Baş səhifə   » AZƏRBAYCAN    » Azərbaycan Respublikasının prezidenti   

Azərbaycan Respublikasının prezidenti

  



İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərində 6 nömrəli orta məktəbdə oxumuşdur. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olmuş, təhsilini başa vurduqdan sonra 1982-ci ildə həmin institutun aspiranturasına daxil olmuşdur. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi almışdır. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləmişdir. 
1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışmışdır və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olmuşdur. Eyni zamanda, 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir. Bu sahədəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir.
İlham Əliyev 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilmişdir. 1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur. 2003-cü ilin yanvar ayında AŞPA sədrinin müavini və Büro üzvü seçilmişdir. 
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir. 
2008-ci il oktyabrın 15-də İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 
Prezident İlham Əliyev Azərbaycanın və bir çox xarici ölkələrin nüfuzlu orden, medal və fəxri adlarına layiq görülmüşdür:
• Heydər Əliyev ordeni (Azərbaycan Respublikası);
• Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı (Türkiyə); 
• Rumıniya Ulduzu Ordeni (Rumıniya);
• Kral Əbdüləziz Ordeni (Səudiyyə Ərəbistanı Krallığı);
• Şərəf Ordeni (Gürcüstan);
• “Şərəf Legionunun Böyük Xaçı” Ordeni (Fransa);
• Şeyxülislam Ordeni (Azərbaycan Respublikası);
• Rusiya Pravoslav Kilsəsinin “Prepodobnıy Serqiy Radonejskiy” birinci dərəcəli Ordeni;
• “Böyük Kordon” Şərəf Ordeni (Beynəlxalq Hərbi-İdman Şurası);
• MDB ölkələrinin İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının “Şərəf Ordeni”;
• FİLA-nın Şərəf Zalının ən yüksək “İdman Əfsanəsi” ordeni;
• Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç Ordeni; 
• Bakı Dövlət Universitetinin Fəxri doktoru (Azərbaycan);
• Linkoln Universitetinin Fəxri Doktoru (ABŞ);
• Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin Fəxri Doktoru;
• L.N.Qumilyov – Avrasiya Milli Universitetin Professoru (Qazaxıstan);
• Bilkənt Universitetinin Fəxri Doktoru (Türkiyə);
• Vergilər üzrə Milli Akademiyanın Fəxri Doktoru (Ukrayna);
• Ploesti Neft və Qaz Universitetinin Fəxri Doktoru (Rumıniya);
• Milli və Dünya İqtisadiyyatı Universitetinin Fəxri Professoru (Bolqarıstan);
• Kyung Hee Universitetinin Fəxri Doktoru (Cənubi Koreya);
• İordaniya Universitetinin Fəxri Doktoru (İordaniya);
• Korvinus Universitetinin ictimai elmlər üzrə fəxri doktoru (Macarıstan);
• M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəxri professoru (Rusiya Federasiyası)


İ. Əliyevin prezidentlik dövründəki (2003- cü ildən hal-hazıra qədər) əsas xidmətləri:
• Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafi Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında fərman imzalanmışdır;
• Azərbaycanda 1 milyon iş yeri açılmışdır;
• “Heydər Əliyev” ordeni təsis edilmişdir;
• “Azərbaycan Respublikasının Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrin həyata keçirilməsi haqqında” sərəncamlar imzalanmışdır;
• Təbrizdə Azərbaycan konsulluğu açılmışdır;
• Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan hissəsi işə salınmışdır;
• Bakıda Dünya azərbaycanlılarının II və III qurultayları keçirilmişdir;
• “Azəri-Çıraq-Günəşli” yataqlarının "Mərkəzi Azəri" hissəsində ilk neft hasilatına başlanmışdır;
• Qaçqın və məcburi köçkün ailələr üçün qəsəbələr salınmış, çadır şəhərcikləri ləğv edilmişdir;
• Bakı şəhərində nəhəng körpülərin salınması işinə başlanılmışdır;
• Ölkənin hər yerində nəhəng infrastruktur layihələrin - Olimpiya idman-komplekslərinin inşası böyük vüsət almışdır;
• Tarixi “İpək yolu”nun bir hissəsi olan avtomobil yollarının Azərbaycan hissəsində nəhəng təmir və yenilənmə işlərinə başlanılmışdır;
• Ölkədə dövlət əhəmiyyətli obyektlərin genişmiqyaslı təmiri və bərpası işlərinə başlanılmışdır;
• Paytaxt Bakının içməli su təchizatını yaxşılaşdırmaq üçün 262 kilometr uzunluğunda Oğuz-Qəbələ-Bakı su kəməri çəkilmişdir.



Oxunub: 46216