Baş səhifə   » TEATR    » Qarabağda teatr haqqında   

Qarabağda teatr haqqında

  



Artıq 1848-ci illərdən başlayaraq mütərəqqi rus teatrlarından faydalanma sayəsində Şuşada ziyalılar arasında teatr tamaşaları göstərməyə meyl oyanır. Əlbəttə, bu işdə tarixi şəraitin, Zaqafqaziyada genişlənməkdə olan maarifçilik hərəkatının rolu az deyildi. Heç şübhəsiz ki, Şuşada XIX əsrin birinci yarısında müasir teatr tamaşalarının meydana gəlməsi bilavasitə Tbilisi mədəni mühitinin təsiri ilə bağlı idi. O zamanın qabaqcıl adamları-Rusiyanın ədəbiyyat, incəsənət xadimlərini yerli əhalinin maariflənməsinə kömək etməyə çağırırdılar. Hələ l848-ci ildə Şuşada iki böyük tamaşa mərkəzi-teatr və sirk mövcud idi.
XIX əsrin axırı və XX əsrin əvvəllərində teatrın ən çox fəaliyyət göstərdiyi mərkəzlərdən biri Şuşa idi. Ölkənin başqa şəhərlərində də teatrlar getdikcə məişətə daha fəal müdaxilə edirdi. Bu cəhətdən Azərbaycan teatrına Yusif bəy Məlikhəqnəzərov, Ə.Haqverdiyev, Z.Hacıbəyov, S.S.Axundov, Ü.Hacıbəyov, F.Köçərli, B.Bədəlbəyov, S.Vəlibəyov, Cabbar Qaryağdı oğlu, Haşım bəy Vəzirov kimi dramaturq, bəstəkar, aktyor və teatr təşkilatçıları bəxş etmiş Şuşa teatrı diqqəti daha artıq cəlb edir.

1870-ci illərdə isə bu sahəyə diqqət daha da gücləndi. Göründüyü kimi, Şuşanın açıq fikirli ziyalıları zəhmətkeşlərin mədəni inkişafında mühüm amilə çevrilə biləcək klubun fəaliyyətini genişləndirmək, teatr tamaşaları yaratmaq üçün əzmlə çalışırdılar. Hələ 70-ci ildən əvvəl də Şuşada teatr fəaliyyət göstərmiş, M.F.Axundovla yanaşı, rus yazıçılarına da maraq göstərmişlər.

1882-ci ildən etibarən Şuşada teatr tamaşaları müntəzəm şəkil alır, nisbətən mütəşəkkil xarakter daşıyır. Müəllimlər hər yay tətili zamanı bir yerə yığışıb tamaşalar göstərirdilər. İlk illərdə yalnız M.F.Axundovun əsərlərindən ibarət olan bu tamaşalarda Yusif bəy Məlikhəqnəzərov, Haşim bəy Vəzirov, Bədəlbəy Bədəlbəyov, Firudin bəy Köçərli, Həsənəli Sarıcalinski, Mirzə Muxtar Məmmədov, İsmayıl Şəfibəyov, Cabbar Qaryağdı oğlu və s. iştirak edirdilər. Bəzi məxəzlərdə göstərilir ki, 70-80-ci illərdə Şuşada teatra məxsus bir bina olmadığından tamaşalar kazarmada oynanılmışdır. Lakin əsasən tamaşalar Cümşüd bəy Məlikhəqnəzərovun mülkündə teatr üçün əlverişli bir yerdə göstərilirdi. 1871-ci ildən isə Şuşadakı köhnə klub binası yenidən təmir edilib, istifadəyə verilmiş, burada yerli həvəskarlar tamaşalar göstərmişlər. 

