Baş səhifə
» MÜNAQİŞƏ BMT-də
» BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş sənədlər
BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş sənədlərAzərbaycanın işğal olunmuş ərazilərində vəziyyət Baş Assambleya Birləşmiş Millətlərin Təşkilatının Nizamnaməsinin məqsədlərini, prinsiplərini və müddəalarını rəhbər tutaraq, Təhlükəsizlik Şurasının 822 (1993) saylı 30 aprel 1993-cü il tarixli, 853 (1993) saylı 29 iyul 1993-cü il tarixli, 874 (1993) saylı 14 oktyabr 1993-cü il tarixli və 884 (1993) saylı 12 noyabr 1993 tarixli qətnamələrini və Assambleyanın Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardım” adlanan 48/114 saylı 20 dekabr 1993-cü il tarixli və “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlanan 60/285 saylı 7 sentyabr 2006-cı il tarixli qətnamələrini bir daha xatırladaraq, Dağlıq Qarabağ ətrafındakı Azərbaycanın işğal olunmuş əraziləri üzrə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının fakt-araşdırıcı missiyasının hesabatını və Dağlıq Qarabağ ətrafındakı Azərbaycanın işğal olunmuş əraziləri üzrə Minsk Qrupunun fakt-araşdırıcı missiyasına dair Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupu Həmsədrlərinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Daimi Şurasına ünvanlanmış məktubunu1 həmçinin yada salaraq, Yanğınlara məruz qalmış Dağlıq Qarabağ regionu və onun ətraf ərazilərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı tərəfindən aparılmış ətraf mühitin qiymətləndirmə missiyasının hesabatını nəzərə alaraq, Münaqişə tərəflərinin beynəlxalq humanitar hüququn qaydalarına dürüstcəsinə riayət etməyə dair götürdüyü öhdəlikləri bir daha təsdiqləyərək, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və onun ətraf ərazilərində mövcud olan münaqişənin beynəlxalq sülh və təhlükəsizliyə təhdid olmasından ciddi narahatlıq duyaraq və onun Cənubi Qafqaz ölkələrindəki humanitar vəziyyətə və inkişafa etdiyi təsiri nəzərə alaraq, 1. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə davam edən hörmət və dəstəyi bir daha təsdiqləyir; 2. Ermənistanın bütün qüvvələrinin Azərbaycan Respublikasının işğal altında olan bütün ərazilərini dərhal, tam və qeyd-şərtsiz tərk etmələrini tələb edir; 3. Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindən qovulmuş əhalinin öz evlərinə qayıtmasına dair ayrılmaz hüquqlarını bir daha təsdiq edir və münaqişədən zərər görmüş ərazilərin bütünlüklə bərpası da daxil olmaqla bu qayıdış üçün müvafiq şəraitin yaradılmasının zəruriliyini vurğulayır; 4. Azərbaycan Respublikasının tərkibində qalacaq Dağlıq Qarabağ bölgəsində effektiv demokratik özünüidarə sisteminin yaradılması üçün imkan yaradacaq Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində azərbaycanlı və erməni icmaların normal, təhlükəsiz və bərabər şərtlər əsasında yaşamasının təmin edilməsinin zəruriliyini tanıyır; 5. Bir daha təsdiq edir ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalının nəticələrindən gələn vəziyyəti hüquqi olaraq tanımamalı, eləcə də bu vəziyyətin saxlanması üçün hər hansı yardım və dəstək göstərməməlidir; 6. Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə münaqişənin sülh yolu ilə həlli məqsədi daşıyan beynəlxalq vasitəçilik səylərinə, xüsusilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupunun səylərinə dəstək ifadə edir və yuxarıda qeyd olunan müddəalara uyğun şəkildə davamlı və dönməz sülhə nail olmaq məqsədilə bu səylərin intensivləşdirilməsi zəruriliyini tanıyır; 7. Üzv dövlətlər, beynəlxalq və regional təşkilatlar və strukturları öz səlahiyyətləri çərçivəsində münaqişənin tənzimlənməsi prosesinə səmərəli şəkildə töhfə verməyə çağırır; 8. Baş Katibdən Baş Assambleyanın altmış üçüncü sessiyasında bu qətnamənin həyata keçirilməsinə dair müfəssəl hesabat təqdim etməyi xahiş edir; 9. Altmış üçüncü sessiyanın ilkin gündəliyinə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı bəndin daxil edilməsini qərara alır. "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə 2008-ci il martın 14-də BMT Baş Assambleyası tərəfindən qəbul olunub.
|