Baş səhifə   » MUSİQİ    » Xanəndələr   

Xanəndələr

  


Hacı Hüsü (1839-1898)

Hacı Hüsü (Kazımlı Hacı Hüsü Kərbəlayı Lütfəli oğlu) Şuşa şəhərində anadan olub. Şuşa vokal sənətinin ən görkəmli nümayəndələrindən biri olan Xarrat Qulunun yetişdirməsidir. 1880-cı ildə İran şahı Nəsrəddin H.Hüsünü Təbrizə oğlunun toyuna dəvət edib. Toyun sonunda şah tərəfindən müğənnilərə verilən birinci mükafata məhz H.Hüsü layiq görülüb.
H.Hüsü gözəl xanəndə olmaqla bərabər, həm də Şərq və Azərbaycan muğamlarını əla bilən musiqişünas və müəllim kimi də məşhur olub. O, bir sıra muğamları təkmilləşdirmiş, onların yeni variantlarını yaradıb. 

Əbdülbaqi Zülalov (Bülbülcan) (1841-1927)

Əbdülbaqi Zülalov (Kərbəlayi Əli oğlu) Şuşa şəhərində anadan olub. Xalq içində əsasən “Bülbülcan” təxəllüsü ilə daha çox tanınıb. Azərbaycanda xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biridir. İlk musiqi təhsilini Şuşada Xarrat Qulunun məktəbində almış, Qarabağ, Gəncə, Şəki, və sair yerlərdə xanəndəlik etmişdir.
1905-ci ildə Şuşaya qayıdan Bülbülcan burada “Qısa müddətli Şərq musiqisi kursları”nda (“Şərq konservatoriyası”), 1923-cü ildə Bakıda Azərbaycan Dövlət Türk Musiqi Məktəbində muğamatdan dərs deyib.

Cabbar Qaryağdıoğlu (İsmayıl oğlu) (1861-1944)

Cabbar Qaryağdıoğlu ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnının üzərində işləyib. Xanəndə Zaqafqaziyada ən yaxşı xalq ifaçısı şöhrətini qazanıb. O, Azərbaycan muğamlarının müasir ifaçılığı sənətinin banisi hesab edilir.
C.Qaryağdıoğlu Şuşada “Seyidli” məhəlləsində anadan olub. Azərbaycanda opera sənətinin meydana gəlməsində də onun rolu böyükdür. Opera səhnəmizin ilk aktyoru məhz C.Qaryağdıoğlu olub. O, Azərbaycan Konservatoriyasının ilk təşkilatçılarındandır, burada muğam sinfinə rəhbərlik edib. 1906-1912-ci illərdə “Qrammafon”, “Sportrekord”, “Ekstrafon” aksioner cəmiyyətləri tərəfindən Kiyev, Moskva və Varşavada səsi qrammafon valına yazılıb. C.Qaryağdıoğlu 1906-cı ildə Varşavada konsert verib. Onu məşhur italyan müğənnisi E. Karuzo ilə müqayisə ediblər. 

Keçəçioğlu Məhəmməd (1864-1940)

Keçəçioğlu Məhəmməd (Məhəmməd Məşədi Xəlil oğlu) Şuşa şəhərində anadan olub. Onun repertuarında klassik muğamlar, təsnif və xalq mahnıları əsas yer tutub. Xanəndə bütün muğam-dəstgahları və zərbi muğamları ustalıqla oxuyub. Onun ifasında bir sıra muğam, təsnif və xalq mahnıları 1912-ci ildə “Sport-rekord” (Varşava), 1914-cü ildə “Ekstrafon” (Kiyev) şirkətləri tərəfindən qrammafon valına yazılıb. Onun “Leyli” təsnifi xüsusilə dillər əzbəri olub. K.Məhəmmədin Cabbar Qaryağdıoğlu ilə birgə Füzulinin “Leyli və Məcnun” poemasından səhnələri duet şəklində oxumaları çox məşhur olub. 

Məcid Behbudalı oğlu Behbudov (1873-1945)

Məcid Behbudov Şuşa şəhərində dünyaya gəlib. Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi olan xanəndə əvvəllər Qarabağda və Gəncədə xanəndə kimi fəaliyyət göstərsə də, sonralar uzun illər Tiflisdə yaşayaraq, konsertlər verib. 
“Qrammofon” şirkəti 1910-cu ildə onu Riqa şəhərinə səsini vala yazmağa dəvət edib. Riqada xanəndə M.Behbudov Məşədi Cəmil Əmirovun müşayiəti ilə bir neçə muğam, təsnif və xalq mahnılarını oxuyaraq vala yazdırıb. “Mirzə Hüseyn Segahı”, “Şüştər”, “Çahargah” muğamlarının mahir ifaçısı kimi tanınıb. 

