Baş səhifə   » ZİYALILAR    » İctimai xadimlər   

İctimai xadimlər

  


Pənahəli xan Qarabağlı (1693-1758)
Pənahəli xan Qarabağ xanlığının yaradıcısıdır. 1747-ci ildə Nadir şahın qətlindən sonra Qarabağda Pənah xan hakimiyyətin mərkəzləşdirilməsi əleyhinə olan yerli əmirlər və məliklərlə gərgin mübarizədə Qarabağ xanlığını qurub. 
1750-ci ildə qayalıqlarla əhatə olunmuş sıx meşədə Pənah xanın şərəfinə Pənahabad adlandırılan, sonradan isə Şuşa deyilən qala şəhərinin əsası qoyulub. 

Mirzə Əli Məhəmmədağa (1747-1797)
Mirzə Əli Məhəmmədağa Şuşada anadan olub. Mirzə Əli Məhəmmədağa Qarabağ xanı İbrahim xanın vəziri olub. Onun Qarabağ Xanlıq Dövlətinin quruculuğunda, dövlətin xarici işlərinin idarə edilməsində mühüm rolu olub, eləcə də xanlığın digər Azərbaycan xanlıqları və region dövlətləri ilə əlaqələrinin əsas iştirakçısı, sözçüsü və Xanın özəl elçisi olub.

İbrahimxəlil xan Cavanşir (1758-1806)
İbrahimxəlil xan Cavanşir Qarabağ xanlığının xanı, general-leytenant olub. İkinci Qarabağ xanıdır.
Qarabağ xanlığı İbrahimxəlil xan dövründə Qarabağ xanlığı çox böyük sürətlə inkişaf edib. Şuşada elm, mədəniyyət və incəsənət işçilərindən ibarət ziyalı sinfi yaranıb. Şəhərdə tikinti işləri geniş vüsət alıb. Şuşa abadlaşıb, xan sarayları, yaşayış evləri, qala divarları tikilib, yeni-yeni məktəblər açılıb.

Əbdülhüseyn bəy Hacıbəyov (1840-1901)
Əbdülhüseyn bəy Hacıbəyov Şuşa şəhərində anadan olub. Qarabağ xanlığının ictimai həyatında Xurşidbanu Natəvanın darğası kimi tanınıb. X.Natəvanın sarayında xidmət edib. X.Natəvan da Kəbirli mahalındakı mülkünün haqq-hesabını Ə.Hacıbəyova tapşırıb. 

Ağa xan Qarabaği (1853-?)
İctimai xadim Ağa xan Qarabaği (Mirzə Məmmədbağır oğlu) Şuşa şəhərində anadan olub. O, ibtidai təhsilini molla yanında alıb. A.Qarabaği Qəza məktəbini bitirib. Sonradan İrana köçüb və Qacar şahlarına xidmət edib. Şahdan “xan” ünvanı alıb. İranın və Cənubi Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayıb.

Bəhram bəy Axundov (1872-1932)  
Bəhram bəy Axundov Şuşada dünyaya gəlib. Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarından biri olub. O, 1893-1895-ci ildə Fransada təbiətşünaslıq və tibb təhsili alıb. XX əsrin əvvələrində Bakının ictimai həyatında fəal iştirak edib B.Axundov Azərbaycan Xalq Cumhuriyyəti dövründə (1918-1920) Parlamentə seçilib, bitərəflər fraksiyasını təmsil edibdir. 

Bəhram bəy Vəzirov (1886-1929)
Bəhram bəy Vəzirov Şuşada anadan olub. Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarından biridir. O, Bakı real məktəbini bitirib, Sankt-Peterburq Meşəçilik İnstitutuna daxil olub. B.Vəzirov oranı tamamladıqdan sonra aqronom-meşəçi ixtisasına yiyələnib. Qax bölgəsində meşəbəyi işləyib. Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun”una (1918, 19 noyabr) əsasən, “İttihad” partiyasından Azərbaycan Parlamentinin üzvü seçilib. Parlamentdə “İttihad” fraksiyasına daxil idi. 

