Baş səhifə   » FACİƏLƏR    » 1914-20-ci il qırğınları   

1914-20-ci il qırğınları

  



XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın tarixi torpaqlarında erməni şovinizmi planlı, düşünülmüş şəkildə soyqırımı həyata keçirməyə başladı. «Gəlmə erməni tendensiyası» XX əsrin əvvəllərindən etibarən məhz çar Rusiyası və bolşevik ideologiyasının ortaya atdığı millətlərarası münaqişə zəminində yarana biləcək problemlərlə istəyinə nail oldu.
Əsrin ilk illərində Azərbaycanda qanlı qırğınlar, terrorlar həyata keçirən erməni şovinistləri «Böyük Ermənistan» və «Dənizdən dənizə dövlət» prinsiplərini reallaşdırmaq üçün ilk dəfə 1905-1907-ci illərdə yerli azərbaycanlılara qarşı soyqırım və deportasiya siyasətini həyata keçirdilər. Həmin illərdə Qərbi Azərbaycanın İrəvan, Göyçə, Zəngəzur mahallarında həmçinin Gəncə, Qarabağ və başqa bölgələrdə köklü təmizləmə siyasətinin aparılması erməni millətçiləri və çar Rusiyasının əsas məqsədlərindən biri idi. Təəssüflə bildiririk ki, ermənilərin millətimizə qarşı törətdiyi bu kütləvi soyqırımı və deportasiya siyasəti birinci olsa da sonuncu olmadı.
Qərbi Azərbaycanda (indiki Ermənistanda) və Naxçıvanda yaşayan azərbaycanlıların qətli üçün ermənilər yenidən 3 diviziya yaratdılar. Rusiyada Burjua Fevral (1917) inqilabından sonra Rusiyanın cəbhələrdə vəziyyəti ağırlaşdı. Rusiya Ordusu tərkibində vuruşan üç korpusdan ibarət 250 min erməni könüllüləri türk ordusunun rus ordusuna qarşı əks həmlələri nəticəsində pərən-pərən düşüb, quldur dəstələrinə çevrilərək rus hərbi birləşmələrinə səpələndilər və bunun nəticəsində türk-müsəlman soyqırımı işi zəiflədi. Çünki vahid komandanlıq həm rus ordusunun sərəncamında idi, həm də erməni qüvvələri parçalanmışdır. Lakin «Böyük Ermənistan» xülyasını həyata keçirmək üçün ermənilər yeni planlar hazırladılar. Bu plana əsasən ilk növbədə türksüz ölkə yaratmaq lazım idi. Bu məqsədlə ermənilər azərbaycanlıları məhv etmək üçün pərakəndə quldur dəstələri ilə kifayətlənməyib, yenidən nizami ordu yaratmağı qərara aldılar. Bunun üçün 1917-ci ilin may ayında o zamankı Rusiya müvəqqəti hökumət başçısı Kerenskinin yanına nümayəndə göndərib, ondan xahiş etdilər ki, icazə verilsin rus ordusunda olan erməni könüllülərindən yeni ordu təşkil edib türklərə qarşı vuruşmağı gücləndirsinlər.

