Baş səhifə   » ƏDƏBİYYAT    » XIX- XX əsr Qarabağ ədəbiyyatı   

XIX- XX əsr Qarabağ ədəbiyyatı

  


XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya imperiyasının tərkibinə daxil edilməsi ilə bütövlükdə Qarabağ mədəniyyətində olduğu kimi, Qarabağ ədəbiyyatında da qərbyönümlü meyllər olduqca güclənmişdir. Bunun təsiri altında ədəbiyyatda milli və realist-dünyəvi motivlər aparıcı mövqeyə çıxmışdır. 

Molla Pənah Vaqif yaradıcılığının bilavasitə təsiri altında Qarabağ ədəbi mühitində tənqidi-realist satiranın Qasım bəy Zakir (1784-1857) kimi nümayəndəsi yetişərək uzun müddət poetik inkişafın istiqamətini müəyyənləşdirir. Lakin həm Zakirin öz yaradıcılığında, həm də onunla çağdaş olan şairlərin əsərlərində Füzuli ənənələrinin də yeni səviyyədə davam etdirildiyi müşahidə olunur ki, bunun da ən böyük nümayəndələrindən biri 
Xurşud Banu Natəvandır (1830-1897). 
Şuşada fəaliyyət göstərən "Məclisi-üns" poetik məclisinə Xurşud Banu Natəvan, "Məclisi-fəramuşan"a ("Unudulmuşlar məclisi") isə Mirzə Möhsün Nəvvab başçılıq edirdi. Poetik məclislər arasında sıx əlaqə mövcud idi və şairlər bir-biri ilə yazışırdılar. Bütövlükdə XIX yüzilliyin ədəbiyyatı, Qarabağ ədəbi məktəbinin yeni yüksək mərhələsi sayılan XX yüzilliyin ədəbiyyatına keçid üçün möhkəm zəmin hazırlamışdır.

M.F.Axundzadə ənənələrinin davamı ilə inkişaf edən maarifçi dramaturgiya Nəcəf bəy Vəzirovun (1854-1926) hələ XIX əsrin sonlarında qələmə aldığı komediyalar və "Müsibəti-Fəxrəddin" (1894) faciəsi, Əbdürrəhimbəy Haqverdiyevin (1870-1933) komediyaları və "Dağılan tifaq", "Bəxtsiz cavan" (1900), "Ağa Məhəmməd şah Qacar" (1907) faciələri ilə Azərbaycan ədəbiyyatı daha da zənginləşdi.
İlk Azərbaycan professional qadın aşığı olan Aşıq Pərini də Qarabağ yetişdirmişdir. Bu yazılı ədəbiyyatla folklorun qovuşuğunun kamil bir mərhələsində baş vermişdir.
XIX əsrin sonu XX əsrin əvvəllərində Qarabağın yetişdirdiyi ən görkəmli nümayəndələrdən biri də dahi bəstəkar, Şərqdə ilk operanın banisi, böyük dramaturq, ilk liberetto müəllifi, musiqili komediya janrının yaradıcısı, qəzetçi, qüdrətli publisist, Azərbaycan himninin müəllifi Üzeyir Hacıbəylidir (Hacıbəyov). 

Ümumilikdə həmin dövr Qarabağ ədəbi mühitinin ən görkəmli nümayəndələrini belə sıralamaq olar:
Yusif Vəzir Çəmənzəminli - ilk tarixi romanlar müəllifi (“İki od arasında” (“Qan içində”); “Qızlar bulağı” və s.), yazıçı-etnoqraf, folklorşünas, diplomat

Ceyhun bəy Hacıbəyli - yazıçı, publisist diplomat, folkorşünas (Parisdə ilk dəfə "Qarabağ folkloru" kitabını fransızca və orijinal mətnlərlə çap etdirmişdir); 

Əhməd bəy Ağayev - Azərbaycan dövlətçiliyinin ilk nəhəng, mogikan ideoloqlarından biri, yazıçı-publisist alim, qəzetçi, erməni terrorizminə qarşı döyüşən ilk türk "Difai" milli təşkilatının yaradıcısı;

Firudin bəy Köçərli - ilk ədəbiyyat tarixçisi, maarifçisi, Qori və Qazax müəllimlər seminariyasınm müdiri; 

Süleyman Sani Axundov - ilk uşaq ədəbiyyatının yaradıcılarından biri, "Laçın yuvası" dramında Azəri mentalitetini bütövlüklə özündə cəmləyən ilk bəy obrazının yaradıcısı, ilk Milli Qəhrəman adı alan yazıçı-pedaqoq; 
Qarabağ övladı kimi dünyaya göz açan bu sənət xadimləri sonradan Azərbaycan mədəniyyətinin və ədəbiyyatının ədəbi fikir korifeylərinə çevrildilər və bütün türk xalqının övladları kimi dəyərləndirildilər.



Oxunub: 33489