Baş səhifə   » DÖVLƏT QAYĞISI    » Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı   

Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı

  



Azərbaycan Respublikasının iqtisadi-siyasi gücü artdıqca dövlət bir vaxtlar ən ağır problem olan  qaçqın və məcburi köçkünlərin qayğıları ilə daha yüksək səviyyədə məşğul olmağa başlamışdır. Belə ki, əgər 2003-cü ilə qədər bu məsələdə xarici humanitar təşkilatların rolu daha böyük idisə, prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan artıq qaçqın  və  məcburi köçkünlərin bütün problemlərini özü müstəqil həll edə bilən iqtisadi gücə malik bir ölkəyə çevrildi. 
Prezident  İlham Əliyevin prezidentliyi dövründə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə dair bir Dövlət Proqramı və ona iki əlavə qəbul edilmiş, ümumilikdə 45 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 141 qərar və sərəncam, Milli Məclis isə 9 qanun qəbul etmişdir.
Hələ 1998-ci ildə Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin sərəncamına əsasən “Qaçqınların və Məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. 1999-cu ildə isə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə dünya təcrübəsində ilk olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil edilmişdir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2004-cü il 1 iyul tarixli 298 saylı sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Məhz bu proqram və orada nəzərdə tutulmuş geniş tədbirlər ölkədəki qaçqın və məcburi köçkünlərə daim dövlət qayğısının bir daha əyani təsdiqidir.
Ümumilikdə Dövlət Proqramında 22921 ailə - 110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min iş yerinin (onlardan 25 mini inşaat işlərində, 5 mini isə yeni təşkil olunacaq kiçik sexlərdə) yaradılması nəzərdə tutulmuşdur.
Ötən 3 il ərzində çadır düşərgələrinin ləğvi dövlətin prioritet məsələsi olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 4 fevral tarixli 80 nömrəli Sərəncamına və yeni Dövlət Proqramına uyğun olaraq Dövlət Neft Fondundan ayrılan vəsait hesabına sifarişçi təşkilat olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Ağdam rayonunda 12 və Ağcabədi rayonunda 1 qəsəbənin tikintisi başa çatdırılmış, məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsi və 4 çadır düşərgəsinin ləğv edilməsi təmin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2006-cı il martın 1-də təməli qoyulmuş Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksinin tikintisi 2007-ci ildə başa çatdırılmışdır. Ağdam və Ağcabədi rayonlarında yeni salınmış qəsəbələrdə ümumi sahəsi 190632 kv.metr olan 3860 yaşayış evi ilə yanaşı, 15 məktəb binası, 5 uşaq bağçası, 1 xəstəxana, 9 tibb məntəqəsi, 8 klub-icma mərkəzi, 7 poçt və rabitə şöbəsi, 11 hamam, 10 inzibati bina, 1 yanğın postu tikilmiş, 113,8 km yol, 139,2 km su xətti, 43,2 km qapalı irriqasiya sistemi, 211,9 km elektrik hava xətti çəkilmiş, 124 artezian quyusu qazılmışdır. Burada inşaat işlərinə respublikanın 30-dan artıq şəhər və rayonundan təxminən 20 min nəfər cəlb olunmuşdur.
Bundan başqa, Naxçıvan Muxtar Respublikasında 100 qaçqın və məcburi köçkün ailəsi üçün yaşayış evləri tikilib istifadəyə verilmiş, Saatlı rayonunda Yunanıstanın Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycan sektorunun tikintisini həyata keçirən «Contractors İnternational Company» (CCİC) şirkətinin vəsaiti hesabına salınmış 100 ailəlik qəsəbəyə məcburi köçkünlərin köçürülməsi təmin edilmişdir.