Məşədi Məmməd Fərzəliyev (1872-1962)

Məşədi Məmməd Fərzəliyev Şuşa şəhərində doğulub və musiqi təhsilini də burada Xarrat Qulunun məktəbində alıb. Xanəndə Azərbaycan xanəndəlik sənəti tarixində “Şüştər” muğamının mahir ifaçısı kimi tanınıb. O, qədim Azərbaycan mahnılarını və təsnifləri böyük məharətlə ifa edib. 1926-ci ildən M.M.Fərzəliyev muğam üçlüyünün müşayiəti ilə Rusiyanın bir çox şəhərlərində, Polşa, Almaniya, Fransa, Belçika, İngiltərə, Avstriya, Rumıniya, Türkiyə və İranda dəfələrlə konsertlər verib. 1929-ci ildə Türkiyəyə köçüb, ömrünün sonuna kimi burada yaşayıb. M.M.Fərzəliyev Azərbaycan xanəndəsi kimi milli musiqi mədəniyyətini xaricdə geniş şəkildə tanıdıb.

İslam Əbdül oğlu Abdullayev (1876-1964)

Azərbaycanın Qarabağ muğam ifaçılığı məktəbinin görkəmli nümayəndəsi, xanəndə İslam Abdullayev Şuşa şəhərində anadan olub. Muğamları musiqişünas alim Mir Möhsün Nəvvabdan, xanəndə Hacı Hüsüdən öyrənib. Tarzən Mirzə Sadıq Əsəd oğlunun müşayiətilə çıxış etməyə başlayıb. 1910-1915 illərdə “Sport-Rekord” və “Ekstrafon” səsyazma şirkətləri tərəfindən İ.Abdullayevin ifasında “Segah”, “Bayatı-Qacar”, “Şahnaz”, “Şüştər” muğamları və bir sıra təsniflər qrammofon vallarına yazılıb
Azərbaycan musiqi tarixində İ.Abdullayev “Segah” muğamının təkrarsız ifaçısı kimi tanınıb. 

Seyid Şuşinski (1889-1965)

Əslən Şuşalı olan Seyid Şuşinski Füzuli rayonunun Horadiz kəndində anadan olub. Cabbar Qaryağdıoğlu onu “Şərq musiqisinin incisi” adlandırıb. 
S. Şuşinski məşhur “Molla Nəsrəddin” jurnalının bir neçə nömrəsinin çıxmağına maddi yardım göstərib. Ümumiyyətlə, S.Şuşinski böyük mesenat idi, o dövrün teatr aktyorlarına da yardım edirdi. 
O, novator sənətkar olaraq, bir çox muğamları birləşdirib yeni variantda oxumuşdur.

Musa Fərhad oğlu Şuşinski (1893-1971)

Musa Şuşinski Şuşa şəhərində anadan olub. O, klassik Azərbaycan xanəndələrinin gözəl ənənələrini davam etdirən sənətkarlardan biri idi. 
M.Şuşinski 1932-ci ildə Üzeyir bəy Hacıbəyli tərəfindən Bakıya dəvət edilib. O zaman məşhur bəstəkarın rəhbərliyi ilə şəhərin Rote-Fane (indiki Nizami adına) parkında “Şərq konsertləri” təşkil olunub. Həmin ilin iyul ayında M.Şuşinski də Bakı tamaşaçıları qarşısında çıxış edib. 

Bülbül (Murtuza Məşədi Rza ooğlu Məmmədov) (1897-1961)

Murtuza Məmmədova qeyri-adi dərəcədə gözəl səsinə görə Bülbül adı verilmişdir. Şuşa yaxınlığında, Xanbağı adlanan yerdə doğulmuşdur.
Bülbül Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal məktəbinin banisi olmuşdur. 
1927 ildә Bakı Konservatoriyasını bitirmiş və һәmin ildәn tәһsilini dövlət xətti ilə 4 il Milanda (İtaliyada) davam etdirmişdir. 1931-ci ildə Milan Konservatoriyasını (Delliponti və R. Qraninin sinifini) bitirib geri dönən Bülbül Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlamışdır. 
Bülbülün “Koroğlu” operasında ilk ifaçısı olduğu Koroğlu obrazı onun ifaçılıq sәnәtinin zirvәsidir. Bundan başqa, o, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinin mahir ifaçısı olmuşdur. 

