Baş səhifə   » MÜNAQİŞƏ BMT-də    » BMT TŞ sənəd 6 aprel 1993   

BMT TŞ sənəd 6 aprel 1993

  


Təhlükəsizlik Şurasının üzvləri ilə məsləhətləşmələrdən sonra Şuranın sədri Şura adından 1993-cü il aprelin 6-da onun 3194-cü iclasında "Dağlıq Qarabağda vəziyyətə dair" sərlövhəli bəndin Şura tərəfindən baxılması ilə əlaqədar aşağıdakıları bəyan etmişdir:
Təhlükəsizlik Şurası Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsindən və Dağlıq Qarabağ münaqişəsində düşmənçilik hərəkətlərinin güclənməsindən, xüsusilə yerli erməni qüvvələrinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna müdaxiləsindən ciddi narahat olduğunu bildirir. Şura sülh və bölgənin təhlükəsizliyi üçün qorxu törədən belə düşmənçilik hərəkətlərinin hamısına dərhal son qoymağı və bu qüvvələri oradan çıxarmağı tələb edir.
Bununla əlaqədar Təhlükəsizlik Şurası bölgənin bütün dövlətlərinin suverenliyini və ərazi bütövlüyünü, onların sərhədlərinin pozulmazlığını təsdiq edərək ATƏM çərçivəsində sülh prosesinə tərəfdar olduğunu bildirir. O, ümid etdiyini bildirir ki, Minsk qrupunun bu yaxınlarda əldə etdiyi ilkin sazişdən sonra yaxın vaxtlarda atəşi dayandırmaq, müşahidəçilərin yerləşdirilməsi cədvəli, siyasi bəyannamənin layihəsi barədə sazişlər də əldə olunacaq və Minsk Konfransı tezliklə çağırılacaqdır.
Təhlükəsizlik Şurası müvafiq tərəfləri ATƏM çərçivəsində sülh prosesində irəliləyiş olması üçün əllərindən gələni əsirgəməməyə və problemin siyasi həllini çətinləşdirə bilən heç bir hərəkətə yol verməməyə təkidlə çağırır.
Şura, həmçinin mülki əhalinin iztirablarını azaltmaq məqsədilə bölgədə, o cümlədən münaqişəyə cəlb olunmuş bütün rayonlarda humanitar yardım göstərilməsi sahəsində beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsini təmin etməyə çağırır.
Təhlükəsizlik Şurası Baş katibdən xahiş edir ki, ATƏM ilə məsləhətləşərək faktları müvafiq şəkildə müəyyənləşdirsin və təcili olaraq Şuraya hadisə yerində vəziyyətə qiymət verən məruzə təqdim etsin.
Şura bu məsələ ilə məşğul olmaqda davam edəcəkdir.



Oxunub: 16602