Cavad bəy Məlik-Yeqanov (1878-1942) 
Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri Cavad bəy Məlik-Yeqanov Xocavənd rayonun Tuğ kəndində anadan olub. O, Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi, Cümhuriyyətin Həmkarlar İttifaqları Təşkilatının banilərindən biri, Parlament üzvü, müsəlman fəhlələrinin həmkarlar ittifaqının yaradıcısı olub. 

Ceyhun bəy Hacıbəyli (1891-1962) 
Ceyhun bəy Hacıbəyli Şuşada anadan olub. İctimai xadim, dilçi, tarixçi, jurnalist, tərcüməçi olub. C. Hacıbəyli milyonçu-xeyriyyəçi Murtuza Muxtarovun vəsaiti ilə Peterburqda hüquq fakültəsinə daxil olub (1900), oradan Parisə gedərək, Sarbonna Universitetində oxuyub. Paris sülh konfransında (1919-1920) iştirak etmək üçün Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin tərkibinə müşavir kimi o, da daxil edilib. C. Hacıbəyli sovet Rusiyasının aprel işğalından (1920) sonra Azərbaycana dönə bilməyib, Parisdə qalmağa məcbur olub. Parisdə Azərbaycan mədəniyyətinin təbliği yönündə qızğın fəaliyyət göstərib. 

Əbdülkərim bəy Mehmandarov (1854-1929) 
Əbdülkərim bəy Mehmandarov Şuşada anadan olub. O, həkim, terapevt, cərrah, ictimai xadim olub.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə də (1918-1920) Ə.Mehmandarov səhiyyənin inkişafında yaxından iştirak edib. Sovet hakimiyyəti illərində, 1923-cü ildə Şuşa şəhər xəstəxanasının baş həkimi təyin olunub. 

Əhməd bəy Ağaoğlu (1869-1939)
Əhməd bəy Ağaoğlu Şuşada doğulub. O, Azərbaycanda türkçülük hərəkatı ideoloqlarından biridir. Görkəmli ictimai-siyasi xadim, publisist, yazıçı, hüquqşünas, şərqşünas-islamşünas alim olub.
Fransada Sarbonna Universitetini bitiribdir. Ə.Ağaoğlu burada Şərq xalqlarının tarixini, ərəb, fars və türk dillərini mükəmməl öyrənib. 
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) Ə.Ağaoğlu Parlamentin üzvü olub. 20-ci illərdə Türkiyənin dövlət mətbuat bürosuna müdir təyin edilən Ə.Ağaoğlu Qars bölgəsindən iki dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. O, Ankara Universitetinin professoru, eyni zamanda, “Hakimiyyəti-milliyyə” qəzetinin redaktoru olub.

Əmənulla xan Qacar (1862-1937)
Əmənulla xan Qacar Şuşada anadan olub. O, hərbi xadim, general mayor (1917) olub. Azərbaycan Qacarlar sülaləsi nəslindəndir. 
Ə.Qacar Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra (1918) hərbi nazir Səməd bəy Mehmandarova ərizə ilə müraciət edərək könüllü surətdə Azərbaycan ordusu sıralarında xidmətə başlayıb. Sovet Rusiyasının aprel işğalından sonra (1920) o, İrana mühacirət edib, Tehranda vəfat edib. 

Əmir Kazım Mirzə (1853-1920) 
Əmir Kazım Mirzə Qacar Şuşada anadan olub. Qacarlar nəslindən olan Əmir Kazım Mirzə Tiflisdə gimnaziya təhsili alıb, Peterburq süvari məktəbini bitirib. 1871-ci ildən Rusiya ordusunun Qafqazdakı hərbi hissələrində xidmət edib. Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra (1918) istefada olan Ə.Mirzə hərbi nazir Səməd bəy Mehmandarova müraciət edərək könüllü surətdə Azərbaycan ordusu sıralarında xidmət edib. S. Mehmandarovun 18 dekabr 1919-cu il tarixli qərarı ilə Gəncənin komendantı təyin olunub. 
Sovet işğalından sonra bolşeviklər tərəfindən güllələnib.

