Baş səhifə   » QARABAĞIN TARİXİ    » “Arsak” sözünün etimologiyası   

“Arsak” sözünün etimologiyası

  


Uzun müddətdir ki, ermənilər işğal etdiyi ərazilərin adlarını dəyişməklə tarixlərdən xəbər verən yer-yurd adlarını yaddaşlardan silib atmağa cəhd göstərirlər. Hətta onlar əsl türk-Azərbaycan mənşəli sözləri erməni mənşəli sözlər kimi izah etməkdən belə çəkinmirlər. Belə sözlərdən biri də “Arsak” toponimidir ki, bunun haylara (ermənilərə) heç bir dəxli olmadığı dəfələrlə sübut olunmuşdur.  
Pompey Troq “Arsaqın mənşəyi məlum deyil” fikrini irəli sürmüşdü, Orxon-Yenisey abidələrinin dilini kəşf edən Danimarka alimi V. Tomsen da aslar barədə eyni fikri təkrar edirdi. V.V.Bartold asların “qeyri-türk”, L.N.Qumilyov isə “sirli xalq” olduğunu göstərirlər. 

Təkcə Asiya, Qafqaz, Azov kimi qitə, ölkə və dəniz adlarındakı as/az sözü sübut edir ki, aslar vaxtilə dünyanın qüdrətli xalqlarından olmuşlar. Qədim və müasir As ünvanlı çay, dəniz, dağ adı Həştərxan (Astraxan), Astara, Asnı (kənd, çay, tayfa, dağ-şərur rayonu), Os/Oş (Qırğızıstan, Fransa, Macarıstan və s.) kimi toponimlər asların çoxünvanlı və çoxölkəli bir xalq olduğuna aid tutarlı sübutdur. Ayrı-ayrı yerlərdə, Macarıstanda, Çuvaşıstanda- Eslar, Osslar, Aslar, Aşer/Aser kimi aslarla bağlı toponimlərin sıxlığı asların ulu keçmişindən zəmanəmizə qalan yadigardır.
Uzaq Yaponiyadakı Asaxi (ağ aslar) şəhər, çay, dəniz və dağ adı da akas/asak sözlərinin fonetik variantları kimi diqqəti cəlb edir.
XIX əsr müəllifi İvan Şopen də Qafqazda As adını daşıyan çay, dağ və dəniz olduğunu qeyd etməklə asaxları (ağ asların) bu torpağın əsl sahibi adlandırır. Müəllif as sözünü “atlı adam” mənasında izah edir.
Beləliklə, Arsak sözünün tərkibi “sak”ın “asak”dan əmələ gəlməsi sirrinin açılışı aslarla bağlı çoxlu toponim, etnotoponim və antroponimlərin də düyünlərinin açılmasına imkan yaradır.

“Asak”ın, “sak”a və “sakın” isə “Asak”a çevrilməsini Orxon-Yenisey abidələri (V-IX əsrlər) uyğun faktlarının yazılışındakı üsulu tarixin sirlərindən biri kimi qəbul etmək olar...
…Abidələrin dilində mətndaxili transkripsiyalardakı kimi olan, lakin oxunarkən mütləq a hərfi ilə başlanan (As, Az, Arğu, Akas) kimi etnonimlər də vardır. Bu nümunələrin sonuncusu – ks antik qeyri-türk müəlliflər tərəfindən əslində olduğu kimi deyil, “a”sız - kas (kaspilər) formasında transkripsiya edilmişdir ki, bu da tarixşünaslıqda söhbətin minillərlə “akas”lardan deyil, mənası və taleyi məlum olmayan “mücərrəd bir tayfadan” – kaslardan getdiyinə gətirib çıxarmışdır. Buna görə də Herodot qeyd edir ki, Kaslar çoxdan ölüb getmiş bir xalqdır.
Bu vəziyyət qədim və orta əsrlərə aid müxtəlif mənbələrdə verilən və mənası indi də açılmayan kun (hun), bun, sibun, bask, ser, serik (Seriki), Ker(iya) və s. türk eponum və etnonimlərini də misal göstərmək olar. Bu sözlər əslində “a”nın əlavəsi ilə akun (akhun-ağ onlar-ağ hunlar, ebun-on eblər, asibun-on ev asları) Qafqazın ən qədim türkdilli sakinlərini: ebas ak(saklar) –ağ asların ebi-evi-vətəni (Qafqaz), aser-azər, aserik (Aseriki)-İkinci as ərlər, Aker-İya-(Qafqaz)-“Ağ ərlər” kimi aydın mənalı sözlər olmuşlar. Nümunələrin özü də “sak”ın tarixən “asak”(ağ as) olduğunu bir daha təsdiq edir.