1888-ci ildə onlar qəza məmuru Dubrovskinin təşviqi ilə M.F.Axundovun əsərlərini bir daha tamaşaçılara göstərmişlər. Sonrakı illərdə həvəskarlar Xandəmirovun teatr binasında çıxış edirdilər. 1890-cı ildən başlayaraq, Şuşada teatra həvəs göstərən müəllim-ziyalıların sayı azalır. Onların içərisindən səhnə əsəri yazmağa həvəs göstərənlər meydana çıxır. 1890-cı ilin aprel ayının 22-də Şuşa realnı məktəbində keçirilmiş musiqi şəhərciyi güclü təsirə malik olmuşdur. Burada müəllim aktyorların köməyi ilə uşaqlar Azərbaycan, fransız, alman dillərində hekayə, təmsil, şeir söyləmiş, xorda oxumuş, musiqi nömrələri ifa etmişlər. 

1894-cü ilin yay aylarında xeyriyyə məqsədilə bir-birinin ardınca üç əsərin "Hacı Qara", "Müsyo Jordan və dərviş Məstəli şah", "Xırs quldurbasan" tamaşasını oynayan Şuşanın həvəskar artistləri-gənc müəllimlər 1895-ci ildə yerli müəllimlərdən olan Haşım bəy Vəzirovun "Evlənmək su içmək deyil" adlı pyesinin tamaşasını göstərmiş, əldə etdikləri 500 manat gəliri sənət məktəbinə vermişlər. 
1896-cı ildə Şuşada Ə. Haqverdiyevin “Dağılan tifaq” faciəsinin ilk tamaşası olmuşdur.

İlk Şərq konserti də ilk dəfə Şuşada Ə.Haqverdiyevin rəhbərliyi ilə 1896-cı ilin yayında təşkil olunmuşdur. Həmin konsertdə Şuşanın məşhur ifaçılarından Əbdülbaqi Zülalov, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdı oğlu, Məşədi Dadaş, Zabul Qasım, məşhur tarzən Sadıqcan, Məşədi Zeynal, Balaoğlu, kamançaçı Bağdagüloğlu və başqaları iştirak etmişlər. Həmin konsertdən bir il sonra Şuşa camaatı böyük Azərbaycan şairi M.Füzulinin "Leyli və Məcnun" poeması üzrə Ə.Haqverdiyevin "Məcnun Leylinin qəbri üstündə" tamaşasının səhnəciyinə baxmışlar. 

1904-cü il avqust ayının 22-də Şuşada göstərilən "Otello" tamaşası daha böyük müvəffəqiyyət qazanmış, tamaşanın sorağı Azərbaycandan kənarda da əks-sədaya səbəb olmuşdur. Onun quruluşunu əsərin mütərcimi və baş rolun ifaçısı Haşım bəy Vəzirov hazırlamışdı. İştirakçıların əlbisə ilə təchiz edilməsində həvəskar artistlər ona kömək etmişdilər. Həmin tamaşa haqqında Moskvada, Tbilisdə, Bakıda çap olunan qəzetlərdə məlumat verilmişdir.
1906-cı ildən başlayaraq Şuşada daha ciddi tamaşalar oynanılmağa başlamışdır. 
1908-ci ildə "Hacı Qəmbər", "Ev tərbiyəsinin bir şəkli", "Bəxtsiz cavan", "Otello" əsərləri tamaşaçılara göstərilmişdir. 
Az sonra Ə.Haqverdiyev Ağdamda yeni dram truppası təşkil etdi. Sonra bu truppa iki sinifli rus-tatar məktəbinin dram dərnəyi onunla birləşir. Truppanın məşqləri Mamayı məhəlləsində Ə.Haqverdiyevin öz evində olurdu. Yalnız Şuşada və Ağdamda deyil, regionun ayrı-ayrı kəndlərində də xeyriyyəçilik məqsədilə yaranmış teatr truppaları insanların mədəni inkişafında çox iş görürdü. Sonra Şuşada "Məşədi İbad" tamaşaya hazırlandı.
1910-cu il noyabr ayının 30-da Ağdam şəhər məktəbində Nadir, Əhməd bəy, Abbas və Məmiş Dərgahovun iştirakı ilə "Ev tərbiyəsinin bir şəkli" və "Dursunəli və Ballıbadı" əsəri tamaşaya qoyuldu.