Haşım bəy Vəzirov (1868-1916) 
Haşım bəy Vəzirov Şuşada anadan olub. Maarif, mədəniyyət və mətbuat xadimi, publisist, dramaturq və tərcüməçi olub. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ərəfəsində milli istiqlal ideyalarının yayılmasında yaxından iştirak edib. Milli ictimai fikrin görkəmli təbliğatçılarından biri olub. .
 
Xudadat bəy Məlik-Aslanov (1879-1935)
Xudadat bəy Məlik-Aslanov Şuşada anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) görkəmli dövlət xadimlərindən biridir. O, parlament üzvü, alim, ixtiraçı-mühəndis olub. X. Məlik-Aslanov Dəmiryol nəqliyyatı mühəndisi, texnika elmləri sahəsində ilk azərbaycanlı professorlardandır. 1904-cü ildə Sankt-Peterburqda Yol Mühəndisliyi İnstitutunda ali təhsilini birinci dərəcəli diplomla başa vurub. Azərbaycan Parlamentinin üzvü olan X.Məlik-Aslanov 1919-cu ilin iyununda Dövlət Müdafiə Komitəsi sədrinin birinci müavini təyin edilib. 

Lütfəli bəy Behbudov (1879-1918) 
Lütfəli bəy Behbudov Şuşa qəzasının Üçoğlan kəndində anadan olub. 1899-cu ildə kütləvi tələbə iğtişaşlarında iştirakına görə təhsil saldığı Peterburq Texnoloji İnstitutuna institutdan çıxarılıb, lakin yenidən bərpa edilibdir. L.Behbudov “Difai” partiyasının, Zaqafqaziya seyminin (“Müsavat və demokratik bitərəflər qrupundan seçilib) üzvü kimi ictimai-siyasi fəaliyyət göstərmişdir. “Nicat” xeyriyyə cəmiyyətinin işində iştirak edib. 
Lütfəli bəy Behbudov Şuşada türk-müsəlman əhaliyə qarşı soyqırımı törədən erməni-daşnak quldurları tərəfindən qətlə yetirilibdir.

Mirzə Adıgözəl bəy Qarabaği (XVIII əsrin sonları-1848)
Mirzə Adıgözəl bəy Qarabaği Şuşa şəhərində anadan olub. Ağaməhəmməd xan Qacarın Qarabağa yürüşü zamanı ailəsi ilə birlikdə qaçıb Gürcüstana sığınıb. Gürcüstanda işğalçılıq əməllərini həyata kеçirən rus ordusunda qulluğa başlayıb. Qarabağa qayıdan M.Qarabaği Mehdiqulu xan Cavanşirə xidmət еdib.
Xan İrana qaçandan sonra komеndant tərəfindən mahala naib təyin еdilib. M.Qarabaği 1736-cı ildən 1828-ci ilədək Qarabağın siyasi olaylarından bəhs edən “Qarabağnamə” adlı tarixi əsər yazıb.

Xosrov bəy Sultanov  (1879-1947)
Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci hərb naziri Xosrov bəy Sultanov Laçın rayonun Kürdhacı kəndində dünyaya göz açıb. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili alıb. 
X.Sultanov 28 may 1918-ci ildə Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri olub. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci höküməti kabinetində X.Sultanov hərbi nazir postunu (28 may 1918-11 iyun 1918) tutub. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olub.
1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlayıb. O, Türkiyədə, İranda, daha sonra Fransa və Almaniyada yaşayıb, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışıb. 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşıb. 

Mir Həsən Vəzirov (1889-1918) 
Mir Həsən Vəzirov 1889-cu ildə Şuşa şəhərində anadan olub. M.Vəzirov dövlət xadimi, 26 Bakı komissarından biri olub.
Şuşa real məktəbdə oxuyub. 1915-ci ildə Kiyev Ticarət İnstitutuna qəbul olub. M.Vəzirov Bakıda müəllimliklə məşğul olub. 1917-ci ilin əvvəllərində inqilabi tapşırıqla Şuşaya dönüb. Bir neçə ay Şuşada inqilabi işlə məşğul olduqdan sonra Bakıya qayıdıb. 1917-ci ildə yaranan Bakı kommunasında Azərbaycan Xalq torpaq komissarı olub. 