Ümumiyyətlə, 2001-2009-cu illərdə Dövlət Neft Fondundan (612.9 milyon manat) və digər mənbələrdən (33.2 milyon manat) ayrılan 646.1 milyon manat vəsait hesabına 18190 ailə 81,8 min nəfər daimi məskunlaşmamış qaçqın və məcburi köçkünlər üçün 10168 min kv.metr sahəsi olan 63 qəsəbə və fərdi evlər, həmçinin 123 məktəb, 4 musiqi məktəbi, 37 uşaq bağçası, 45 tibb müəssisəsi, 33 rabitə evi tikilmiş, 542 km yol, 645 km su xətti,1007 km hava elektrik xətti çəkilmiş, 81,5 km qaz, 33,1 km kanalizasiya, 1,27 km istilik xəttləri çəkilmiş, 11 min hektarda irriqasiya işləri aparılmış, 537 müxtəlif gücə malik elektrik transformatoru quraşdırılmışdır. O cümlədən, Ermənistandan qaçqın düşmüş soydaşlarımızın məskunlaşdırılması üçün respublikanın müxtəlif şəhər və rayonlarının ərazilərində 1330 ev tikilərək onların istifadəsinə verilmişdir. Yeni qəsəbələrə köçürülmüş məcburi köçkünlərə Nazirlər Kabinetinin qərarı ilə kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün müəyyən edilmiş miqdarda əvəzsiz maliyyə yardımı verilir. 
1993-2009-cu illərdə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı dövlət büdcəsindən ayrılan vəsaitlər:
1. 1993-2003-cü illər (240,1 mln manat)
2.  2004-2009-cu illər  (729,2 mln manat)
2001-2009-cu illərdə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı Dövlət Neft Fondundan ayrılan vəsaitlər:
1. 2001-2003-cü illər    (58,5 mln manat )
2. 2004-2009- cu illər    (554,4 mln manat)
2004-2009-cu illərdə məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı ümumilikdə ayrılan vəsaitlər:
1. Məcburi köçkünlərə dövlət büdcəsindən ayrılan saxlanılma xərcləri ( 729,2 mln manat)
2. Dövlət Neft Fondundan  (554,4 mln manat)
3. Digər mənbələr (41,7 mln manat)
4. Dövlət Neft Şirkəti (18,8 mln manat)
5. Dövlət büdcəsindən ayrılan investisiya  xərcləri (13,347 mln manat)

Görülən tədbirlər nəticəsində Azərbaycanda mövcud olmuş 12 çadır düşərgəsindən 2003-cü ildə Biləsuvar rayonu ərazisindəki 5-i, 2006-cı ildə isə Bərdə və Ağcabədi rayonlarındakı 4-ü ləğv edilmişdir. Saatlı və Sabiradbad rayonları ərazisindəki qalan 3 çadır düşərgəsinin ləğvi üzrə müvafiq işlər aparılmışdır.
Bakı şəhəri, Sabunçu rayonu ərazisindəki «Qərənfil» sanatoriyasında müvəqqəti məskunlaşmış 39 məcburi köçkün ailəsi üçün 2006-cı ilin oktyabrında Abşeron rayonunun Mehdiabad qəsəbəsində fərdi evlər tikilərək istifadəyə verilmişdir.
Bakı şəhəri, Əzizbəyov rayonu ərazisindəki «Zuğulba» sanatoriyasında müvəqqəti məskunlaşmış 450 məcburi köçkün ailəsi üçün Sabunçu rayonu, Ramana qəsəbəsində salınmış yeni qəsəbənin 2007-ci il 4 may tarixdə açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak və çıxış etmişdir.
2007-ci il 4 sentyabr tarixdə Azərbaycan Respublikası Prezidentinin yanında bütün aidiyyatı nazirlik, komitə və şirkət rəhbərlərinin iştirakı ilə qaçqınların və məcburi köçkünlərin problemlərinə həsr olunmuş müşavirə keçirilmişdir.
Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı dövlət tərəfindən ayrılan vəsaitin həcmi ilbəil artırılır. Təkcə 2009-cu ildə bu məqsədlə 309,9 mln manat vəsait ayrılmışdır.
2009-cu ildə 1747 nəfər qaçqın və məcburi köçkün işlə təmin edilmiş,  563 nəfərə işsiz statusu verilmiş, 680 nəfərə işsizlik müavinəti təyin edilmiş , 467 nəfər peşə hazırlığı kurslarına və 253 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilmişdir.

