Baş səhifə   » MEMARLIQ    » Qarabağın memarlığı haqqında    » XVIII-XIX əsrlər  

XVIII-XIX əsrlər

  


XVIII-XIX əsrlərdə Qarabağ memarlığı iki yöndə - yaşayış məskənlərinin memarlıq-plan quruluşunda mühüm yer tutan bina kompozisiyası prinsipləri və Avropa memarlığı ənənələri əsasında inkişaf edirdi. Qarabağ ustalarının inşa etdikləri binaların kompozisiya quruluşunun əsasını ənənəvi memarlıq formaları təşkil edirdi. 
Qarabağ xanlığı dövru XVIII əsr memarlığın inkişafında xüsusi bir mərhələ olmuşdur. Pənah xanın və onun oğlu İbrahim xanın hakimiyyəti illərində Qarabağda böyük abadlıq, inşaat işləri aparılmışdır. Ardı-arası kəsilməyən xarici hərbi hücumlardan qorunmaq üçün Pənah xan yerli memarların və inşaatçıların qüvvəsilə möhtəşəm müdafiə qalaları tikdirmişdi.
O dövrdə qarabağ xanlarının yanında vəzir işləmiş Mirzə Camal Cavanşirin “Qarabağ tarixi” əsərində bu qalaların tikilməsi barədə maraqlı və ətraflı məlumatlar vardır. Qarabağın Kəbirli mahalında 1747-1748-ci illərdə Bayat qalası ucaldılmışdır. 1751-1752-ci illərdə Tərnəküəsr qalalarına məxsus əzəmətli stildə məhşur Şahbulaq Qalası tikilmişdir. Qarqarçayın sağ və sol sahillərində iki istehkamdan ibarət Əskəran qalası inşa edilmişdir. El arasında "Əsgəran qalası" adı ilə tanınan bu səddi XVIII əsrdə Pənahəli xan öz xanlığının şərq sərhəddində tikdirmişdi. Dərbənd səddi Şirvanın şimal qapısı idisə, Əsgəran səddi də Qarabağ xanlığının şərq qapısı idi.Artmaqda olan xarici hərbi təcavüz təhlükəsi qarşısında qalan Pənah xan dağın zirvəsində, keçilməz yerdə elə bir alınmaz şəhər-qala tikdirmək istəyirdi ki, onu ən güclü düşmən belə mühasirə edib, ala bilməsin. Nəhayət 1756-1757-ci illərdə uca bir dağın başında Şuşa qalası salındı. Qala o dövrün ən möhtəşəm müdafiə qurğularından biri olmuşdur. Şuşa 1757-ci ildən 1822-ci ilədək Qarabağ xanlığının paytaxtı olmuşdur.
XIX yüzildə Qarabağ memarlığı daha çox dini və mədəni-məişət binaları ilə təmsil olunurdu. Bu dövrdə yaşayış binaları istisna olmaqla, ən xarakterik bina tipi məhz ticarət binaları idi. Belə binalardan çox vaxt həm ticarət müəssisələri, həm də sənətkarlıq emalatxanası kimi istifadə edilirdi. Şuşadakı ticarət dükanları sırası bu tipli tikililərin ən bitkin örnəklərindəndir.
Qarabağda XIX yüzilin I yarısında irihəcmli və monumental dini binalar tikilmişdi. Bu dövrdə Azərbaycanda keçmiş ənənələri müəyyən dərəcədə davam etdirən məhəlli xarakterli memarlıq məktəbləri yarandı. Məscid binalarının xarici simasının səciyyəvi xüsussiyyətləri Gəncə-Qarabağ memarlıq məktəbini Azərbaycanın digər bölgələrindən fərqləndirən xüsusiyyət rolunu oynadı.
Milli memarlıq abidələri ilə zəngin olan və sabit memarlıq ənənələrinə malik Qarabağ zonasında Avropa memarlığı dərin kök sala bilməmiş, yerli üslublar arasında itib-batmışdı. XIX yüzilin ortalarında Qarabağda özünəməxsus memarlıq məktəbi yaranmış və onun ən görkəmli nümayəndəsi Kərbəlayı Səfixan Qarabaği olmuşdur. Memarlıq üsullarında yerli ənənə və prinsiplərə axıradək sadiq qalan Kərbəlayi Səfixan Bərdədə İmamzadə kompleksini yenidən qurmuş (1868), Ağdamda məscid (1868-70), Şuşada Aşağı məscid (1874-75), Yuxarı məscid, yaxud Cümə məscidi (1883) və məhəllə məscidləri, indiki Füzuli şəhərində Hacı Ələkbər məscidi (1890), həmin rayonun Horadiz (1891-1908) və Qoçəhmədli (1906) kənd məscidləri Oddesada Tatar məscidi (1870 illər), Aşqabadda "Qarabağlılar" məscidi (1880 illər) və s. binaları tikdirmişdir.
Fabrik, zavod, ambar binaları, liman, körpü, vağzal və s. tikintisi Qarabağ üçün yeni olan sənaye-nəqliyyat qurğuları memarlığının yaranmasına səbəb oldu. 
Azərbaycan Qarabağ torpaqlarında tariximizin müxtəlif dövrlərinə aid memarlıq abidələri dünya memarlıq xəzinəsinin qiymətli inciləridir.



Oxunub: 22000