Ermənilər həm də müvəqqəti hökumətdən silah da tələb etdilər. Kerenski ermənilərin xahişini yerinə yetirib, tələblərini də təmin etdi. Bundan sonra ermənilər 1917-ci ilin mayında 35 min nəfərlik qoşun korpusu yaratdılar. General T.Nazaryan korpus komandiri, Dro Qanyan korpus komandirinin müavini təyin edildi. Korpus 3 diviziyaya bölündü. Diviziyalar arasında sahə bölgüsü aparıldı. Hansı diviziya, hansı bölgələrdəki azərbaycanlıları qırıb, yandırıb məhv etməlidisə, onlar müəyyənləşdirildi:
1. General Andronik Naxçıvan, Sisyan, Zəngəzur və Qarabağın dağlıq hissələrində;
2. General Arisyan və Dro Qanyan İrəvan, İrəvanətrafı, Zəngibasar, Eçmiədzin Qurudüzlü və Vedibasar rayonunun hissəsində, Qəmərli və Dərələyəz zonalarında;
3. Polkovnik Silikov-Silikyan Göyçə gölü ətrafı rayonlarında azərbaycanlıları məhv etməli idi. Bu alçaqlar elə bu plan
əsasında da işə başladılar.
I Dünya müharibəsindən sonra ermənilərin Cənubi Qafqazda məkrli planlarını həyata keçirmək üçün əlverişli şərait yarandı. Türkiyə ərazisində erməni hərbi dəstələri ilə birlikdə İrəvan quberniyasına, Qarabağa və Zəngəzura böyük miqdarda erməni köçüb gəlmişdi. Əlbəttə ki, Azərbaycanın Qərb ərazilərində məskunlaşan bu ermənilər hələ XVIII-XIX əsrlərdə olduğu kimi, bu dövrdə də yerli azərbaycanlıları müxtəlif vasitələrlə sıxışdırdılar. Təsadüfi deyildi ki, 1918-ci ilin mart ayına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdıldı. Məhz bu prossesdən sonra İrəvan quberinyası ərazisində erməni dövlətinin yaradılması, sonra da Azərbaycanın digər ərazilərinə qarşı torpaq iddiası mərhələsi başladı. Rus çarizminin ucqarlarda yeritdiyi müstəmləkə siyasəti ermənilərin, xüsusilə də, onların terrorçu təşkilatı olan «Daşnaqsütyun»un fəaliyyətini «bir qədər» yüngülləşdirməyə çalışsa da, erməni şovinistləri Avropa ölkələrində «erməni məsələsi»nin siyasi aləmə daxil olmasını təmin edə bilmişdi. Hətta bunlar azmış kimi, Bakıya yığılmış erməni daşnaqları «Böyük Ermənistan» yaradılması üçün yeni taktika hazırladılar.
Əlbəttə bu prosseslər ardıcıl və düşünülmüş şəkildə həyata keçirilirdi. Odur ki, Rusiyada baş vermiş fevral burjua inqilabından sonra Bakıda bolşeviklər və daşnaqlar birgə hərəkət etməyə başladılar. Bu yaxınlıq hər şeydən əvvəl «Müsavat» partiyasının hakimiyyətə gəlməsinin qarşısını almaq və azərbaycanlılara qarşı növbəti soyqırımını həyata keçirmək məqsədi daşıyırdı.
Hələ ermənilər 1917-ci il Ümumqafqaz səviyyəsində keçirdikləri bir çox toplantılarda gürcülərə və azərbaycanlılara qarşı ərazi iddialarını açıq-aşkar səsləndirməyə başladılar. Həmin ildə erməni millətçiləri Tiflisdə keçirilən kəndli deputatların qurultayında «köçərilər» (elatlar) haqqında məsələni qaldıraraq Cənubu Qafqazın, inzibati cəhətdən yenidən bölüşdürülməsi təklifi ilə çıxış etdilər və Yelizavetpol (Gəncə) quberniyasının iki inzibati vahidə ayrılması ideyasını ortaya atdılar. Bu təkliflərdə ermənilər ilk olaraq Yelizavetpol qəzasının dağlıq hissəsinin və Qarabağ, o cümlədən, Zəngəzurun da daxil edildiyi Qanri quberniyasının yaradılmasını təklif etdilər. Beləliklə, erməni daşnaqları Cənubi Qafqafqazın, ilk növbədə Gəncə quberniyasının yeni inzibati bölgüsü barədə səs-küy salmaqla əslində, «Böyük Ermənistan» nın xəritəsinin konturlarını çəkmiş oldular.
1917-ci ilin oktyabrında Tiflisdə keçirilən «Ümummilli erməni konfransı»ndakı əhval-ruhiyyə və səslənən fikirlər də çox tezliklə erməni-gürcü və erməni-azərbayanlı münasibətlərini xeyli gərginləşdirdi. Erməni tarixçilərindən O. Minasyan və başqaları bunun səbəblərini gürcü mətbuatının, ələlxüsus da, türklər və azərbayanlıların üstünə atsalar da, Cənubi Qafqazdakı siyasi-hərbi qarşıdurmanın əsas baiskarlarının erməni daşnaqları olmaları elə həmin dövrdə faktlar və sənədlərlə sübut edilmişdir. Lakin bolşeviklərin millətlərin huquq bərabərliyinə dair aldadıcı siyasəti, 1917-ci ilin dekabrında Lenin ermənilərin planlarının reallaşmasına şərait yaradan tədbirləri (S. Şaumyanın Qafqazın Fövqəladə Komissarı təyin olunması) onları daha da fəallaşdırdı.
Bu dövrdə Cənubu Qafqazdakı daxili və xarici siyasət, o cümlədən, sərhədlər məsələsi 1917-ci ilin sonu 1918-ci ilin əvvəllərində keçirilən bir sıra danışıq və müqavilələr də (Ərzincan, Trabzon, Brest-Litovsk, Batum) mühüm yerlərdən birini tuturdu. Lakin ermənilər əldə edilən sazişlərə məhəl qoymayaraq xeyli silahlı qüvvə ilə Azərbaycan torpaqlarında, xüsusilə də İrəvan, Zəngəzur və Naxçıvan bölgələrində terror və zorakılığa başladılar. 1917-ci ilin dekabrından başlayaraq, erməni silahlı dəstələri Umudlu, Qaralar, Sırxavənd, Buruc, Çıraqlı və s. kəndlərə hücumlar edərək əhalini daşnaqlara tabe olmağa məcbur edirdilər. Azərbaycanlılardan müxtəlif vergilərin toplanması, əhalinin mal-qarasının oğurlanması bu vaxtdan sonra müntəzəm hal alır. 1917-ci ilin dekabrında erməni silahlı quldur dəstələri İrəvan, Zəngəzur, Naxçıvan və Qarabağın bir sıra kəndlərinə soxularaq sakinlərin evlərində keşikçilər qoymaqla yanaşı, onlardan tabe olmağı tələb edirdilər.



Oxunub: 33427