Zülfi Səməd oğlu Adıgözәlov (1898-1963)

Zülfi Adıgözәlov Şuşanın Qaradolaq kəndində anadan olub. 1927-cü ildə Cabbar Qaryağdıoğlu onu Bakıya dəvət etmişdir. O, muğam dəstgahını tam şəkildə bəm və orta tessiturada özünəməxsus oxuma məktəbini yaradıb. 
Xanəndənin ifa etdiyi və lentə, qrammafon vallarına yazdırdığı “Rast”, “Mahur-hindi”, “Segah-Zabul”, “Bayatı-Şiraz”, “Humayun” muğam dəstgahları və bir sıra təsniflər (“Nəbi”, “Mən gedirəm Zəngilana”, “Dedim bir busə ver”, “Kəklik” və b.) Azərbaycan musiqisinin nadir inciləridir. O, muğam dəstgahların ayrı-ayrı uyğun şöbələrini birləşdirərək mikrosilsilə kimi müstəqil şəkildə təfsir edib. 

Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir) (1901-1979)

Azərbaycan muğam sənətinin korifeylərindən olan Xan Şuşinski Şuşa şəhərində dünyaya gəlib. 12-13 yaşı olarkən Şuşa məclislərinin birində onun məharətli ifası bütün qonaqları heyran etdiyindən, ustadı İslam Abdullayev ona “Xan” adını verib.
Simfonik orkestrin müşayiətilə ilk dəfə simfonik muğamlarda solo hissəni Xan oxuyub. Musiqi tariximizdə ilk duet də böyük sənətkarın adı ilə bağlıdır. Azərbaycan musiqi tarixində ilk duet Şövkət xanım Ələkbərova ilə Xan Şuşinskinin ifasında səslənib. 

Rəşid Məcid oğlu Behbudov (1915-1989) 

Əslən şuşalı olsa da, Rəşid Behbudov Tiflisdə doğulmuşdur. Gənc yaşlarında Tiflis estrada qruplarından birində solistlik etmişdir. Ardınca Ermənistan Dövlət Caz orkestrində solistliyə başlamışdır. 
O, Azərbaycan Dövlət Filarmoniyasının, M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olubdur. R.Behbudov 1966-cı ildə musiqi və estrada sənətinin caz, balet, pantomima kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edərək ömrünün sonunadək onun solisti və bədii rəhbəri olmuşdur. Bütün sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edib. R.Behbudovun Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rolu var. 

Əbülfət Əsəd oğlu Əliyev (1926-1990)

Əbülfət Əliyev Şuşada doğulub. 1964-cü ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adını alıb. 1945-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Opera və Balet Teatrının (1956-1962) solisti olub. 
Məcnun ("Leyli və Məcnun"), Kərəm ("Əsli və Kərəm"), Qərib ("Aşıq Qərib") və Şah İsmayıl ("Şah İsmayıl") əsas və yadda qalan rolları olmuşdur.

Yaqub Məhəmməd oğlu Məmmədov (1930-2003)

Yaqub Məmmədov Ağcabədi rayonunda anadan olub. Görkəmli xanəndə Seyid Şuşinskidən muğam dəstgahları, xanəndəlik sənətinin sirlərini öyrənib. O, bütün muğam dəstgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən bilib. Y.Məmmədov uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş, konsertlərdə çıxış edib. Onun ifasında qrammofon vallarına yazılmış muğam-dəstgahlar təkcə Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərqdə məşhur olub. 

Mürşüd Səlim oğlu Məmmədov (1932-1996)

Mürşüd Məmmədov Ağdam rayonunda Muradbəyli kəndində anadan olub. Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndəsi olan xanəndənin ifasında səslənən “Bayatı-Şiraz”, “Segah”, “Zabul-segah”, “Rast”, “Qatar”, “Qarabağ şikəstəsi” muğamları bir sıra digər mahnı və təsniflər muğam sənətinin inkişafında özünəməxsus yer tutur.
O, opera səhnəsində də özünü sınamış, muğam operalarında bir sıra rollar oynamışdır. 

İslam Tapdıq oğlu Rzayev (1934-2006) 

İslam Rzayev Füzuli rayonunun Sərdarlı kəndində doğulub. Qarabağ xanəndəlik məktəbinin istedadlı nümayəndəsidir. Onun yaradıcılığı əhatəli və çoxşaxəli olub. 
İ .Rzayev dünyanın 74 ölkəsində qastrol səfərində olub. 1988-ci ildə İ.Rzayev başqa musiqi xadimləri ilə birlikdə “Muğam teatrı” yaradıb və bu taetrın bədii rəhbəri kimi fəaliyyət göstərib, Azərbaycan Milli Konservatoriyasının, Mədəniyyət və İncəsənət Universitetinin professoru olub. 

Qədir Çərkəz oğlu Rüstəmov (1935) 

Qədir Rüstəmov Ağdamda anadan olub. Xanəndə Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biridir. Onun ifasında bir sıra muğam dəstgahlar “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılıb. Yüksək tessituralı səsə malik Q.Rüstəmov bütün registrlərdə səs keyfiyyətlərini nümayiş etdirməyi bacarır. Onun “Sona bülbüllər” mahnısı xüsusilə çox sevilir.

