Baş səhifə
» MÜNAQİŞƏ AŞ-də
» AŞPA tövsiyə 1995
AŞPA tövsiyə 1995Avropa Şurası Parlament Assambleyasının Ermənistan və Azərbaycanda qaçqın və məcburi köçkünlərin humanitar vəziyyətinə dair tövsiyəsi № 1263 (1995) 1. Assambleya, Ermənistan və Azərbaycanda qaçqın və məcburi köçkünlərin humanitar vəziyyətinə dair 1059 saylı (1995) Qətnaməsinə istinad edərək, tövsiyə edir ki, Nazirlər Komitəsi: I. Dağlıq Qarabağa görə amansız münaqişənin qurbanlarına və, xüsusilə öz evlərindən qovulmuş şəxslərə beynəlxalq yardımın tamamilə qənaətbəxş olmamağından irəli gələn gərgin vəziyyəti təcili şəkildə nəzərdən keçirsin; II. Avropa Şurasının genişlənməsinə dair 1247 saylı (1994) Qətnaməsindən sonra, Avropa Şurasının Sosial İnkişaf Fondu və onun üzv dövlətlərini, özünün fövqəladə hallar üçün nəzərdə tutulmuş hesabı vasitəsilə, Birləşmiş Millətlər Təşkilatı və cəlb olunmuş digər beynəlxalq təsisatlarla mümkün əlaqədə, Ermənistan, Azərbaycan və Gürcüstanda qaçqın və məcburi köçkünlərə fondun maliyyələşdirməsindən yararlanmaq imkanı verməyə dəvət etsin; III. Bütün üzv dövlətlərin hökumətlərini: a. Birləşmiş Millətlər Təşkilatının agentlikləri, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası və qeyri-hökumət təşkilatları vasitəsilə edilən beynəlxalq yardıma Qafqazda qarşıdan gələn bir çox illər üçün ehtiyac duyulduğunu təsdiq etməyə və bunun nəticəsində onların gələcək müraciətlərinə səxavətlə cavab verməyə; b. Qarabağ və onun ətrafındakı ərazinin minalardan təmizlənməsi üçün tələb olunan mütəxəssis və işçi qüvvəsini təklif etməyə; c. Fələstində BMT-nin qaçqınlara yardım və işlər Agentliyinə (UNRWA) müvafiq Qafqaz üçün birləşmiş BMT agentliyinin yaradılması və Tbilisidə regional qərargahın və ya oxşar əlaqələndirmə mexanizminin təsis edilməsini nəzərdən keçirməyə; d. xüsusilə insan hüquqları, parlament demokratiyasının tətbiq olunması və, müvafiq olan zaman, azlıqların hüquqlarının və mədəni xüsusiyyətlərinin müdafiəsi sahələrində Avropa Şurasının yardım, mütəxəssis və əməkdaşlıq təkliflərini təsdiq etməklə Ermənistan, Azərbaycan və Gürcüstanın hakimiyyətləri ilə siyasi dialoq təsis etməyə dəvət etsin.
|