Baş səhifə   » FACİƏLƏR    » 1905-07-ci il soyqrımı   

1905-07-ci il soyqrımı

  



Rus-yapon müharibəsində məğlub olmuş Rusiya imperiyasında xalq çıxışlar və o cümlədən milli azadlıq hərəkatları
baş verdi. Bu iki amilin qarşısını almaq üçün çar Rusiyası rus şovinizmi dirçəlişi və xalqları bir-birinə qırdırmaq siyasəti həyata keçirməyə başladı. Bu siyasəti birinci növbədə Qafqazda həyata keçirmək labüd sayıldı. Belə bir vəziyyətdən ermənilər istifadə etməyə vaxt və şərait tapdılar. Çar Rusiyası erməniləri gizli surətdə silahlandırdı və tarixdə belə adlanan «erməni-müsəlman davası» təşkil etdi. Azərbaycanlılarla ermənilər arasında ilk toqquşma Bakı şəhərindən başlayaraq Şuşaya, Zəngəzura, İrəvan, Tiflis, Naxçıvan, Ordubad Eçmiədzin, Cavanşir, Qazax qəzalarına yayıldı. 
XX əsrin əvvəlindən bəri, "erməni məsələsi" Cənubi Qafqazda partlamağa hazır olan bir barıt çəlləyinə dönmüşdü.
1905-ci ildə Qafqazda türklər yaşayan kəndlərin sayı 5.910 idi. İrəvan quberniyasında 860, Yelizavetpol quberniyasında 1.173, Bakı quberniyasında 1.111 müsəlman-türk kəndinin olması erməni şovinistlərini bərk narahat edirdi. Ümumiyyətlə, XX əsrin əvvəllərində Cənubu Qafqazda 54 qəza vardı. Bunlardan cəmi beşində ermənilər üstünlük təşkil edirdilər. Buna görə də, erməni silahlı dəstələri azərbaycanlılar yaşayan kəndlərə hücum edir, əhalini qırır, qovur və beləliklə say üstünlüyünə nail olmağa çalışırdılar ki, gələcəkdə muxtariyyat, müstəqil erməni dövləti yaratmaq imkanı əldə edə bilsinlər. Bu kəndlərin, bu torpaqların ermənilərə qalmasının yeganə yolunu daşnaqlar silahlı toqquşmada görürdülər. Məhz bu məqsədlə də onlar Şimali və Cənubi Azərbaycanın müxtəlif bölgələrində yerli dövlət və erməni təşkilatları erməniləri silahlandırır və azərbaycanlılara qarşı savaşa təhrik edirdilər.
Hərtərəfli hazırlıq gördükdən sonra ermənilər 1905-ci il fevralın ilk günlərindən Bakıda qırğın törətdilər; çox keçmədən İrəvanda iğtişaşlar kütləvi xarakter aldı. Naxçıvan, Zəngəzur erməni silahlı dəstələrinin hücumlarına məruz
qaldılar. Kəndləri dağıdır, yandırır, günahsız insanları qılıncdan keçirirdilər. Yerli əhali ata-baba yurdunu tərk etməyə, qaçqınçılıq yolunu tutmağa başladılar. İrəvandan göndərilən bir xəbərdə deyilirdi: «Hər tərəfdən qəbiristanlığa cənazələr gətirilir. Çoxu müsəlmandır. Ölənlər və yaralananların sayı artmaqdadır. Bütün günü atəş səsləri eşidilməkdədir. Bir tatarın evinə bomba atıblar, 24 nəfər ölüb və yaralanıb. Təpəbaşı məhəlləsində tatarların evlərini bombalayıblar, çoxlu adam tələf olub. Zəngi dərəsində öldürülənlər çoxdur. Azərbaycanlılar küçəyə çıxmaqdan qorxurlar. Çoxları şəhəri tərk edib.».  Məqsəd də elə şəhəri tərk etdirmək idi. «Erməni məsələsi» XX əsrin əvvəlində adətən bu yolla həll edilirdi. Təkcə İrəvan şəhərində deyil, quberniyanın azərbaycanlılar yaşayan bütün şəhərlərində vəziyyət belə idi. Eçmiədzin qəza rəisinin verdiyi bir xəbərdə deyilirdi: «800 Toroslu erməni müsəlman kəndinə hücum edib. Kəndi darmadağın ediblər. 53 nəfəri öldürüb və yandırıblar. 27 nəfər yaralanıb. 255 kəndin bütün ot tayaları, taxıl zəmiləri yandırılıb.» Həmin xəbərdə deyilirdi: Daşnaqsütyun partiyası üzdə barışıq üçün hər iki xalqa müraciət etsə də, altdan-üstdən terrorçuluq əməllərini həyata keçirməkdədir.»

