Baş səhifə   » BÖLGƏ ÖZƏLLİYİ    » Qarabağın bölgə özəlliyi   

Qarabağın bölgə özəlliyi

  



Azərbaycanın Qarabağ bölgəsinin sakinləri tərəfindən həyat fəaliyyətinin müxtəlif sahələrində toplanmış zəngin ənənələr Qarabağı onun hüdudlarından çox-çox uzaqlarda da məşhurlaşdırmışdır. 
Qarabağda maldarlığın əsasını atçılıq və qoyunçuluq təşkil edir. Burada xalq seleksiyası yolu ilə Qarabağ atı və Qarabağ qoyun cinsi yetişdirilmişdir. Bu atlar ta qədimdən bütün Avropada ad qazanmışdır.
Azərbaycanlıların musiqi mədəniyyətinin inkişafında Qarabağ xanəndələri müstəsna rol oynamışlar. Keçmişdə Qarabağ xalq ifaçıları bütün Şərqdə məşhur idi. Azərbaycan ədəbi dilinin inkişafına Qarabağ dialektinin təsiri olmuşdur.
Qarabağ “Qırmızı kitab”a düşmüş nadir bitkilər vətənidir: Hirkan şümşadı - pirkal, Qafqaz xədicəgülü, komarov birəotusu, gözəl təkəsaqqal, məxməri gərməşov, adi şabalıd, Qarabağ dağ laləsi, sağsağan gülxətmisi və s. Dünyanın nadır bitkilərindən sayılan xarıbülbül yalnız Qarabağda – Şuşada bitir.
Keçmişdə bölgədə “qaradam” (“ev damı”, “torpaq dam”), “bağdadi” və “tağbənd” ev tipləri geniş yayılmışdır. 
Qarabağ xalçaçılıq məktəbi də bütün dünyada məşhurdur. Burada müxtəlif çeşnili xalçalar – “Ləmbərani”, “Çələbi”, “Açma-yumma”, “Balıq”, “Buynuz”, “Qarabağ”, “Bərdə”, “Ləçəktürünc” xüsusilə fərqlənir. 
Qarabağ Azərbaycan xalq musiqisinin, xüsusilə muğamatın və poeziyasının beşiyidir. Buradan xeyli məşhur musiqiçi, şair, yazıçı, adlı-sanlı xanəndələr çıxmışdır. 

Bölgə yeməkləri, o cümlədən şirniyyatı Azərbaycan mətbəxinin zənginləşməsinə böyük təsir etmişdir (Qarabağ kətəsi, Bərdə nanı və s.). 
Qarabağ mətbəxində kətənin xüsusi yeri var. Qarabağ mətbəxində qoyun və mal ətindən qovurma, qəvli, dolma, yəxni, bozbaş, xaş, kəlləpaça, saciçi, cız – bız, şorbalar və müxtəlif plovlar bişirilir. Qızardılmış və qaynadılmış çay balığından da istifadə olunur. Qarabağ mətbəxində qurudulmuş meyvələr geniş istifadə olunur. Onlardan xoşab, plov, şorba, ət xörəklərinin hazırlanmasında istifadə olunur və çərəz kimi süfrəyə verilir. Qarabağ mətbəxində cad, ət qutabı, fəsəli, kətə, şəkərbura, paxlava, quymaq, halva, qurabiyə, şorqoğalı, dovğa, kababın müxtəlif növləri və s. yeməklər bişirilir. 
Qarabağ toylarını fərqləndirən başlıca əlamətlərdən biri burada (Bakı və Şirvanda olduğu kimi) muğama geniş yer verilməsidir. Toy əhli oynamaq, şənlənməkdən çox muğama qulaq asmağı sevirlər.
Qarabağ toylarında gəlin toy mağarına gətirilmir. Ümumiyyətlə, məclis yalnız kişilər üçün qurulur, qadınlar toy mağarına gecə, yemək mərasimi bitdikdən sonra gəlirlər. 
Gəlin evindən əşya oğurlamaq da Qarabağ bölgəsində yayılmış adətlərdəndir. Toy alayı oğlan evinə tərəf yönələn kimi, qız evindən "oğurlanmış" əşyalar ətrafdakılara göstərilir. Bu özünəməxsus adətin başqa adları "şeyoğurluğu", "xəspuşluq", "xəkrizdəmə" (Ağdam, Füzuli, Şuşa, Tərtər), "çıpıtma" (Laçın, Cəbrayıl), "xırsızlıq", "sirqət"dir. Bəzi yerlərdə isə qızın anası çörək əvəzinə gəlinə bir çimdik ocaq külü verir.



Oxunub: 57857