Baş səhifə   » MUSİQİ    » Muğam məktəbi   

Muğam məktəbi

  


Azərbaycanın ən qədim güşələrindən biri də şeir, sənət ocağı, istedadlar diyarı kimi bütün dünyaya səs salmış Qarabağ torpağıdır. Qədim tarixə malik bu torpaq Azərbaycan elminə, mədəniyyətinə və incəsənətinə böyük şəxsiyyətlər bəxş etmiş və Azərbaycan mədəniyyətinin inkişafında müstəsna mövqeyə malik olmuşdur. Xüsusilə Qarabağın mərkəzi Şuşa şəhəri musiqi tarixində mühüm yer tutur.
Şuşa şəhəri XIX əsrdə bu şəhər özünün coğrafi mövqeyinə, iqtisadi inkişafına, füsünkar təbiətinə görə diqqəti cəlb etmişdir. Həmin dövrdən Şuşa Azərbaycanın musiqi mədəniyyəti mərkəzi kimi məşhurlaşmışdır. Məhz bu dövrdə Qarabağ muğam məktəbi yaranmağa başlamışdır.

Əlbəttə ki, Qarabağ muğam məktəbi dedikdə, ayrı-ayrı sənətkarların adı ilə bağlı, onların ifaçılıq üslubunu yaşadan, muğam ənənələrini, sənətkarlıq sirlərini nəsillərə ötürən məktəblər nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, Qarabağ muğam məktəbinin nümayəndələri kimi tanıdığımız sənətkarların ömür yolu və yaradıcılığı əsasən Şuşa şəhəri ilə bağlı olmuşdur.  Buna görə də Şuşanı, haqlı olaraq, «Qafqazın konservatoriyası» adlandırırdılar. Çünki sənətkarlıq məktəbini Şuşada keçmiş xanəndə və xalq çalğı alətləri ifaçıları təkcə Azərbaycanda deyil, bütün Qafqaz ölkələrində fəaliyyət göstərirdilər. 
Hələ XVIII əsrin axırları, XIX əsrin əvvələrində Şuşada bir çox sənətkarlar yaşayıb-yaratmışlar. Onlardan Şahsənəm oğlu Yusif, Mirzə Hüseyn, Həsəncə, Qaraçı Əsəd və başqaları Şuşada xanəndəlik sənətinin əsasını qoymuşlar. Həmin dövrdə tarzən Əli Əsgər, kamançaçı Qaraçı Hacıbəy, qoşanağara çalan Qapançı oğlu Kərim məşhur idi.

XIX əsrin II yarısında və XX əsrin əvvələrində Qarabağ muğam məktəbi yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu dövrdə bir çox görkəmli xanəndə və ifaçılar: Hacı Hüsü, Mir Möhsün Nəvvab, Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan), Məşədi Məmməd Fərzəliyev, Əbdülbaqi Zülalov (Bülbülcan), Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdı oğlu, İslam Abdullayev, Seyid Şuşinski, Məşədi Cəmil Əmirov, Qurban Pirimov, Məcid Behbudov, Bülbül, Zülfü Adıgözəlov, Xan Şuşinski və başqaları Qarabağ muğam məktəbini təmsil edirdilər. 
Muğam ifaçılığı onun bütün lad, melodik inkişaf qanunlarını tam şəkildə bilməyi, melizmlərlə zəngin bəzədilmiş melodiyanı oxumağı bacarmağı, hər bir şöbənin əsasını təşkil edən mühüm melodik ifadələri, keçidləri mənimsəməyi tələb edir. Təbiidir ki, bütün bunları öyrənmək üçün məktəb keçmək vacib şərtdir.