2010- cu ildə isə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə 339,1 milyon manat vəsait sərf edilmişdir (207,1 milyon manat büdcə, 105 milyon manatı Dövlət Neft Fondunun, 27 milyon manatı isə beynəlxalq humanitar və inkişaf təşkilatlarının vəsaitidir). Dövlət büdcəsində xərclənməsi nəzərdə tutulmuş 207,1 milyon manat vəsaitdən 202,0 milyon manatı cari il ərzində təyinatı üzrə xərclənmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev 2010-cu il fevralın 27-də Qəbələ rayonu ərazisində 155 məcburi köçkün ailəsi üçün tikilmiş iki beşmərtəbəli binanın, 2010- cu il noyabrın 10-da Yevlax rayonu ərazisində 612 məcburi köçkün ailəsi üçün tikilmiş çoxmərtəbəli binalardan ibarət (10 ədəd 5 mərtəbəli binaların, 440 şagird yerlik məktəbin, 50 yerlik uşaq bağçasının və s.) məhəllənin, 2010- cu il noyabrın 11-də Ağdam rayonu ərazisində 689 məcburi köçkün ailəsi üçün (rayondakı fin qəsəbəsində məskunlaşmış 651 və məktəb binalarında 38 məcburi köçkün ailələri üçün) Quzanlı qəsəbəsinin yaxınlığında tikilmiş yeni qəsəbənin, Füzuli rayonunun Horadiz şəhərində tikilmiş yeni Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak və çıxış etmişdir. Hazırda məcburi köçkün ailələrinin həmin çoxmərtəbəli binalarda olan mənzillərə və qəsəbədəki evlərə köçürülməsi təmin edilmişdir.
2010-cu ildə Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar Goranboy rayonu ərazisində 164 məcburi köçkün ailəsi üçün tikilən 3 ədəd (2 ədəd 60 mənzilli və 1 ədəd 45 mənzilli) beşmərtəbəli yaşayış binalarının və 360 şagird yerlik məktəbin tikintisi başa çatmışdır. İmişli rayonunun inzibati ərazisində isə 500 məcburi köçkün ailəsi üçün qəsəbə salınması məqsədi ilə 100 hektar torpaq sahəsi ayrılmışdır. 
2010-cu ildə Ağcabədi rayonu üzrə (rayondakı fin qəsəbələrində məskunlaşmış 994 və məktəb binalarında məskunlaşmış 114 məcburi köçkün ailələri üçün cəmi -1108 ailə): bundan Laçın rayonundan olan 552 ailə üçün yeni qəsəbənin salınması, digər rayonlarından olan 556 ailə üçün çoxmərtəbəli evlərin tikintisi) torpaq sənədləri və texniki şərtlər alınmışdır. 
Bundan əlavə, Bakı Dövlət Universitetinin 7 yataqxanasında məskunlaşmış 758 məcburi köçkün ailəsinin çoxmərtəbəli yaşayış binaları tikilməklə köçürülmələri üçün Abşeron rayonunun Masazır kəndi ərazisində 12 ha torpaq sahəsi ayrılmışdır. Yeni məhəllənin müvafiq mühəndis kommunikasiyalarla təmin edilməsi üçün Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən aidiyyəti təşkilatlara müraciətlər edilmiş və texniki şərtlər alınmışdır.

2011-ci il 21 fevralda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” yeni sərəncam imzalamışdır. 
Ümumilikdə 2011-ci ildə 7 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 12 qərar və sərəncam, Milli Məclis isə 1 qanun qəbul etmişdir. 2011-ci ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 500 milyon ABŞ dolları məbləğində vəsait xərclənmişdir. Həmin vəsaitin 295 milyonu büdcə, 175 milyonu Dövlət Neft Fondunun və 30 milyonu isə beynəlxalq humanitar təşkilatların vəsaiti olmuşdur. 
2011-ci ildə Ağcabədi rayonu ərazisində 560 məcburi köçkün ailəsinə beşmərtəbəli 10 yaşayış binasının və rayonun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin, Goranboy rayonu ərazisində 525 ailəlik beşmərtəbəli 9 yaşayış binasının, Heydər Əliyev Mərkəzinə yaxın yataqxanada çox acınacaqlı vəziyyətdə məskunlaşmış məcburi köçkünlərə Sabunçu rayonunun Ramana qəsəbəsində 80 mənzilli binanın tikintisi başa çatdırılmış, həmçinin Bakı şəhəri ərazisində dövlət ehtiyacları ilə əlaqədar 406 məcburi köçkün ailəsinə Maliyyə Nazirliyinin xətti ilə hazır mənzillər alınmaqla köçürülməsi təmin edilmişdir.  
“Naftalan şəhərinin sosial inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamın icrası ilə əlaqədar Naftalan şəhərindəki bütün məcburi köçkün ailələrinin Goranboy rayonu ərazisində salınmış beşmərtəbəli 12 yaşayış binasından ibarət yeni məhəllədəki 690 mənzilə köçürülməsi tamamilə başa çatdırılmışdır. 
Eyni zamanda, investisiya vəsaiti hesabına Füzuli rayonunun Haramı ərazisində 80 evin bərpası, Qazax rayonunda konserv zavodu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 24 evin, həmçinin Axıska türklərinə məxsus tikintisi yarımçıq qalmış 52 evin inşası başa çatdırılmışdır. İndiyədək Axıska türklərinə məxsus 324 evin inşası başa çatdırılmış və bundan sonra da bu layihə davam etdiriləcək. Beləliklə, il ərzində 2120 ailənin - 10 600 nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.



Oxunub: 45285