Nəriman bəy Nərimanbəyli (1889-1937)
Nəriman bəy Nərimanbəyli Şuşada dünyaya gəlib. Azərbaycan Milli İstiqlal hərəkatının fəal iştirakçılarındandır. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, ictimai-siyasi və dövlət xadimi olub. Ailəsi İrəvana köçdüyü üçün orta məktəbi İrəvan gimnaziyasında oxuyub. Moskva Universitetinin fizika-riyaziyyat şöbəsində, sonra isə Xarkov Universitetinin hüquq fakültəsində təhsil alıb. 1937-ci ildə repressiyaya məruz qalıb.

Süleyman Azad oğlu Vəzirov (1910-1973) 
Süleyman Vəzirov Şuşada ziyalı ailəsində dünyaya gəlib. 
S.Vəzirov 1928-1932-ci illərdə o, Azərbaycan Politexnik İnstitutunun dağ-mədən fakültəsini oxuyub. S.Vəzirov yüksək ixtisaslı bir mühəndis kimi Pirallahı, Lökbatan, Qaraçuxur kimi neft-qaz yataqlarında  işləyib. O, 1954-cü ildə Azərbaycanın birinci neft sənayesi naziri təyin edilmişdir.
S.Vəzirov 1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini vəzifəsinə gətirilib, 1959-cu ildə isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri təyin edilib. Hələ sağlığında S. Vəzirov SSRİ-də 1 nömrəli neftçi hesab edilirdi. 

Aslan Fərhad oğlu Vəzirov (1910-1987)
Aslan Vəzirov Bərdə rayonunun Zümürxaç kəndində doğulub. O, 1927-ci ildə Bakı Zaqafqaziya Hərbi Hazırlıq Məktəbini bitirib. 1928-30-cu illərdə Sankt-Peterburq (o vaxtkı Leninqrad) və Moskva hərbi mühəndislik məktəblərində oxuyub. II Dünya müharibəsinin iştirakçısı olub. 1945-ci ildə ona Sovet İttifaqı Qəhrəmanı adı verilib. 1965-ci ildən ömrünün sonuna qədər Azərbaycan Respublika Müharibə Veteranları Komitəsinin sədri olub, eyni zamanda A.Vəzirov Ümumittifaq Müharibə Veteranları Komitəsinin Bakı şöbəsinə rəhbərlik edib. 

Xəlil Məmməd oğlu  Məmmədov (1916-1989)
Xəlil Məmmədov Şuşa şəhərində anadan olub. II Dünya müharibəsində iştirak edib. O, döyüşlərdə göstərdiyi igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
X.Məmmədov 1957-1965-ci illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyində müavin və nazir vəzifələrində çalışıb. Sonrakı illərdə X.Məmmədov Azərbaycan SSR Nazirlər Sovetində şöbə müdiri, Azərbaycan SSR Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri vəzifələrində çalışıb. O, Mərkəzi Komitənin (MK) üzvü seçilib, Azərbaycan SSR Ali Sovetinin deputatı olub. X.Məmmədov “Qırmızı Bayraq”, “Aleksandr Nevski”, “Qırmızı Əmək Bayrağı”, “2 qırmızı ulduz”, “Şərəf nişanı” ordenləri və medalları ilə təltif edilib.

Nizami Keykavus oğlu Bəhmənov (1948-2008)
Nizami Bəhmənov  Şuşada anadan olub. Əvvəllər tikinti sahəsində çalışıb. “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsini azərbaycanlı icması” İctimai Birliyinin rəhbəri olmuşdur. 
N.Bəhmənov 1992-ci ildən ömrünün sonuna qədər Şuşa rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb və 2008-ci ildə ictimai fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunub. 



Oxunub: 46557