Baş səhifə   » COĞRAFİYA    » Çaylar   

Çaylar

  



Azərbaycanın Qarabağ ərazisindən başlayan çaylar əsasən Kür və Araz çaylarına yaxud da onların hövzəsinə aid olan çaylara tökülür. Burada yerləşən dağların uca zirvələri Kür və Araz çay hövzələri arasında suayrıcı təşkil edir. Burada olan çaylar yağış və qar suları ilə qidalanır və suyundan suvarmada istifadə olunur. Tərtər və Həkəri çayları vulkanik yayladan başlayır. Arpaçay (128 km) və Bazarçayın (178 km) mənbələri yaylanın şimal-qərb hissəsindədir. Bu çaylar əsasən yağış, qrunt və yeraltı suları ilə qidalanır. Ona görə də ilin isti yarısında daşırlar. Kiçik Qafqazın cənub-şərq yamacında axan Tərtərçay, Xaçınçay, Qarqarçay, Həkəriçay, Oxçuçay Mil və Qarabağ düzlərinin suvarılmasında böyük əhəmiyyət kəsb edir.

Tərtər çayı - öz mənbəyini Kəlbəcər rayonundan götürür, Ağdərə, Tərtər və Bərdə rayonlarının ərazisi ilə axaraq Kür çayına tökülür. Tərtər çayının qolları Tutqu, Lev və Ayrım çaylarıdır. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 3117 m-dir. Çayın üzərində Sərsəng su anbarı yaradılmışdır.

Xaçınçay - öz mənbəyini Kəlbəcər rayonundan götürür Ağdam, Tərtər və Bərdə rayonlarının ərazisi ilə axaraq Kür çayına tökülür. Uzunluğu 119 km-dir. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 2090 m-dir.

Köndələnçay - öz mənbəyini Şuşa rayonundan götürür. Xocavənd və Füzuli rayonlarının ərazisi ilə axaraq Araz çayına tökülür. Araz çayının sol qolu olmaqla uzunluğu 102 km-dir. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 1780 m-dir.

Bərguşad çayı (Bazarçay) - öz mənbəyini Ermənistan Respublikasından götürür. Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarının ərazisi ilə axaraq Araz çayına tökülür. Araz çayının sol qolu olmaqla, uzunluğu 164 km-dir. Ona Qubadlı ərazisindən Ağa, Bəxtiyarlı və Davudlu kiçik çay qolları axır.
Çayın çirklənməsi çayətrafı ərazilərdə yerləşən iri yaşayış məntəqələrində yaranan (Ermənistan ərazisində) sənaye və məişət-çirkab suları hesabına olur. Çayın zəngin balıq növləri erməni işğalçıları tərəfindən talan olunur. Əksər hallarda balıqların kütləvi şəkildə kimyəvi maddələrlə qırılmasına yol verilir.

Həkəri çayı - öz mənbəyini Laçın rayonunun 3080 m hündürlüyündən götürərək Qubadlı və Zəngilan rayonlarının ərazisi ilə axır. Araz çayının sol qolu olmaqla, uzunluğu 128 km-dir. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 2812 m-dir.
Çayın suyundan içmək və suvarma məqsədləri ilə istifadə olunur. Qiymətli farel, kütüm və s. balıqlar bu çayda kürü tökürlər.

Oxçuçay - öz mənbəyini Zəngəzur dağ silsiləsindən (Qapıcıq dağı) götürməklə Zəngilan rayonunun ərazisi ilə axır. Araz çayının sol qolu olmaqla uzunluğu 85 km-dir. Ermənistan Respublikası ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan-Qacaran şəhərlərinin (o cümlədən kəndlərin, xəstəxanaların, kənd təsərrüfatı obyektlərinin) bioloji çirkli suları təmizlənmədən birbaşa Azərbaycan ərazisində Şərikan kəndinin qarşısında Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini «Ölü zonaya» çevirmişdir. 

Bəsitçay - Araz çayının sol qolu olmaqla öz mənbəyini Ermənistan Respublikasından götürür. Çayın uzunluğu 44 km – dir (17 km-i Azərbaycan ərazisinə düşür). Çay Ermənistanın dağ kəndlərinin donuz fermalarının tullantıları ilə çirkləndirilir.

Qarqar çayı - öz mənbəyini Şuşa rayonundan 2080 m hündürlükdən götürərək Xankəndi, Xocalı, Ağdam və Ağcabədi rayonlarının ərazisi ilə axır. Qarqar çayı Zarıslı və Xəlfəli çaylarının birləşməsindən əmələ gəlir. Mənbəyi ilə mənsəbi arasında hündürlük fərqi 2080 m – dir. Əsas qolları – Ballıca, Bədərə, Dağdağan və sairdir.

Çaylaqçay - Araz çayının sol qoludur. Cəbrayıl rayonu ərazisindən axır. Uzunluğu 32 m–dir. Başlanğıcını Kiçik Qafqazın cənub ətəyindən (1750 m) alır. Axımı yağış sularından əmələ gəlir. Çaylaqçaydan suvarma işlərində geniş istifadə edildiyinə görə suyu mənsəbə çatmır.



Oxunub: 73953