Baş səhifə
» MÜNAQİŞƏ BMT-də
» BMT TŞ bəyanat 12 may 1992
BMT TŞ bəyanat 12 may 1992Təhlükəsizlik Şurasının üzvləri arasında məsləhətləşmələrdən sonra Şuranın sədri Şuranın adından 1992-ci il mayın 12-də onun 3072-ci iclasında "Dağlıq Qarabağda vəziyyətə dair" sərlövhəli bəndin Şura tərəfindən baxılması ilə əlaqədar aşağıdakıları bəyan etmişdir: Təhlükəsizlik Şurasının üzvləri Dağlıq Qarabağa dair vəziyyətin pisləşməsi və atəşkəs barədə sazişlərin pozulması ilə bağlı böyük insan tələfatına və xeyli maddi ziyan vurulmasına gətirib çıxaran son məlumatlardan, eləcə də bunların region ölkələri üçün nəticələrindən dərin narahatlıq keçirirlər. Təhlükəsizlik Şurasının üzvləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi çərçivəsində görülən səyləri, eynilə tərəflərə sülh yolu ilə nizamlanma əldə etməyə və humanitar yardım göstərilməsinə yönələn digər səyləri yüksək qiymətləndirir və dəstəkləyirlər. Onlar Baş katib tərəfindən bu bölgəyə təcili olaraq faktların araşdırılması və tərəflərə sülh yolu ilə nizamlanma əldə etmək üçün ATƏM çərçivəsində göstərilən səylərə tezliklə kömək edilməsinin yollarını və vasitələrinin öyrənilməsi üçün komissiya göndərilməsini alqışlayırlar. Bu missiya, həmçinin beynəlxalq birlik tərəfindən təxirəsalınmaz humanitar yardım göstərilməsinin mümkün yollarının özünə müvafiq texniki elementini daxil edəcəkdir. Təhlükəsizlik Şurasının üzvləri bütün maraqlı tərəfləri zorakılığa son qoyulması, Baş katibin missiyasının işini asanlaşdırmaq və onun personalının təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməyə çağırır. Onlar Şuranın sədri adından 1992-ci il yanvarın 23-də (S/23496) və fevralın 14-də (S/23597) müvafiq olaraq Ermənistanın və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunması barədə edilən bəyanatlarını və xüsusilə də nizamnamənin mübahisələrin dinc yollarla və güc tətbiq etmədən nizamlanmasına aid prinsiplərinə istinadları xatırlayırlar.
|