nəticələnən
səylərinə görə minnətdarlığını bildirir və Qrupun Dağlıq Qarabağ regionunda sülhün bərqərar olunması naminə mühüm fəaliyyətini dəstəkləyir. Avropa İttifaqı Minsk Konfransının tezliklə çağırıla biləcəyinə səmimi şəkildə ümid edir.
Nəhayət, Avropa İttifaqı ümid edir ki, münaqişə tərəfləri özlərinin ictimaiyyət üçün nəzərdə tutulmuş
bəyanatlarında təmkinlilik nümayiş etdiriləcəkdir. Bundan əlavə, Avropa İttifaqı danışıqlar prosesi üçün münbit və psixoloji nöqteyi nəzərdən əlverişli şəraitin yaradılması üçün tərəflər arasında təmasların davam etdirilməsini tövsiyə edir.
Bu kommünike dörd dövlətin mövqeyini bildirir.





Oxunub: 14078