1910-cu ildə Ağdamda Həmzə Qəniyevin evində Ə.Haqverdiyevin öz rejissorluğu ilə "Ac həriflər"i, Şuşada Mamo bəy Mamobəyovun evində "Dağılan tifaq"ı, 1914-cü ildə Şuşadakı yay klubunda "Bəxtsiz cavan"ı məharətlə oynamışlar.
1913-cü ilin iyun ayında Şuşadakı "Obşestvennoe sobranic"də (İctimai yığıncaq) yerli həvəskarlar Ə.Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" dramını tamaşaya hazırlamışlar. Avqust ayında isə əsər yenidən Həbib bəy Köçərlinskinin bədii rəhbərliyi ilə oynanılmışdır. Zülfüqar Hacıbəyovun rəhbərliyi ilə Bakıdan gəlmiş səhnə ustaları Şuşada ilk dəfə olaraq "Əsli və Kərəm" operasını tamaşaya qoymuşlar. Onlar həm də "Evliykən subay", "50 yaşında cavan", "O olmasın, bu olsun" operettalarını da göstərmişlər. 
1914-cü ildə Şuşa həvəskarları Ağdamda "Günahsız qurban", "Kimdir müqəssir" və "Qırt-qırt" tamaşalarını göstərmişlər.
1917-ci ildə yerli "Şuşa dərnəyi"nin yardımı ilə şəhərdə bir klub açılmış və burada çoxlu adam iştirak etmişdir.

1920-ci ilin əvvəllərində Ağdamda teatr bölməsi yarandı. Bu bölmədə dövrün ən tanınmış teatr xadimləri fəaliyyət göstərmişdir. 
1930-cü ildə Ağdam beynəlmiləl klubu nəzdində təşkil olunmuş dram və opera zəhmət kollektivi fəhlə-kəndli klubunun dram kollektivi ilə birləşərək Ü.Hacıbəyovun "Leyli və Məcnun", "O olmasın, bu olsun", "Arşın mal alan" opera və operettalarını da tamaşaçılara göstərmişlər. 
1937-ci ildə haqqında bəhs edilən kollektiv əsasında Ağdamda Dövlət Dram Teatrı təşkil edildi. Teatra görkəmli dramaturq, rejissor, teatr təşkilatçısı Ə.Haqverdiyevin adı verildi. Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı on il ərzində fədakarlıqla fəaliyyət göstərdi, Şuşa və onların ətraf kəndlərində deyil, Yevlax, Ağdaş, Göyçay, Bərdə və digər rayonların zəhmətkeşləri qarşısında da çıxış etdi. 
Ağdam teatrının quruluş verdiyi "Məhəbbət", "Vəfa" və "Praqanın şabalıd ağacları altında" tamaşalarında ilk dəfə olaraq müharibə illərinin qəhrəmanlıqla dolu hadisələri konkret şəkildə göstərilirdi. 

Müharibədən sonra Ağdam teatrının hazırladığı "Qatır Məmməd" tamaşası kollektivin ən yaxşı işlərindən biri kimi qiymətləndirildi.
1949-cu ildə ölkənin bir çox rayon teatrları, o cümlədən Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram teatrı bağlandı və bu, ölkə mədəniyyətinə böyük təsir göstərdi.  
Nəhayət, Ağdam xalq teatrına 11-ci mövsümündə Dövlət teatrı adı verildi; teatr yenə də Əbdürrəhimbəy Haqverdiyevin adı ilə daha ciddi yaradıcılıq yollarında addımlamağa başladı.
Ağdam teatrının istər ilk illərdəki dram dərnəyində, istər 1937-1949-cü illərdə Dövlət Dram teatrında, istərsə də 1959-1969-cu illər xalq teatrında repertuarında opera və operettalar müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.
1970-ci illərdə teatrda “Qaynana”, "On üçüncü sədr", "Gəl qohum olaq", "Sevil", "Oqtay Eloğlu", "Qaraqum faciəsi", "Unuda bilmirəm", "Həsrət", "Adam və Yeva", "Qismət", "Şəhərin yay günləri", "Dağılan tifaq" və s. tamaşalara uğurla quruluş verilmişdir. 



Oxunub: 64554