Baş səhifə   » TƏSVİRİ İNCƏSƏNƏT    » Qarabağda miniatür sənəti   

Qarabağda miniatür sənəti

  



İslam dini ehkamlarının hökm sürdüyü orta əsrlərdə Azərbaycanda rəssamlığın müxtəlif növlərində (boyakarlıq, "siyah qələm" və s.) insan obrazlarının təsviri sahəsində gözəl ənənələri olmuşdur. Qarabağ bölgəsində də miniatür sənətinin bu dövrdə yüksək inkişafı bunu aydın sübut edir.
Qarabağ miniatür sənəti yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan incəsənəti tarixində özünəməxsus yer tutur. Lakin, heç şübhəsiz ki, Azərbaycan miniatür sənətində Təbriz miniatür məktəbi aparıcı rol oynamış və başqa məktəblər, o cümlədən Qarabağ miniatür məktəbü üçün istiqamətverici məktəb rolunu oynamışdır. Şamaxı, Bakı, Gəncə, Ərdəbil ərazilərində də miniatür sənəti yüksək inkişaf etsə də, bu məktəblər Təbriz məktəbi kimi təsiredici qüvvəyə malik olmamışdır. Elə bu səbəbdən Qarabağ miniatür məktəbində baş verən dəyişiklər də bilavasitə Təbriz miniatür məktəbindən asılı olmuşdur.
Kitab illüstrasiyası kimi yaranıb formalaşan Qarabağ miniatür sənətinin təşəkkül tarixi dəqiq müəyyən edilməmişdir. Lakin bu tarixin XIII əsrin əvvəllərinə təsadüf edildiyi haqqında fikirlər daha real görünür.

Qarabağ miniatür sənətində XVI əsrədək tək-tək təsadüf olunan dəzgah miniatürləri əsrin ortalarından inkişaf edərək tezliklə xüsusi janr səviyyəsinə yüksəlmişdir. Kitab illüstrasiyalarından fərqli olaraq, belə müstəqil miniatürlərdə əsasən adi həyat hadisələri - ov və döyüş səhnələri, kef və musiqi məclisləri, saray əyləncələri, şah və əsilzadələrin portretləri, nadir hallarda isə klassik ədəbiyyatdan alınmış poetik süjetlər təsvir edilirdi.
XVI əsrin ortalarında Qarabağ rəssamları bir sıra portret miniatürləri yaratmışlar. Belə portretlər tipikliyi, obrazların həlli və etnoqrafik cəhətdən bir-birinə həddindən artıq çox bənzəyirdi.
Qarabağ XVI əsrin ikinci yarısı və sonlarında kitab illüstrasiyalarından daha çox real həyat hadisələrini və adi məişət səhnələrini əks etdirən müstəqil miniatürlər çəkilmişdir.
Qarabağ miniatür sənəti XIX əsrin sonlarına qədər davam etmişdir. Lakin XVIII-XIX əsrlərdə əlyazma və daş çapı kitablarına çəkilmiş miniatürlər rəsm, kompozisiya, obrazların həlli və koloritinə görə bəsit, sxematik, bəzən də primitiv "lubok" xarakteri daşıyırdı.
Qarabağ miniatür sənətində Sovet dövründə klassik miniatür sənətinin zəngin ənənələrindən, onun bədii üslub xüsusiyyətlərindən yaradıcı surətdə istifadə edilməyə başlanmışdır.
Klassik miniatür sənətinin üslub xüsusiyyətlərindən istifadə edilməsi Qarabağ miniatür sənətinin sonrakı inkişaf dövrlərində daha da genişlənimiş, boyakarlıq, qrafika, xüsusən kitab illüstrasiyası sahələrində bir sıra qarabağlı rəssamların yaradıcılıq axtarışları uğurlu əsərlərlə nəticələnmişdir.



Oxunub: 24971