Baş səhifə   » İDMAN    » İdmançılar   

İdmançılar

  


Cavad Bahadur oğlu Qurbanov 
Cavad Qurbanov Şuşa şəhərində anadan olub. Azərbaycanın əməkdar idman xadimi, əməkdar məşqçisi, dəfələrlə qılıncoynatma  üzrə respublika çempionu, Ümumittifaq və Beynəlxalq dərəcəli hakim olub. 
C.Qurbanov Azərbaycanda qılıncoynatma idman növünün əsasını qoyanlardan biridir. O, uzun illər respublikanın yığma komandasının baş məşqçisi işləyib. Yetirmələri Avropa, dünya və olimpiya oyunlarının iştirakçısı və mükafatçısı olub. 

Çingiz İdris oğlu Məhərrəmov (1940-2002)
Çingiz Məhərrəmov güləş üzrə Şuşa çempionu və o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin mükafatçısı olmuşdur. O, Ukrayna Ordu İdman Klubunun (OİK) yığma komandasının tərkibində də çıxış edərək mükafat almışdır. Ç.Məhərrəmov “Neftçi” idman klubunun bazasında futbol üzrə gənc yaş qrupunda məşqçi işləmişdir. 

Eldar Muxtar oğlu Əzimzadə 
Futbol üzrə Beynəlxalq dərəcəli hakim Eldar Əzimzadə Şuşa şəhərində anadan olub. O, 1957-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu (indiki İdman Akademiyası) bitirib və həmin ali məktəbin idman oyunları kafedrasında əmək fəaliyyətinə başlayıb. 
E.Əzimzadə Futbol hakimi kimi 1957-ci ildən fəaliyyətə başlayıb. Bakı birinciliyində, SSRİ-nin ikinci dəstəsində, SSRİ-nin güclülər dəstəsində hakimlik etmişdir. SSRİ-nin 10 ən güclü hakimlər siyahısına daxil edilmişdir. E.Əzimzadə 1979-1980-ci il mövsümündə SSRİ-nin bir nömrəli hakimi hesab olunmuşdur. 
E.Əzimzadə 1980-ci ildə Moskvada keçirilən Olimpiadanın futbol yarışmasının final oyununa (Almaniya  - Çexoslovakiya) yüksək səviyyədə hakimlik etdiyi üçün qızıl medal və diplomla təltif edilib. E.Əzimzadə Meksikada, İranda, Əlcəzairdə hakimlik edərək qızıl fit mükafatına layiq görülmüşdür. 

Hidayət Mirzə Cavad oğlu Yusifov
Hidayət Yusifov Şuşa şəhərində anadan olub. O, həm gimnastika, həm də güləş və ağırlıq qaldırma növləri ilə də məşğul olmuşdur. H.Yusifov Bakının “Dinamo” idman cəmiyyətinin üzvü olub. Bakı şəhər və respublika biriciliyində iştirak edib, mükafatlar qazanıb. 

Jalə Oktay qızı Ağayeva 
Jalə Ağayeva Şuşada anadan olub.  2001-ci ildən Azərbaycan Voleybol Federasiyası nəzdində respublika hakimlər kollegiyasının üzvüdür. J.Ağayeva Avropa və Olimpiya təsnifat turnirlərində, eləcədə Avropa top kuboku yarışlarında yaxşı hakimlik etdiyinə görə Respublika dərəcəli hakim adına layiq görülüb. 

Oktay Əsədulla oğlu Quliyev 
Boksçu, Ümumittifaq və Beynəlxalq dərəcəli hakim Oktay Quliyev əslən şuşalıdır. O, 1950-ci ildə “İskra” idman cəmiyyətində boksla məşğul olmağa başlayıb və 1954-cü ildə boks üzrə Azərbaycan çempionu olub. 1955-ci ildə isə SSRİ birinciliyinin zona yarışında 3-cü yeri tutub. O. Quliyev 1958-ci ildə SSRİ idman ustası, 1961-ci ildə respublika dərəcəli hakim, 1997-ci ildə əməkdar məşqçi və 2001-ci ildə “Fəxri bədən tərbiyəsi və idman işçisi” adına layiq görülüb. O.Quliyev idmanla bağlı 60 elmi məqalə və əsərin, tədris vəsaitlərin müəllifidir. 1997-ci ildə professor elmi adını almışdır.

Tofiq Abbasov
Tofiq Abbasov Bakıda doğulub. Əslən şuşalıdır. O, Baksetbol idman növü üzrə SSRİ-nin əməkdar məşqçisi, Ümumittifaq və Beynəlxalq dərəcəli hakim, professordur. T.Abbasov II Dünya müharibəsində ağır yaralansa da, komandirini döyüş meydanından çıxara bilmişdir. “Qızıl bayraq” və digər medallarla təltif olunmuşdur.

Yapon Azər oğlu Hacıyev 
Yapon Hacıyev Şuşada anadan olub. O, 2004-cü ildə karate üzrə Bakı şəhər, 2005-ci ildə Azərbaycan çempionu olub. Y.Hacıyev 2005-ci ildən kinq-boksinq idman növü ilə məşğul olmağa başlayıb. 2006-cı ildə Ukraynanın Yalta şəhərində keçirilən kik-boksinq üzrə dünya çempionatında 3-cü yeri (57 kq) tutub. Həmin il Dağıstanda və Gürcüstanda keçirilən Beynəlxalq yarışların qalibi olub.    
Y.Hacıyev 2007-ci ildə Ukraynanın Kiyev şəhərində keçirilən Dünya birinciliyindən qızıl medalla vətənə dönüb. 2008-ci ildə Ukraynanın Odessa şəhərində keçirilən Beynəlxalq Turnirin finalında Ermənistan nümayəndəsinə tam üstünlüklə qalib gələrək qızıl medala layiq görülüb. 
İkiqat dünya çempionu Yapon Hacıyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (2007-2011) təhsil alıb.

Zakir Allahverən oğlu Babayev
İlk şuşalı SSRİ idman ustası Zakir Babyev Şuşada anadan olub. Şuşa şəhər 1№-li orta məktəbi bitirib. Z.Babayev 1957-ci ildə güləş üzrə şəhər birinciliyində  və həmin il Füzuli rayonunda Yunan-Roma güləşi üzrə Qarabağın açıq birinciliyində (62 kq) ikinci yerləri tutmuşdur. 1958-ci ildə Bakıda gənclər arasında keçirilən birincilikdə də ikinci yerin sahibi olub. 
Z.Babayev Yunan-Roma güləşi üzrə SSRİ idman ustası normasını yerinə yetirdiyi üçün 1964-cü ildə “SSRİ idman ustası” adına layiq görülüb. 2000-ci ildə Azərbaycan Respublikasının “Fəxri bədən tərbiyəsi və idman işçisi” adına layiq görülüb. 



Oxunub: 42278