Baş səhifə   » SOSİAL    » Qarabağın sosial-mədəni inkişafı   

Qarabağın sosial-mədəni inkişafı

  



Dağlıq Qarabağın bir tərəfdən Azərbaycanın tarixi torpaqları kimi onun tərkibində saxlanması və bununla da digər Azərbayan torpaqları ilə tarixi bağlılıq ənənələrini davam etdirməsi, digər tərəfdən Dağlıq Qarabağ Muxtar Vilayətinə Azərbaycanın göstərdiyi xüsusi qayğı 70-ci illərədək bu diyarın sosial-siyasi və iqtisadi inkişafı üçün müstəsna şərait yaratmışdır. Lakin 1980-ci illərin sonlarında Dağlıq Qarabağı Azərbaycandan ayırmağı qarşılarına məqsəd qoymuş ermənilər faktları inkar etməyə başladılar. 
Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində nə qədər yüksək inkişafa nail olması Vilayət Statistika idarəsinin Stepanakertdə nəşr etdirdiyi statistik məcmuələrdə əksini tapmışdır. Statistik məcmuələrdən biri muxtar vilayətin yaranmasından keçən 40 il ərzində (1923-1963) mədəniyyət, iqtisadiyyat, səhiyyə və s. sahələrdəki vəziyyət barədə yazmışdır: İnqilaba qədər (1917-ci il Oktyabr çevrilişinədək) Dağlıq Qarabağda orta ixtisas təhsilli müəssisələr, kütləvi kitabxanalar, teatrlar yox idi. Şuşa şəhərində yalnız üç xüsusi mədəni-maarif müəssisəsi və bir xüsusi kinoteatr var idi. Hazırda Dağlıq Qarabağ Muxtar Vilayətində min nəfər şagirdin təhsil aldığı beş xüsusi orta təhsil müəssisəsi vardır. 930 min nüsxədən çox kitab fondu olan 164 kitabxana fəaliyyət göstərir. Kütləvi kitabxanalardan 150-i kənd yerlərindədir, onların kitab fondu 630 min nüsxəyə çatır. Stepanakert şəhərində M.Qorki adına Erməni Dövlət dram teatrı, Dövlət mahnı və rəqs ansamblı vardır. Vilayətdə 176 klub müəssisəsi vardır… Dağlıq Qarabağ elmi müəssisələrə də malikdir… Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranmasının ilk günündən erməni dilində "Sovetakan Karabax" qəzeti çap olunur. 
1963-cü ilin əvvəllərində Dağlıq Qarabağın kənd təsərrüfatında 1,4 min ədəd traktor, 224 kombayn, 670 yük avtomobili və minlərlə digər müasir kənd təsərrüfat maşını olduğu göstərilir. 40 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətinin sənaye potensialının reallaşdırılmasında da xeyli iş görülmüşdü. 1940-cı ilə nisbətən 1962-ci ildə bütün sənayenin ümumi məhsulu 341%, elektrik enerjisi 945 % artmışdı. 1960-cı illərin ortalarından sonra da vilayətin sosial-iqtisadi həyatı dinamik inkişaf etmişdi.
1965-1987-ci illərdə bütövlükdə Azərbaycan SSR, o cümlədən onun Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə iqtisadi və sosial inkişafa dair göstəricilərin müqayisəsi həmin dövrdə Muxtar Vilayətin nə qədər yüksək templə tərəqqi etdiyini çox aydın göstərir. 1987-ci ildə hər 10 min nəfərdən sənayedə çalışanların sayı respublika üzrə 686, Naxçıvan MSSR üzrə 387 olduğu halda, Dağlıq Qarabağ Muxtar Vilayətində 657 olmuşdu. Adambaşına düşən ümumi kənd təsərrüfatı məhsulları müvafiq olaraq 588, 501 və 692-yə çatmışıdr. 
Sosial inkişafa dair göstəricilərə gəldikdə isə bu rəqəmlər nəinki Azərbaycan SSR, hətta Ermənistan SSR və bütövlükdə SSRİ üzrə rəqəmlərdən də xeyli yüksək idi. Hər 10 min nəfərə xəstəxana çarpayısı ilə təminat Ermənistan SSR-də 86,2, Azərbaycan SSR-də 97,7 olduğu halda Dağlıq Qarabağ Muxtar Vilayətində 101,7 idi və s. Hətta, erməniləri xüsusi cidd-cəhdləri nəticəsində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafına dair qəbul etdiyi 1988-ci il 24 mart tarixli qərarının preambulasında da vilayətdə sosial və iqtisadi inkişaf sahəsində əldə edilmiş nailiyyətlər xüsusi qeyd edilmişdir.



Oxunub: 18661