Baş səhifə   » XALQ SƏNƏTKARLIĞI    » Qarabağ xalçaları   

Qarabağ xalçaları

  



Azərbaycan xalçaçılığının bir qolu olan Qarabağ xalçaçılığının 33 kompozisiyası mövcuddur. Bu xalçalar həyat eşqi və parlaq koloriti ilə seçilirlər. Onlar dörd qrupa bölünürlər: medalyonsuz, medalyonlu, namazlıqlar və süjetli.
Azərbaycanın cənub - qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda - dağlıq və aran zonalarında inkişaf etmişdir. 
XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Çanaxça, Tuğ, Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Dağ Tumas kəndləri əsas rol oynayırdılar. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər mövcud olmuşdur. Öz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə daxildirlər. "Aran", "Bağçadagüllər", "Balıq", "Buynuz", "Bərdə", "Bəhmənli", "Qarabağ", "Qoca", "Qasımuşağı", "Ləmbərani", "Muğan", "Talış", "Ləmpə", "Malıbəyli", "Xanqərvənd", "Xanlıq", "Xantirmə", "Çələbi", "Şabalıdbuta", və s. çeşidili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. 
Qarabağ xalçaçılıq məktəbində süjetli xalçaçılıq özünəməxsus üslubda inkişaf etmişdir. Qərbi Avropa rəngkarlığının təsvirindən azad olan bu xalçaçılıq sənəti kökləri əsrlərin dərinliklərinə, xalqın psixologiyasına gedib çıxan dekorativ tətbiqi sənətin təşkilinin əzəli bədii prinsiplərini bərqərar edirdi. Çox fiqurlu kompozisiyalarda motivlərin nəql şəklində təfsirindən şüurlu surətdə imtina edilməsi simvolikanın və həyat hadisələrinin qrafik şərhinin güclənməsi-bunlar Şimali Azərbayacan, xüsusilə Qarabağ xalçalarında ən xarakterik cizgilər idi

Buynuz
«Buynuz» adı alan xalçalar Qarabağ tipinə aiddir. Onlar Dağlıq Qarabağın müxtəlif xalça toxuma məntəqələrində istehsal olunur. Qarabağlı qocaman xalça sənətkarları «Buynuz» xalçasını əvvəllər olduğu kimi, «Horadiz» adlandırırlar. 

Balıq
Bu xalça Qarabağ tipinin ən geniş yayılan xalçalarından biridir. Ölkəmizin şimalında «Balıq», İran Azərbaycanında isə «Moxi» adı ilə tanınır. «Balıq» xalçası Qarabağan bütün xalçatoxuma məntəqələrində istehsal olunmasına baxmayaraq, onun əsas istehsal mərkəzi Bərdə şəhəri hesab olunurdu. «Balıq» təsvirini xatırladır, buna görə də xalça sənətkarları şərti olaraq bu kompozisiyanı «Balıq» adlandırırdılar.

Qarabağ
«Qarabağ» adı ilə tanınan xalçalar Azərbaycanın bütün xalçatoxuyan məntəqələrində istehsal olunub və hal-hazırda da istehsal olunmaqdadır. İstehsal yerindən asılı olaraq bu xalçalar müxtəlif adlarla çağrılır, lakin sənətkarlar bu xalçaları «Qarabağ» adlandırırlar. XIX əsrdə Şuşada İstanbul bazarlarına satış üçün istehsal olunan bu kompozisiyalı xalçalar «Xan» və ya «Xan Qarabağ» kimi müxtəlif adlar almışlar.

Xanlıq
Xanlıq Azərbaycanın ən tanınmış xalçatoxuma məntəqəsidir. Burada istehsal olunan xalçalar incəsənət əsərlərinin gözəl nümunəsi olaraq qalmaqdadır. Yüksək keyfiyyətləri ilə seçilirlər. XIX əsrdə Cəbrayılda, xüsusilə də Mirzəcanlı, Əfəndilər, Daşkəsən, Süleymanlı kəndlərində istehsal edilən bu xalçalar dünya bazarına və yaramarkalarına ixracat olunan xalçalardan daha gözəl hesab olunurdu.

Qasımuşağı
«Qasımuşağı» xalçasınını adı indiki Laçın rayonunun şimalında yerləşən Şamkənd, Ərikli, Qurtaslı, Corman və Şevna kəndinin əhalisinin adı ilə bağlıdır. Qasım qeyd-şərtsiz bir vaxtlar burada yaşayan hörmətli şəxs olmuşdur. Bu kəndlərdə yaxın keçmişə qədər yüksək növ xalçalar istehsal olunurdu.

Bəhmənli
Bu xalçanın adı indiki Fizuli rayonunda yerləşən Böyük Bəhmənli kəndinin adı ilə bağlıdır. «Bəhmənli» xalçasının orta sahəsində yerləşən bir və ya iki fiqur xüsusən maraqlı olan kompozisiyadır. Qocaman xalçatoxuyanların təxminlərinə görə, bu fiqurlar «heykəl», «manqal» və ya «çanq» (pənjə), digərləri isə sanaqlıbağanı təsvir edir.

Muğan
Bu xalça məhəlli olaraq Şirvan qrupuna, parçanını texniki qabliyyətinə görə isə Qarabağ tipinə aiddir. Xalçatoxuyanlar arasında «Köhnə naxış» adını alan bu xalçaların dekorları əsasən qarmaqşəkilli elementlərdən ibarətdir.

Naxçıvan
Bu xalçalar əsas etibarilə Naxçıvanın xalçaçılıq məntəqələrində və şəhərin yaxınlığında yerləşən Noraşen, Şahbuz, Kolanı kəndlərində, həmçinin Culfa və Ordubadın xalçaçılıq məntəqələrində istehsal olunur. Naxçıvanın xalçaçılıq məntəqələrində istehsal olunan xalçalar naxışların məzmununa görə müxtəlifdir, onların hamısı «Naxçıvan» adı altında birləşib.

Çələbi
İlk dəfə bu xalça Çələbilər kəndində istehsal olunub. «Çələbi» xalçalarının naxışlarının kompozisiyası və quruluşu bu kənddə formalaşıb və mükəmməlləşib, daha sonralar isə Dağlıq Qarabağda, Aranda, XIX əsrdən isə Qazax dairəsinin xalçaçılıq məntəqələrində istehsal olunub.



Oxunub: 44012