Baş səhifə
» QARABAĞIN TARİXİ
» Qarabağnamələr
Qarabağnamələr“Qarabağnamə”lər salnamə xarakteri daşıdıqları və eyni tarixi dövrdə baş verən hadisələri əks etdirdikləri üçün bir-birini, əsasən, təkrar edir. Başqa cür də ola bilməz. Salnamələrin diqqətlə təhlil edilməsi belə bir nəticəyə gəlməyə imkan verir ki, bütün başqa Azərbaycan xanlıqları kimi Qarabağ xanlığının da meydana çıxması sosial-iqtisadi və ictimai-siyasi proseslərin qanuni nəticələrindən biri idi. “Qarabağnamə”lərin uzun müddət işıq üzü görməməsi də onların tarixçi alimlərin nəzərindən kənarda qalmasına səbəb olmuşdur. Bu qiymətli tarixi salnamələri diqqətlə araşdırarkən məlum olur ki, onlarda XVIII əsrdə və XIX əsrin əvvəllərində Qarabağın, həm də bütövlükdə quzeyli-güneyli Azərbaycanın, habelə bütün Cənubi Qafqazın və Ön Asiyanın həyatında baş vermiş mürəkkəb ictimai-siyasi proseslərin obyektiv şəkildə işıqlandırılması, bir sıra qaranlıq mətləblərə aydınlıq gətirilməsi, bədnam ermənilərin canfəşanlıqla dünyaya səpələdikləri məkrli yalanları puça çıxarmaq üçün qiymətli məlumatlar var. Qaynaqların təhlili bir daha əyani şəkildə sübut edir ki, Qarabağ xanlığı Azərbaycan feodal dövləti kimi yaranmış, elə bu şəkildə də Rusiya imperiyasının tərkibinə qatılmışdır. 14 may 1805-ci il tarixli Kürəkçay müqaviləsinə Sisianovla birlikdə Qarabağ xanı İbrahimxəlil xan Cavanşir də qol çəkmişdir. Salnamə müəllifləri Qarabağın tarixi coğrafiyasını, onun daxilində və xaricində baş verən siyasi hadisələri, habelə Pənahəli xanın və İbrahimxəlil xanın dövrlərində tikilən şəhər və tarixi abidələr haqqında geniş məlumat verirlər. Bu məlumatlar xalqımızın tarixi, məişəti, təsərrüfatı, o zamankı həyat tərzinin bir sıra mühüm mətləblərinə işıq salmağa, XVIII əsrin ikinci yarısında bu bölgələrdə gedən taleyüklü tarixi proseslərin obyektiv mənzərəsini yaratmağa imkan verir. Mirzə Adıgözəl bəyin və Mirzə Camal bəy Cavanşir Qarabağinin öz salnamələrini Rusiya imperiyasının Cənubi Qafqazdakı canişinlərinin sifarişləri ilə yazdıqları mütləq nəzərə alınmalıdır. Hər iki tarixçi Rusiya imperiyasının dövlət idarələrində qulluq etmişdir. Məhz bu məqam Rusiya siyasəti ilə bağlı bir çox hallarda bu qiymətli qaynaqların məlumatlarına diqqətlə yanaşmağı, onları başqa məxəzlərlə tutuşdurmaq hesabına əsl həqiqəti aşkara çıxarmağı tələb edir. Mirzə Adıgözəl bəyin “Qarabağnamə” əsəri tarixi məzmununa görə xüsusilə fərqlənir. Mirzə Camal Cavanşir Qarabağinin “Qarabağ tarixi” əsəri də başqa salnamələrlə müqayisədə olduqca zəngindir. Müəllif Pənahəli xan və İbrahimxəlil xan dövrlərini daha dolğun təsvir edir, tarixi hadisələri ardıcıllıqla verir. Mirzə Camal bəy Cavanşir öz əsərində Qarabağın ictimai-iqtisadi vəziyyətini, kənd təsərrüfatını, suvarma şəbəkəsini, becərilən bitkiləri, xanların və onların qohumlarının əmlakını, mədaxil və məxariclərini, hərbi qüvvələrini və sair ətraflı göstərir. Mirzə Camalın salnaməsi müəllifin yaşadığı dövrün təsirindən irəli gələn məhdud cəhətlərinə baxmayaraq, digər “Qarabağnamə”lərlə müqayisədə böyük üstünlüklərə malikdir. Mirzə Yusif Qarabağinin “Tarixi-safi” əsəri özündən əvvəlki salnamələrdən o qədər də ciddi şəkildə fərqlənmir. O, Mirzə Adıgözəl bəyin və Mirzə Camal Cavanşirin qeyd etdikləri tarixi hadisələri təkrar edir. Müəllifin əsərinin fərqli cəhəti ondan ibarətdir ki, o, öz əsərində erməni millətçiliyinə daha çox üstünlük verir. Ona görə də Mirzə Yusif Qarabağinin əsərinə daha çox tənqidi yanaşmaq lazımdır. Əhməd bəy Cavanşirin “1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair” əsəri də digər salnamələr içərisində