Əlamətdardır ki, muğam tədris edən ilk musiqi məktəbləri XIX əsrdə Şuşada yarandı. İlk məktəbi Şuşanın məşhur muğam bilicisi Xarrat Qulu yaratmışdı. O, istedadlı, yaxşı səsi olan uşaqları bu məktəbə cəlb edərək, onlara Şərq musiqisinin əsaslarını, muğamları, xalq mahnılarını öyrədirdi. O, dəstgahların şagirdlər tərəfindən düzgün oxunmasına, səsin saflığına xüsusi fikir verirdi. Lakin Xarrat Qulunun məktəbi əsasən dinə xidmət edirdi. O şagirdlərini dini ayinlərdə iştirak etmək üçün hazırlayırdı. Buna baxmayaraq, bu məktəb bir sıra ustad sənətkarların yetişməsinə səbəb olmuşdur. Şuşanın ən görkəmli xanəndələri Hacı Hüsü, Məşədi İsi, Əbdülbaqi Zülalov, Cabbar Qaryağdı oğlu, tarzən Mirzə Sadıq Əsəd oğlu həmin məktəbin yetirmələridir.
Xarrat Qulunun vəfatından sonra Şuşada musiqi məktəbində muğamın tədrisi işini Kor Xəlifə adlı musiqiçi, daha sonra Molla İbrahim davam etdirərək, yeni musiqiçilər nəslini yetişdirdi.
Muğamın bütün qanun-qaydalarını dərindən mənimsəyən, özündən əvvəlki sənətkarların yaradıcılığından bəhrələnən ifaçılar muğam bilicisi kimi ad qazanırdılar.
Muğam ifaçıları bu sənətin ənənələrini, sədaqətlə qoruyaraq, sonrakı nəsillərə ötürməklə yanaşı, həm də onları inkişaf etdirir, yeni melodiyalarla zənginləşdirirlər. Sənətdə özünəməxsus ifaçılıq üslubu, öz yolu olan sənətkarlar orijinal ifaçılıq məktəbləri yaratmışlar.

O dövrdə muğam ifaçılığı əsasən toy şənlikləri və ziyafətlərlə bağlı olmuşdur. XIX əsrin II yarısında Şuşada poeziya və musiqi məclisləri təşkil olunmağa başladı. Görkəmli Azərbaycan şairi Xurşud Banu Natəvan «Məclisi-üns», alim, şair, rəssam və musiqişünas Mir Möhsün Nəvvab «Məclisi-fəramuşan» yaratmışdır. Bu məclislərdə ədəbiyyata, rəssamlığa və musiqi sənətinə dair maraqlı söhbətlər aparılır, bəzən bu söhbətlər diskussiyalara çevrilirdi. Bu məclislər ziyafətlərdən və toy şənliklərindən fərqlənirdi. Burada musiqi sənətinin estetik problemlərinə daha çox diqqət yetirilirdi. Muğam dəstgahları təkmilləşdirilir, müxtəlif şöbə və guşələrlə zənginləşdirilir, yeni təsnif və rənglər yaradılırdı. Burada Şərq musiqisinin incəliklərinə bələd olan görkəmli musiqişünaslar xanəndələrin düzgün oxumasına və ustalığına xüsusi qayğı göstərirdilər. Musiqi məclislərində «Şur», «Rast», «Mahur», «Çahargah», «Bayatı-İsfahan» muğamlarının oxunması iki, bəzən də üç saat çəkərdi.
Həmin dövrdə muğam sənətinin inkişafı ilə əlaqədar olaraq, musiqi alətləri də təkmilləşdirilir. Bu baxımdan böyük tarzən Mirzə Sadıq Əsəd oğlunun fəaliyyəti diqqətəlayiqdir. Həmin dövrdə muğam ifaçılığında 5 simli və diz üstə çalınan İran tarı geniş istifadə olunurdu. Mirzə Sadıq Əsəd oğlu bu tarda islahatlar apararaq yeni Azərbaycan tarını yaratmışdı. Mirzə Sadığın yaratdığı tar 11 simli, 17 pərdəli musiqi alətidir. O, ilk dəfə olaraq, tarı sinə üstündə tutaraq çalmışdır. Bütün bu islahatlar nəticəsində tar yeni səslənmə əldə etmiş və yeni ifaçılıq üsulları meydana gəlmişdir. Muğam ifaçılığında məhz Azərbaycan tarı həm müşayiətedici, həm də solo alət kimi möhkəm yer tutmuşdur.

