Baş səhifə   » HAQQIMIZDA    » Müraciətlər    » İlham Abduyevin azerbaijanphoto.com layihəsi ilə bağlı müraciəti   

İlham Abduyevin azerbaijanphoto.com layihəsi ilə bağlı müraciəti

  


Əziz  həmvətənlər!
1 oktyabr saat 12:00-da azerbaijans.com saytı daha bir layihəsini gerçəkləşdirəcək. azerbaijanphoto.com ünvanlı bu layihə əsasən vətənimiz Azərbaycanı  dünyada tanıtdırmaq strategiyasının  bir hissəsini təşkil edir.
Bəri başdan qeyd edim ki, istənilən foto bir anı həkk etdirməklə yanaşı, həmin anı təfərrüatı  ilə görüntüləmək  imkanına da malikdir.  Biz  görüb – bilmədiyimiz və ya haqqında  eşitdiyimiz  çox  məlumatlarla məhz fotolar vasitəsilə tanış oluruq. Bəzən əlçatmaz olan elə gözəlliklər var ki, onları dərk edib qavramaqda və onlardan əsl həyatda  olduğuna  yaxın bir tərzdə  zövq almaqda  fotodan qeyri  vasitə yoxdur.
azerbaijanphoto.com saytı  da bu  meyarı nəzərə almaqla hazırlanmışdır. Başqa sözlə, ölkəmizin şəhərlərini, kəndlərini, qəsəbələrini, onun əsrarəngiz və nadir təbiətini, ümumilikdə Azərbaycan  həyatını  ayrı-ayrı  lövhələrini vizuallaşdıraraq sizə və bütün dünyaya  təqdim etmək əsas məqsədimiz olmuşdur.  Onu da qeyd edim ki,azerbaijanphoto.com saytı Azərbaycanda ən böyük foto arxiv ( və ya foto bank)  olacağına iddialı bir sayt kimi  hazırlanmışdır. Sayt  zaman-zaman əlavələrlə zənginləşdiriləcək. Buna görə də istənilən idarə, müəssisə və ya təşkilat, o cümlədən ayrı-ayrı vətəndaşlar Azərbaycana aid fotolarla bizə müraciət edə bilərlər.

azerbaijanphoto.com saytının foto bazasında 3000-ə yaxın kənd, şəhər və qəsəbəmizdən  100000-dən çox foto görüntülər  yerləşdirilib. Bu orijinal fotoları günlərlə, aylarla yol qət edərək, təbiətin  bütün şıltaqlıqlarına dözərək çox böyük zəhmət və həvəs hesabına toplamışıq. Çünki  həmişə, hər an vətənimizi qarış- qarış, hər bir azərbaycanlıya  və əcnəbiyə tanıtdırmağın vacibliyini, əhəmiyyətini düşünürük. Yeri gəlmişkən, bildirim ki, saytda xüsusi marağınıza səbəb olacaq video görüntülər  də öz  əksini tapacaqdır.  Bu videolar saytın foto çəkilişləri zamanı lentə alınmışdır.

Əziz dostlar, inanıram ki,  digər layihələrimiz kimi, bu layihəmiz də Azərbaycanın  tanınmasında  dünyaya  açılan bir pəncərə olacaq və ölkəmizin yeni foto təqdimatı işində öz əhəmiyyətli sözünü  deyəcək. Layihə   ilə bağlı arzu  və istəklərinizi   gözləyəcəyik.

27.09.2012



Oxunub: 36637