özünəməxsus yer tutur. Onu da qeyd edək ki, Əhməd bəy Cavanşir öz əsərindən danışarkən qeyd edirdi ki, istifadə etdiyim mənbələr Mirzə Adıgözəl bəyin, Mirzə Camalın əsərləri və digər mənbələr olmuşdur. Əhməd bəy Cavanşirin əsərinin fərqli cəhətlərindən biri də ondan ibarətdir ki, o, Kürəkçay müqaviləsinə də müəyyən qədər diqqət yetirmişdir. Əhməd bəyin əsərində İbrahimxəlil xana qarşı qərəzçilik özünü aydın surətdə göstərir. Müəllif heç bir səbəb olmadan Məhəmməd bəy Cavanşirə haqq qazandırmağa çalışır. Mirzə Mehdi Xəzaninin “Kitabi-tarixi-Qarabağ” əsəri dil və üslubuna görə bir qədər çətin olsa da, tarixi baxımdan çox əhəmiyyətlidir. O öz əsərində Qarabağın mədəniyyəti ilə bağlı məsələlərə daha çox yer vermişdir. XIX əsrin əvvəlləri Azərbaycan mədəniyyətinin dolğun mənzərəsini yaratmaq üçün bu, çox mühüm məxəzdir. Rzaqulu bəy Mirzə Camal oğlunun “Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri” əsəri, özünün etiraf etdiyi kimi, atasının əsərinin yığcam xülasəsindən ibarətdir. Lakin hər halda Rzaqulu bəyin salnaməsində bir sıra əlavə materiallar var ki, onlar dövrün tarixinin daha dolğun yazılması üçün faydalı ola bilər. Mirzə Rəhim Fənanın “Tarixi-cədid-Qarabağ” əsərinin bəzi hissələri əldə edilmədiyindən onun haqqında tam təsəvvür yaratmaq imkan xaricindədir. Bu əsərdə də müəllif özündən əvvəl yazılan salnamələri sanki təkrar edir. Hər halda Mirzə Rəhim Fənanın salnaməsi də Qarabağın dolğun tarixinin yazılması baxımından bir sıra məziyyətlərə malikdir. Əsərdə qeyd edilən məlumatlar, o dövrün ictimai-siyasi ab-havasını dərk etmək baxımından xüsusilə maraq doğurur. Qarabağ xanlığının tarixinə həsr edilən salnamələrdən biri də M. Baharlının “Əhvalati-Qarabağ” əsəridir. Müəllif əsərində Qarabağın tarixindən daha çox onun memarlıq abidələrinə, tarixi şəxsiyyətlərinə, adət və ənənələrinə, etnoqrafiyasına yer verir. Azərbaycan mədəniyyəti, xüsusilə də, orta əsrlər mədəniyyəti tarixi üzrə qaynaqların kasadlığı şəraitində bu, çox qiymətli mənbədir. Həsən İxfa Əlizadə də “Şuşa şəhərinin tarixi” əsərini yazmışdır. O, əsərində Qarabağ xanlığının mərkəzi Şuşa şəhərinin bünövrəsinin qoyulmasından bəri baş verən hadisələri izləmiş və məscidlərin üzərindəki daş kitabələri tərcümə etmişdir.
Qarabağ tarixinə həsr olunan salnamələrdən biri də Həsənəli xan Qaradağinin “Qarabağ vilayətinin qədim cədid keyfiyyət və övzaları” əsəridir. Bu əsər yarımçıq və çox qüsurludur. Müəllif əsərində Qarabağın tarixi abidələrinə aid az da olsa, məlumat verir. Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində Qarabağın tarixinə aid xeyli tarixi məlumat toplamışdır. Müəllif Qarabağın tarixi coğrafiyası və etnoqrafiyası haqqında topladığı çoxlu məlumatı əsərinin beşinci fəslində çox maraqlı və oxunaqlı şəkildə sistemləşdirmişdir. A. A. Bakıxanov qeyd edir ki, müstəqil dövlətlər olan xanlıqlar dövründə ara müharibələrinə baxmayaraq, məhsuldar qüvvələrin inkişafı istiqamətində xeyli irəliləyiş olmuş, XIX əsrin ilk onilliklərində vətən torpaqlarının Romanovlar və Qacarlar arasında parçalanması isə Azərbaycana, onun sosial-iqtisadi və mədəni-siyasi həyatına ağır zərbələr vurmuş, rus müstəmləkəçilərinin əli ilə bugünkü bəlalarımızın ən böyüyünün əsası qoyulmuşdur. “Qarabağnamə”lərdə erməni ünsürü haqqında söhbət getmir. Çünki Qarabağa erməni ünsürü XIX əsrin əvvəllərində Rusiya müstəmləkəçilərinin əli ilə gətirilmiş, son 15-20 il ərzində xalqımızın başına açılan oyunların bünövrəsi məhz o dövrdə - XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarına, o cümlədən də, Qarabağa ermənilərin köçürülməsi ilə qoyulmuşdur.
|