Qarabağ muğam məktəbinin özünəməxsus ifaçılıq xüsusiyyətləri mövcuddur. Qarabağ xanəndələri muğamatın oxuma üsullarına dərindən bələd olmağı ümdə şərt hesab edirdilər. İlk növbədə, xanəndədən geniş diapazonlu qüvvətli səs, həm pəsdən, həm də zildən eyni bacarıqla oxumaq qabiliyyəti tələb olunurdu. Onu da deyək ki, o dövrün xanəndələri içərisində ən geniş diapazonlu səsə Cabbar Qaryağdı oğlu malik olmuşdur. Onun səsi iki oktava yarım diapazonu həcmində olub, lirik-dramatik tenor idi. Bülbül dünyada məşhur olan italyan müğənnisi Karuzonun səsi ilə müqayisədə Cabbarın səsinin daha yüksək olduğunu qeyd etmişdir. Xanəndələrin ustalığı təkcə onun ifaçılıq tərzi və təfəkkürü ilə bağlı deyildi. Həmçinin, təkraredilməz oxu üslubu, şaqraq zəngulələr, uzun nəfəslər, improvizə bacarığı da vacib şərtləndəndir.
Qarabağ xanəndələrinin repertuarı geniş idi. Demək olar ki, bütün klassik muğamlar onlar tərəfindən ifa olunurdu: «Rast», «Şur», «Mahur», «Segah», «Humayun», «Şüştər», «Çahargah» «Bayatı-Şiraz» muğam-dəstgahları, «Qatar» muğamı, «Heyratı», «Qarabağ Şikəstəsi», «Osmani», «Mənsuriyyə» zərbi-muğamları və s. 
Qarabağ xanəndələrinin yaradıcılığından söz açdıqda daha bir cəhəti qeyd etmək lazımdır. Bu da xanəndələrin təsnif və xalq mahnıları yaratmasıdır. Belə ki, hal-hazırda xalq arasında məşhur olan «İrəvanda xal qalmadı», «Tiflisin yolları», xalq mahnılarının Cabbar Qaryağdı oğlu, «Şuşanın dağları» mahnısının Xan Şuşinski tərəfindən yaradıldığı məlumdur. Ümumiyyətlə, bəstəkarlıq istedadına malik xanəndələr çox idi.

XIX əsrin axırlarında xanəndəlik sənəti məclis, toy, şənlik çərçivəsindən çıxıb teatr və konsert salonlarına yol tapmışdır. İlk dəfə Tiflis və sonra Şuşa şəhərlərində teatr tamaşalarının fasilələrində xanəndə dəstələri böyük müvəffəqiyyətlə çıxış etmişdir. Bu da sonralar musiqili səhnəciklərin yaranmasına təkan verdi. Belə bir ideyanı ilk dəfə Şuşada görkəmli yazıçı (o zaman isə hələ Peterburq Universitetinin tələbəsi olan) Əbdürrəhim bəy Haqverdiyev həyata keçirdi. 1897-ci ildə «Məcnun Leylinin məzarı üstündə» adlı musiqili səhnəcik göstərildi. Bu, dahi şairimiz Məhəmməd Füzulinin «Leyli və Məcnun» poemasından sonuncu hissənin teatrallaşdırılmış musiqili ifası idi. Burada, ilk dəfə olaraq, teatr, poeziya və muğam qovuşdurulmuşdu. Tamaşanın iştirakçıları – xanəndələr muğam üstə poemanın mətnindən müəyyən parçaları ifa edirdilər.
Bu səhnəcik Azərbaycanın, hətta bütün Zaqafqaziyanın, musiqi həyatında əlamətdar hadisə oldu. O, Azərbaycanda musiqili teatrın inkişafı üçün zəmin hazırladı. 1908-ci ildə dahi bəstəkarımız Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» muğam operasının yaranmasına və ümumiyyətlə Şərqdə ilk operanın meydana gəlməsinə təkan verdi.

