Baş səhifə   » MÜNAQİŞƏ ATƏT-də    » ATƏT sənəd 24 mart 1992   

ATƏT sənəd 24 mart 1992

  


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi ATƏM Şurasının birinci əlavə görüşü
Helsinki, 24 mart 1992-ci il

Yekun
Nazirlər Dağlıq Qarabağda və onun ətrafında silahlı münaqişənin genişlənməsinin davam etməsi və bunun nəticəsində əhali arasında əzab çəkənlərin və insan tələfatlarının sayının artması ilə əlaqədar dərin narahatlıqlarını ifadə etdilər. Onlar münaqişənin davam etməsinin və daha da genişlənməsinin regional və beynəlxalq təhlükəsizliyə göstərə biləcəyi təsiri nəzərdə tutaraq, münaqişənin aradan qaldırılması yolları və vasitələrini geniş şəkildə müzakirə etdilər. Onlar bütün tərəfləri təmkinli olmağa çağırdılar.
Nazirlər yenidən ən qəti şəkildə cavabdeh yerli komandirləri onların aktiv iştirakı ilə həyata keçiriləsi təcili və effektiv atəşkəsə çağırdılar. Onlar, siyasi və iqtisadi təzyiq tədbirlərinin dayandırılması da daxil olmaqla, etibarlı mühit və konstruktiv dialoq şəraitinin bərpa edilməsi çağırışı ilə müraciət etdilər.
Nazirlər ATƏM çərçivəsində həyata keçirilən fəaliyyəti nəzərdən keçirdilər və Yüksək vəzifəli şəxslər komitəsinin qəbul etdiyi qərarları bütövlükdə bəyəndilər. Onlar bununla əlaqədar gördüyü tədbirlərə görə ATƏM-in Fəaliyyətdə olan Sədrinə minnətdarlıqlarını bildirdilər və lazım olduğu hər hansı təqdirdə ona bütün mümkün olan yardımı göstərməyə hazır olduqlarını qeyd etdilər.
Nazirlər Avropa Birliyi və onun üzv-dövlətləri, Müstəqil Dövlətlər Birliyinin üzv-dövlətləri, Şimali Atlantika Əməkdaşlıq Şurasının üzvləri və, xüsusilə, Birləşmiş Millətlər Təşkilatının Baş Katibi tərəfindən həyata keçirilən bir-birini tamamlayan səyləri alqışladılar.
Onlar bununla əlaqədar ATƏM-in Fəaliyyətdə olan Sədrindən Birləşmiş Millətlər Təşkilatı ilə sıx əlaqə saxlamağı və mütəmadi məlumat mübadiləsi təşkil etməyi xahiş etdilər.
Nazirlər razılığa gəldilər ki, ATƏM bu münaqişə ilə bağlı sülh prosesinin inkişafı işində əsas rol oynamalıdır. Onlar razılaşdılar ki, Dağlıq Qarabağda və onun ətrafında mövcud olan vəziyyət ATƏM tərəfindən növbəti tədbirlərin həyata keçirilməsini tələb edir.
Nazirlər ATƏM-in Nazirlər Şurasının Fəaliyyətdə olan Sədri cənab İrji Dinstbirə, xüsusilə effektiv atəşkəsin əldə olunması və qorunub saxlanılması, həmçinin məsələnin sülh yolu ilə hərtərəfli nizamlanması üçün çərçivənin yaradılmasına kömək məqsədilə yaxın vaxtlarda regiona səfər etməyi tapşırdılar.
Nazirlər qəti əmin olduqlarını bildirdilər ki, ATƏM-in himayəsi altında Dağlıq Qarabağ üzrə konfrans böhranın ATƏM-in prinsipləri, öhdəlikləri və müddəaları əsasında sülh yolu ilə nizama salınması məqsədilə danışıqlar üçün fəaliyyət göstərən forumu təmin edəcək. Nazirlər bununla əlaqədar ATƏM-in Nazirlər Şurasının Fəaliyyətdə olan Sədrindən mümkün qədər tez bir zamanda belə konfransı keçirməyi xahiş etdilər.
Bundan əlavə nazirlər razılaşdılar ki, Minskdə keçiriləcək bu konfransın iştirakçıları Ermənistan, Azərbaycan, Belarus, Çexiya və Slovakiya Federativ Respublikası, Fransa, Almaniya, İtaliya, Rusiya Federasiyası, İsveç, Türkiyə və Amerika Birləşmiş Ştatları olacaq. Dağlıq Qarabağın seçilmiş və digər
nümayəndələri maraqlı tərəf kimi konfransa onun Sədri tərəfindən konfransda iştirak edən dövlətlərlə məsləhətləşmələrdən sonra dəvət olunacaqlar. ATƏM-in Nazirlər Şurasının Fəaliyyətdə olan Sədri ATƏM-in
himayəsi altında Dağlıq Qarabağ üzrə konfransın sədrini təyin edəcək.
Nazirlər ATƏM-in bütün iştirakçı dövlətlərini və bütün maraqlı tərəfləri beynəlxalq nəzarət altında olan təhlükəsiz dəhlizlər daxil olmaqla sürətli və effektiv vasitələrdən istifadə edərək, humanitar yardımla ona ehtiyacı olanların təmin edilməsi üçün bütün lazımi addımların atılmasına təkidlə çağırdılar.
Nazirlər Ermənistan və Azərbaycanın ATƏM-in Fəaliyyətdə olan Sədrinin bu regiona missiyasına, həmçinin ATƏM şurasının razılaşdığı bütün fəaliyyətə tam kömək etmək öhdəliyini nəzərə aldılar və məsələnin davamlı, sülh yolu ilə həll olunmasına nail olmaq məqsədilə hər iki tərəfi bu öhdəliyi fəal şəkildə yerinə yetirməyə çağırırlar.



Oxunub: 16005