Strabonun əsərində eradan əvvəl V əsrdə yaşamış İran padşahı Ksereks və Ərmən-türk torpağında Ksersana vilayət adına rast gəlirik. “Akas”ın ks oxunuşu bu sözlərdə də baş vermiş və türk dillərinə aid bu nümunələri tanınmaz dərəcədə dəyişmişdir. Qədim türk əlifbasına görə, ak aser akas …(Ağ asların ağası) və Akas er ak as on… (On ağ as ərlərinin ağ ası) olan bu ifadələr e.ə minilliklərə aid titullar və vəzifə adlarındandır.
Vaxtilə türk ellərindən olan “Uluğ ak as er eli” və “Kiçiq ak as er eli” (“el” – dövlət deməkdir) ehtimal ki, “Böyük Midiya” və “Kiçik Midiyanın” qədim adıdır. Bu adlar indi Əlcəzairdə və Mərakeşdəki “El Ksar əl Kəbir” və “El Ksar əl-Səğir” toponimlərində qorunub saxlanmışdır
Rum (Türkiyə) “Eron”. Qədim türk əlifbasının xüsusiyyətlərinə görə bu söz mətndaxili (Ron) rundur. Söz iki hissədən – “er” və “on”dan ibarətdir, On sayının “un” kimi işlənməsinə Unaqeb – On ağların vətəni – Marv, Karkun –ların ağ əri – böyük rəhbəri kimi misallara rast gəlirik. Deməli, Eron (On ərlərin vətəni) deməkdir. Eradan əvvəlki minilliklərdə türk-as tayfaları birdən-minə və daha çox sayla sıralanmışdır. Bu mənada Eron qeyri-türk müəlliflərin transkripsiyasında (e-siz) “Run” kimi əks olunmuşdur. Qafqazda Araqon və Alazon (ər, ak, on, və on) Az on – On azlar və On tayfalarının qədim ünvanları barədə məlumat verir. “Run” sözünün sonundakı n~m əvəzləməsi türk dillərinin ilkin çağları üçün də səciyyəvi olmuşdur. M. Kaşğari (XI əsr) qurun-qurum, boğun-boğum kimi deyilişlərə əsasən yazır: “Bu qanun türk dillərinin xüsusiyyətidir. Mən bunu “yeni türkcə” hesab edirəm. Lakin qıpçaq və başqa qəbilələrin adi adamları da belə danışırlar.”

Strabonun qeydinə əsasən, bərpa edildikdən sonra yunanlar tərəfindən “Yevrop” adlandırılan bu şəhəri parfiyalılar “Arsak” adlandırmışlar. Qədim türk əlifbasının yuxarıda qeyd etdiyimiz xüsusiyyətinə görə bu söz Erak (Arak) “ağ ərlər” olmuş və onun yazı forması yunan müəllifləri tərəfindən əslində olduğu kimi - Erak (Arak) kmi deyil, Raq şəklində (k~q) transkripsiya edilmişdir.
Bu sözün eradan əvvəl yüzillər və minillərdəki türk tayfa dillərinə aid deyiliş forması Kür çayının bir qolu “Arak”ın, habelə Midiya şəhəri “Raq”ın (Əslində Erak-ağ ərlərə aid yer) adında əks olunmuşdur.
“Ərak”ların (Arak) adı ilə Akar(naniya), Akar(nanlar) kimi tayfa, vilayət və şəxs adları da ərsakların nəinki Qafqazda, hətta onun hüdudlarından kənarda da daimi vətənləri olduğunu təsdiq edir.
İbn Xordadbehdə (IX- əsr) “Ər-Rey adı ilə tanınan (Tehran yaxınlığında) Midiyaya aid Raq şəhərinin Xəlifə Ömər tərəfindən fəth edildiyini və 1220-ci ildə isə monqolların xarabazara çevirdiyini Yaqut Həməvi (XII-XIII əsr) xəbər verir. Aydın olur ki, İraq türkmənləri tərəfindən indi də “Eraq” kimi tələffüz edilən “İraq” ölkəsinin adı “aker”lərlə (əraklarla) bağlı olmuş və ərəblər onu “Əraq” kimi tələffüz etmişlər. Qeyd edək ki, “İran” ölkə adı da İron (qıpçaqca: on ərlər) belə əmələ gəlmiş sırf türkmənşəli addır ki, indi də İran kimi formalaşmışdır. Əlavə edək ki, indi Qafqazda (Gürcüstan) İroni toponmi də bunu təsdiq edir.

Van (Türkiyə) “Ebon”. On ev tayfasının adı ilə bağlı olan bu sözün açılışı Onasların evi – vətəni deməkdir. Qədim İon, Eleon (İl on, El on) şəhər, yer-yurd, dağ adları və Araqon (ər ak on-on ağ ərlər) kimi toponimlərin açılışı da on as ərlərin (sak ərlər) yalnız Qafqazda deyil, Yaxın Şərqdə, Kiçik Asiyada və s. yerlərdə köklü sakin olduğuna dair tarixi sübutdur. “Bon”la bir mənşədən olan Frakiyadakı Afon (Afos) – “On”ların evi (On asların evi) kimi yarımada, dağ adları b~f, e~a, a~o əvəzlənmələri, nəhayət “ebon”un e-siz (bon) transkripsiyası “Van” göl və dövlət adının yaranmasına gətirib çıxarmışdır.
Bu qəbildən olan tarixi və müasir Arbun , Orkun, (Orxon çayı), Krun, Karun, Əsgəran, Şabran (Sabran) və s. yer-yurd adları as aklarla (sak) bağlı olmaqla yanaşı, Ərsak anlayışını da əks etdirir.
Deyilənlərdən aydın olur ki, Ərsak sözü Ərsarı, Ərtoğrul, Ərdahan, Ərdəbil, Əraz (Araz), Ərzurum, Ərak (Ərax) və s. sözlərin əvvəlkindən ər ilə həm mənşə, həm də mənaca bir kökdən ibarət olmaqla yanaşı, sırf türkmənşəli sözdür...
...Aydındır ki, Qafqaza soxulmuş yadellilərin “Ər asak”dan yaranmış Ərsak (Arsak) - Ağ as ərlərin (oğuzların) yeri Qarabağ torpağına və bu adla bağlı digər ünvanlara sahib olmağa nə tarixi, nə də mənəvi cəhətdən qətiyyən hüququ çatmır.



Oxunub: 115684