XX əsrin əvvələrindən başlayaraq, Bakının iqtisadi cəhətdən yüksəlişi mədəniyyət və incəsənət xadimlərinin bu şəhərdə cəmlənməsinə səbəb oldu. Bu da şəhərin teatr və konsert həyatını canlandırdı. Bakı mədəni mərkəz kimi öncül mövqe tutdu. Şuşada püxtələşmiş sənətkarlardan bəziləri öz fəaliyyətini Bakıda davam etdirirdilər. Buna baxmayaraq, onlar Şuşa ilə əlaqələrini kəsmir, yeni musiqiçilər nəslinin yetişməsinə yardım edirdilər. Onlar öz ənənələrini, sənətkarlıq sirlərini yeni gələn nəslə, Qarabağ məktəbini davam etdirən gənc ifaçılara aşılayırdılar. Qeyd etmək lazımdır ki, Qarabağ musiqiçilərinin yaradıcılığında muğam məktəbinin ənənələri indiyə kimi yaşayır və nəsildən-nəslə ötürülür.
Eyni zamanda, xanəndələr dövlət tərəfindən açılan musiqi məktəblərində sənət müəllimi kimi də geniş fəaliyyət göstərmişlər. 1920-ci illərdə Şərq konservatoriyasında, daha sonralar Bakı Musiqi Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasında (Bakı Musiqi Akademiyasında), hal-hazırda isə Milli Konservatoriyada, Mədəniyyət və İncəsənət Universitetində klassik xanəndələrin yolu ilə muğam sənəti tədris olunur.
Xanəndəlik sənətinin inkişafından danışarkən, milli musiqiçilərin qrammafon vallarını xüsusi qeyd etmək lazımdır. Çünki klassik xanəndələrin səslərini qoruyub yaşadan qrammafon valları xalqımızın mədəni sərvətləridir. Bu vallar Azərbaycan musiqisinin təbliğində və dünya miqyasında tanınmasında müstəsna rol oynamışdır.

1900-1916-cı illər ərzində «Qrammofon», «Pate», «Sport-Rekord», «Ekstrafon», «Noqin» zavodu və başqa səsyazma firmaları məşhur Azərbaycan müğənnilərinin səslərini vala köçürmüşlər. Şərq musiqisi tarixində ilk dəfə səsi qrammafon valına yazılmış xanəndə Cabbar Qaryağdı oğlu olmuşdur. Ondan sonra Qarabağ xanəndələrindən Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev və başqalarının səsləri qrammafon vallarına yazılmışdır. 
Muğamların və xalq musiqisi nümunələrinin qrammafon vallarına yazılması onların elmi surətdə öyrənilməsinə də yollar açmışdır. Bu baxımdan 1932-ci –1943-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Bülbülün rəhbərlik etdiyi Elmi-tədqiqat musiqi kabinetinin fəaliyyəti diqqətəlayiqdir. Bu kabinetdə məşhur xanəndələrin ifasında muğam, təsnif, xalq mahnı və rəqsləri, aşıq yaradıcılığı nümunələri fonovaliklərə yazılmışdır. Sonradan həmin nümunələr kabinetin əməkdaşları tərəfindən nota salınmış, kataloqlaşdırılmış və çap olunmuşdur ki, bunun da böyük elmi əhəmiyyəti vardı. Çünki həmin materiallar musiqişünasların tədqiqat obyektinə çevrilmişdir. Bu kabinetlə bir sıra xalq musiqi ifaçıları əməkdaşlıq etmişlər. Onların arasında Cabbar Qaryağdı oğlunun xidmətləri xüsusi qeyd olunmalıdır. Onun ifasından 200-ə yaxın xalq mahnısı və təsnif fonovaliklərə yazılmış və bir hissəsi də Səid Rüstəmov tərəfindən nota salınaraq çap edilmişdir.
Beləliklə, xalqın dünyagörüşünün, dünyaduyumunun ifadəsi olan muğam ifaçıların yaradıcılığında cilalanaraq, muğam məktəblərində təkmilləşərək, bizim günlərə gəlib çatmışdır. Muğam bu gün də qarabağlılar arasında şifahi ənənəli professional musiqi janrı kimi milli musiqi mədəniyyətimizin bünövrəsini təşkil edir, yaşayır, muğam ifaçılarının yaratdığı sənət inciləri bütün dünyaya yayılır, və eyni zamanda, gələcək nəsillərə ötürülür.



Oxunub: 55014