Baş səhifə   » TƏSVİRİ İNCƏSƏNƏT    » Qarabağ rəssamlıq məktəbi   

Qarabağ rəssamlıq məktəbi

  



Qarabağ torpağı həm də Azərbaycan milli mədəniyyətinin, incəsənətinin beşiyidir.
Qarabağ təsviri sənəti XVIII-XIX əsrlərdə yeni Qarabağ xanlığının təşəkkül taparaq vüsətlə inkişaf etdiyi dövrdə formalaşmış, özünəməxsus üslubu, bədii təsvir vasitələri ilə fərqlənmiş və bir neçə sahələri əhatə edərək inkişaf etməyə başlamışdır. Dekorativ təsviri sənətin xalçaçılıq, zərgərlik, tikmə kimi sahələrində Qarabağ sənətkarlarının yaratmış olduğu sənət inciləri bu gün də öz gözəlliyini, bədii dəyərini qoruyub saxlamaqdadır. Dünya muzeylərinin bəzəyi olan Qarabağ xalçaları incə, zərif zərgərlik nümunələri sənətsevərləri, əsil gözəlliyi dəyərləndirməyi bacaranları valeh edir.
Qarabağda rəssamlıq təsviri sənətin aparıcı qollarından biridir. Bu rəssamlıq məktəbinin yaranmasında X. Natəvan, M. Nəvvab və s. müstəsna yeri olmuşdur.

Xurşidbanu Natəvan Mehdiqulu xan qızı (1832-1897) verilən məlumatlara görə ilkin təhsilini və rəsmə olan həvəsini bibisi Gövhər xanımdan almışdır. Bəllidir ki, Xurşidbanu Natəvan müntəzəm surətdə rəsm sənəti ilə məşğul olmuşdur. Araşdırmalar göstərir ki, o, hətta Tiflisdə oğlu Mehdiqulu xanın yanında olarkən, boş vaxtlarını Kürün sahillərində keçirər, birbaşa naturadan təbiətin gözəlliyini əks etdirən gül-çiçək, mənzərə lövhələrini işləyərmiş. Müasirləri xan qızının rəsm əsərlərini yüksək qiymətləndirmişlər.
Beləliklə, mütərəqqi fikirli və xalqını qəlbən sevən Natəvan Azərbaycan ədəbiyyatı tarixində özünərnəxsus mövqeyə malik şairə olmaqla yanaşı, həm də zərif ruhlu rəssam idi. 1886-cı ildə tərtib olunan, bu günə kirni MEA - nın Əlyazmalar İnstitutunda qorunub saxlanan "Gül dəftəri" məhz Xurşudbanu Natəvanın zəngin əməyinin bəhrəsidir. Albomda Natəvanın müxtəlif vaxtlarda çəkdiyi gül-çiçək, quş rəsmləri və ornamentləri ilə yanaşı bir neçə mənzərə də vardır.
Hələ 1858-ci ildə Natəvan öz əli ilə hazırladığı bir muncuqlu tirməni Bakıya gəlmiş məşhur fransız yazıçısı Aleksandr Dümaya hədiyyə vermişdir. Əl işinin incəliyinə heyran olan Düma onu "ən qiymətli hədiyyə" adlandırmışdır.
Natəvanın sənəti milli ənənəvi Şərq miniatür sənəti ilə Qərbi Avropa rəssamlıq məktəbinin maraqlı sintezinin göstəricisidir. Onun əl işləri öz dövründə Rusiyanın müxtəlif şəhərlərində təşkil olunmuş sərgilərdə nümayiş etdirilmişdir. 1882-ci il Ümumrusiya sərgisinin Qafqaz şöbəsi vitrinində qoyulmuş sənət nümunələri içərisində Xan qızının (Natəvanın) mahud üzərində qızıl-gümüş saplarla toxuduğu əsərlər xüsusi diqqəti cəlb etmişdir. Onlar düzgün və ciddi rəsmləri, rənglərinin vəhdəti ilə seçilir.

Mir Möhsün Nəvvabın (1833-1919) həyat və yaradıcılığı Qarabağ xanlığının mərkəzi sayılan Şuşa şəhərində keçmişdir. Məlumatlara görə, o vaxtlar Şuşa şəhəri mədəniyyət və incəsənətin ən görkəmli mərkəzlərindən sayılırdı. Burada görkəmli şairlər, musiqişünaslar, rəssamlar, zərgərlər, bədii tikmə ilə məşğul olan ustalar və b. yaşayaraq yüksək səviyyəli sənət əsərləri yaratmışlar. Bu əsərlərin çoxu hazırda dünya muzeylərinin yaraşığına çevrilmişdir.
Şuşada yaşayıb yaradan sənətkarların ən maraqlı xüsusiyyətlərindən biri ondan ibarət idi ki, onların əksəriyyəti bir sənəti yox, bir neçəsini mükəmməl bilirdilər. Buna ən gözəl nümunə Mir Möhsün Nəvvabdır.
XIX əsrin görkəmli alimi, şairi, rəssamı olan M.M.Nəvvab Azərbaycan təsviri sənətində xüsusi əhəmiyyətə malik neçə-neçə sənət incisinin də yaradıcısıdır. Evindəki divar rəsmlərini də özü rəsm etmişdi və bu rəsmlər bərpa edildikdən sonra 1991-ci ildə Nəvvabın ev - muzeyi yaradılmışdır. Nəvvab hərtərəfli biliyə və çoxcəhətli yaradıcılığa malik ziyalı sənətkar idi. Xəttat və rəssam, şair və musiqişünas olan M. Nəvvab ornamental divar rəsmləri də çəkmiş, gözəl xətlə yazdığı əlyazma nüsxələrinin və şəxsi mətbəəsində litoqrafiya üsulu ilə çap etdiyi kitabların illüstrasiyalarını vermiş, gül və quş təsvirləri, portretlər yaratmışdır.

Usta Qənbər Qarabağlı tərəfidən divarları bəzədilmiş Kərimbəy Mehmandarovun, Hacı Məmmədovun və İskəndər Rüstəmovun, Səfibəyovun evlərindəki rəsmlərdə döyüş və ov səhnələri, xalq nağılları və nəbati motivlər üstünlük təşkil edir.
XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan təsviri sənəti öz inkişafında tam yeni mərhələyə qədəm qoymuşdur.
Kitab qrafikası sahəsində uzun illər çalışmış Əmir Hacıyev, görkəmli heykəltəraş Cəlal Qaryağdı, dünya şöhrətli rəssam İsa İbrahimov, Altay Hacıyev, ustad boyakar Nadir Əbdürrəhmanov, Elturan Avalov, Ağəli İbrahimov, Elşən Hacızadə, Rövşən Bayramov, Zaur Mirzəyev, Valeh Məmmədov və s. sənətkarların Azərbaycan təsviri sənətində xüsusi yeri vardır.



Oxunub: 32009