Ümumiyyətlə, 1905-1906-cı illərdəki erməni-müsəlman davasında İrəvan və Yelizavetpol quberniyalarında 200-dən artıq kəndi ermənilər yerlə yeksan etmiş və əhalisini soyqırıma məruz qoymuşlar. «Daşnaqsütyun» partiyasının liderləri “erməni məsələsi” ni həll etmək, «Böyük Ermənistan» xülyasını reallaşdırmaq üçün bütün yerli təşkilatlara göstəriş göndərərək tələb etmişdi ki, İrəvan, Gəncə və Qarabağ mahallarında olan bütün türk kəndlərini viran qoysunlar, bu kəndləri yerli əhalidən, yəni azərbaycanlılardan birdəfəlik təmizləsinlər.
1905-1906-cı illərin erməni-müsəlman qırğınlarına həsr olunmuş «Qanlı sənələr» əsərində görkəmli yazıçı M.S.Ordubadi yazırdı: «1905-ci il iyun ayının 9-da ermənilər azərbaycanlılar yaşayan Təkiyə kəndinə hücum etmişlər.
Müsəlmanlar tamamilə silahsız, ermənilər isə mükəmməl silahlı olmuşlar. Ona görə də kəndin sakinləri kəndi boşaldıb, arvad uşaqlarını götürüb dağlara çıxmışlar. Axund Məhəmməd Əli Mirzə Əbdülhüseyn Qazızadənin böyük imarətinə od vurulmuş, iki yüz cild Quran və müqəddəs kitablar da yandırılmışdı. Eçmiədzində 9 məşhur azərbaycanlı kəndi dağıdılsa da hökumət heç bir tədbir görməmişdi.». 
Azərbaycanlı kəndlərinin dağıdılması eyni zamanda çar hökumətinin istəyi idi. Çar məmurları da milli ədavəti qızışdırmaqla bir tərəfdən canlanmaqda olan azadlıq hərəkatının boğulmasına, digər tərəfdən də boşaldılmış müsəlman
kəndlərində xristianların məskunlaşmasına imkan yaradırdılar. Elə həmin gün ermənilər Xələc, Saldaşı, İncəvar, Daşnov kəndlərini dağıdıb viran qoymuş, əhaliyə divan tutmuşlar. Qaçıb xilas olanlar Qatar kəndinə pənah gətirmişlər. Lakin 1906-cı il avqust ayının 1-də ermənilər hər tərəfdən Qatar kəndini mühasirəyə alıb atəşə tutmuşlar.
Erməni şovinistləri 750 evdən, 3.500 nəfərdən ibarət Qatar kəndini dağıtdıqdan sonra, Oxçu çayı sahillərində yerləşən türk kəndlərini viran edib, Zəngəzur qəzasının açarı olan Oxçu, Şabadin, Aralıq, Pirdavdan və Atqız kəndlərini qarət etmişlər. 
Meydana çıxan həm də «Böyük Ermənistan» xülyasını gerçəkləşdirmək yolunda «Daşnaqsütyun» və «Hnçak» partiyasının yeritdikləri amansız siyasətin mahiyyəti idi. «Türksüz Ermənistan»a nail olmaq üçün ən qatı millətçilikdən, ən qəddar vəhşilikdən istifadə etmək bu partiyaların mübarizə şüarı olmuşdur.
Müsəlman qırğınının dəhşəti bütün Qafqazı, İranı və Şərqi Anadolunu bürümüşdü. Bu münasibətlə Gəncə qubernatoru 1907-ci il avqustun 9-da Peterburqa məlumat verirdi ki, zavallı müsəlman kəndlilərinin üzərinə «təqribən yüzminlik ordu göndərmiş, Türkiyədən olan qaçqınlar və ancaq insan öldürməyə adət etmiş yerli başkəsənlərin demək olar, hamısı bu orduya qoşulmuşdur.
Ümumiyyətlə, Qərbi Azərbaycanda olan 18 mahalda elə bir kənd, elə bir məntəqə yox idi ki, erməni təcavüzünə məruz qalmasın. Dərələyəz mahalının XIX əsrin axırlarından etibarən 154 kəndi vardı ki, bunlardan 45 kənd 1905-1907-cı illərdə yerlə-yeksan edilmişdir. Digər kəndlərin əhalisi isə İrana, Azərbaycana və Naxçıvana qaçmışlar. Yollarda erməni gülləboranından 200 nəfər qətlə yetirilmişdir .



Oxunub: 40576