Baş səhifə   » MUSİQİ ALƏTLƏRİ    » Nəfəs alətləri    » Balaban   

Balaban

  


Orkestr və ansamblların, aşıq və digər folklor qruplarının tərkibində geniş istifadə olunan nəfəsli alətlərdən biri də balabandır. Bəzən “balaman” da adlandırılan bu alətin adının mənası “bala” (kiçik) və “ban” (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, “kiçik ban” (ilk, erkən ban) deməkdir. 
Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. 
Balaban ərik, qoz, tut və armud ağaclarından xüsusi dəzgahlarda yonulub, içərisi oyulduqdan sonra müəyyən bitki yağları ilə yağlanır, xüsusi temperaturda uzun müddət qurudulur. Hazır gövdənin üst hissəsində səkkiz, alt hissədə isə bir oyuq açılır. İfa zamanı hər iki əlin barmaqları ilə oyuqlar açılıb-bağlanır. 
Balabanın baş hissəsinə qarğıdan xüsusi ölçüdə sıxılaraq yastılandırılmış müştük taxılır. Ona görə bəzi hallarda bu alətə “yastı balaban” da deyilir. Müştüyün üzərinə keçirilmiş xamıtın (qısqacın) vasitəsi ilə alətin səs ucalığı və kökü nizamlanır. 
İfaçı aləti səsləndirmək üçün dərindən nəfəs alaraq havanı ağız boşluğuna yığır və onu xüsusi ustalıqla dodaqları arasında tutduğu yastı müştüyün içərisinə üfləyərək barmaqlarını oyuqların üzərində hərəkət etdirməklə istənilən səs ucalığını alır. 
Uzunluğu 280-300 mm, diametri 20-22 mm-dir.
Balabanın səs diapazonu kiçik oktavanın “sol” səsindən ikinci oktavanın “do” səsinə kimidir. Çalğıçının ustalığından asılı olaraq, bir neçə səs də artırıla bilər.





Oxunub: 18294