Baş səhifə   » XOCALI SOYQIRIMI    » XX əsrin ən dəhşətli cinayəti   

XX əsrin ən dəhşətli cinayəti

  



Beynəlxalq cinayət ayrı-ayrı dövlətlərin hüquq və qanun mənafelərini, beynəlxalq səviyyədə tanınmış insan hüquqlarının kobud və kütləvi şəkildə pozan, hüquqi tərkibi beynəlxalq hüquq normalarında müəyyən olunmuş, beynəlxalq hüquqa zidd olan əməllərə deyilir. Beynəlxalq hüquq elmində “beynəlxalq cinayət” və “beynəlxalq xarakterli cinayət” kateqoriyaları fərqləndirilir.
Soyqırım cinayəti beynəlxalq cinayət kateqoriyasına aiddir. Həmin cinayətlərin əsas tərkibləri ikinci dünya müharibəsindən sonra yaradılmış Beynəlxalq Hərbi tribunalların (Nürnberq və Tokio) nizamnaməsində ifadə olunmuşdur.

Xocalı soyqırımının beynəlxalq hüquqi nəticələri
Beynəlxalq hüquq soyqırım cinayəti ilə əlaqədar aşağıdakıları müəyyənləşdirmişdir;
1. Soyqırım cinayəti törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür.
2. Soyqırım cinayətinin təkcə icraçıları deyil, soyqırım törətməyə sui-qəsd, soyqırıma birbaşa və açıq təhrikçilik, soyqırıma cəhd və soyqırımda iştirak etmək də cinayət məsuliyyəti doğurur.
3. Soyqırım cinayəti törətmiş şəxslərə universal yurisdiksiya prinsipi tətbiq olunmalıdır.
4. Soyqırım cinayətini törətməkdə əmrin icrası istinad edilən şəxsi cinayət məsuliyyətindən azad etmir.
5. Soyqırım cinayətinin törədilməsinin qarşısının alınması üçün tədbir görməməyə görə rəhbər şəxs məsuliyyət daşıyır.
6. Soyqırım cinayətlərinə cinayət məsuliyyətinə cəlb etmə müddətləri tətbiq edilmir.
7. Soyqırım cinayətinə görə qanunun retroaktiv tətbiqinə yol verilir.
8. Soyqırım cinayətini törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb olunmaq üçün tələb edən dövlətə verilməlidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törədilmiş bir sıra cinayətlər onların törədildiyi dövrdə Azərbaycan Respublikası Cinayət Məcəlləsində beynəlxalq cinayət kimi ifadəsini tapmışdır. Lakin bu, heç də həmin cinayəti törədən şəxslərin cinayət məsuliyyətini istisna etmir. Çünki yuxarıda qeyd olunan beynəlxalq cinayətlərə görə məsuliyyətin zəruriliyi barədə müddəa artıq Beynəlxalq Birlik tərəfindən qəbul edilmiş və beynəlxalq hüququn adət norması kimi fəaliyyət göstərir. Ona görə də azərbaycanlılara münasibətdə törədilmiş vəhşiliklər beynəlxalq aləm tərəfindən qəbul olunmuş hüquq prinsiplərinə müvafiq olaraq beynəlxalq cinayət kimi tanınmış və həmin cinayət əməllərinə görə heç nə həmin cinayəti törətmiş şəxsləri cinayət məsuliyyətindən azad edə bilməz. Məhz elə buna görə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı beynəlxalq cinayət törətmiş şəxslərin tələb olunması və mühakimə edilməsi üçün hüquqi baza mövcuddur. 
Xocalı soyqırımı zamanı yol verilmiş zorakılıq əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz genosid olduğunu sübut edir. Erməni qəsbkarlarının vəhşilik və vandalizm aktı tərəqqipərvər bəşəriyyətin genosid kimi tanıdığı Xatın və Sonqmi faciələri ilə eyni səviyyədə qiymətləndirməli, insanlığa qarşı törədilən bu cinayət öz layiqli qiymətini almalıdır. 
Azərbaycanın prezidenti İlham Əliyev tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror aktları, soyqırım törədildiyini, yüz minlərlə azərbaycanlının kütləvi surətdə qətlə yetirildiyini, öz torpaqlarından deportasiya olunduğunu dünya ölkələrinin diqqətinə çatdırmışdır. O, XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımının Azərbaycana qarşı ermənilər tərəfindən aparılan çirkin siyasətin davamı, əsl genosid aktı olduğunu söyləmişdir. Ermənilər azərbaycanlılara qarşı Azərbaycan ərazisində zaman-zaman dəhşətli soyqırımlar, qətllər törədiblər. Lakin onlar tarixi saxtalaşdıraraq bunu erməni soyqırımı kimi dünya ictimaiyyətinə təqdim etməyə çalışırlar. Bu dəhşətləri həyata keçirən ermənilər nəinki özlərinin törətdikləri qanlı cinayətləri uzun müddət ört-basdır edə biliblər. Tamamilə əks mövqedən çıxış edərək guya özlərinin soyqırıma məruz qaldıqlarını iddia edirlər.



Oxunub: 78642