Baş səhifə   » AZƏRBAYCAN    » Dövlət rəmzləri    » Dövlət gerbi haqqında   

Dövlət gerbi haqqında

  


Azərbaycan Respublikasının Dövlət Gerbi
Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqillik rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.

Dövlət gerbindəki simvolların məna və funksiyaları
Dünya heraldika sənətində dövlət gerblərinin qalxan üzərində verilməsi təcrübəsi geniş yayılıb. Qalxandan dünya xalqları min illər boyu müdafiə, eləcə də milli simvolların nümayiş etdirilməsi məqsədilə istifadə edib. Bu da bəllidir ki, Şərq xalqlarında qalxan milli döyüş alətlərindən biri olub, qəhrəmanlıq simvoludur. Qərbdəkilərdən fərqli olaraq, şərq qalxanı dairəvi formadadır. Dövlət gerbinin həmin qalxan üzərində təsvir edilməsi Azərbaycanın Şərq dövləti olduğunu, millətin Şərq sivilizasiyasına mənsubluğunu, xalqın şərqliliyini bildirməyə xidmət edir. 
Qalxanın içərisindəki dairəvi mavi, qırmızı və yaşıl rəng çalarları Azərbaycan bayrağında ifadə olunan türklüyü, müasirliyi və islamlığı təcəssüm etdirir.
Qalxanın ortasında yerləşən səkkizguşəli ulduz günəşin simvoludur. Günəş (eləcə də, Ay) dünya heraldika sənətində «əbədi, daimi, sonsuz həyat» mənasındadır. Günəş simvolunun ağ rənglə verilməsi isə «əmin-amanlıq, sülhsevərlik, barış» mənalarını verir. 
Günəşin mərkəzində alov təsviri “Odlar Yurdu”nu – Azərbaycanı simvolizə edir. Ümumiyyətlə, alov gerbşünaslıqda tərəqqi, inkişaf rəmzi sayılır. Bu simvolda qədim azərbaycanlılarda mövcud olmuş atəşpərəstlik, eləcə də oda sitayişlə bağlı milli (“Novruz” bayramında oda münasibət) ənənələr də nəzərə alınmışdır. 



Oxunub: 66755