Arif İmran oğlu Babayev  (1938)

Azərbaycan Respublikasının xalq artisti Arif Babayev Qarabağ muğam məktəbinin XX əsrin ikinci yarısındakı görkəmli davamçısıdır. Ağdam bölgəsində doğulan xanəndənin dəstgahları milli muğam sənətinin qızıl fonduna daxil olub, Azərbaycan musiqi xəzinəsini zənginləşdirmişdir.
Xalq mahnıları, “Şur”, “Segah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərb muğamları A. Babayevin repertuarının əsasını təşkil edirA. Babayev 1990-cı ildə tarixdə ilk dəfə muğam üzrə professor seçilmişdir. Hazırda Milli Konservatoriyanın muğam kafedrasının müdiridir. 

Şahmalı Kürdoğlu (1930-1992)
Şahmalı Kürdoğlu (Hacıyev Şahmalı Mirsəqulu oğlu) Ağdam rayonun Qiyaslı kəndində anadan olub. O, Azərbaycan muğam tarixində özünəməxsus xidmətləri olmaqla bərabər şəhid xanəndə kimi anılır. Ş.Kürdoğlu Seyid Şuşinski məktəbinin və eləcə də Qarabağ ictimai mühitinin yetirməsidir. 

Süleyman Cümşüd oğlu Abdullayev (1939) 

Süleyman Abdullayev Füzuli rayonun Qoçəhmədli kəndində anadan olub. Xanəndə müasir dövrdə Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biridir. 1969-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən ümumdünya festivalının qalibi olub. Dünyanın bir neçə ölkəsində konsert proqramları ilə çıxışlar edib. 
Hazırda S.Abdullayev ölkənin mədəni həyatında fəal iştirak edir, cəbhə bölgələrində əsgərlər qarşısında konsertlər verir.

Teymur İbrahim oğlu Mirzəyev (1936)

Teymur Mirzəyev Ağdamda anadan olub. O, 1961-ci ildə “Qaya” Dövlət ansamblının yaradıcısı, bədii rəhbəri və solisti olub. Ümumittifaq və Beynəlxalq müsabiqələr laureatı “Qaya” ansamblı SSRİ məkanında və bir çox xarici dövlətlərdə tanınmış kollektivlərdən biri idi. Bu kollektiv 1964-cü ildə Moskvada keçirilən Ümumdünya estrada müsabiqəsində I yeri qazanıb. 
Estrada ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan T.Mirzəyev kollektivin bədii rəhbəri kimi eyni zamanda, özünəməxsus ifa üslubu ilə Azərbaycan milli ifaçılıq sənətini daha da inkişaf etdirib. Kollektivlə birgə dünyanın müxtəlif ölkələrində - Almaniyada, Avstriyada, Amerikada, Türkiyədə, Hindistanda, Afrikada, Çexoslovakiyada, İsraildə, Kanadada, Gürcüstanda, Ukraynada məharətlə çıxış edib, onu ayrı-ayrı xalqların nümayəndələrinə sevdirə bilib.

Vahid Əli oğlu Abdullayev (1948-2001) 
Qarabağ muğam məktəbinin klassik ənənələri zəmnində yetişən Vahid Abdullayev Ağdam rayonun Zəngişalı-Mahrızlı kəndində anadan olub. O, Asəf Zeynallı adına musiqi məktəbində peşəkar təhsil alıb və sonralar elə həmin məktəbdə də dərs deməyə başlayıb. Onun ifasında “Bayatı-Şiraz”, “Zabul-segah” muğam dəstgahları, “Qarabağ şikəstəsi” zərbi - muğamı muğamsevər dinləyicilərin və musiqi bilicilərinin rəğbətini qazanm, xüsusilə xatirində qalıb.
V. Abdullayev Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan konsert birliyinin solisti olub. O, Azərbaycan muğamlarını Türkiyə, Fransa, İsrail və İranın konsert salonlarında səsləndirib.

Səxavət Əmirxan oğlu Məmmədov (1953-1991)

Səxavət Məmmədov Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Qarabağın yetirməsi olan Səxavət Məmmədov oxuduğu mahnıların əksəriyyəti “Segah” ladında olub. Xanəndə 30 sentyabr 1991-ci ildə avtomobil qəzasına uğrayaraq dünyasını dəyişib. Ağdamın Abdal-Gülablı kəndinin qəbiristanlığında dəfn olunub. Ağdam rayonunun ermənilər tərəfindən işğalı nəticəsində Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalıb. 

Sabir Əli oğlu Abdullayev (1957) 

Qarabağ muğam məktəbinin yetirməsi Sabir Abdullayev Ağdam rayonunun Zəngişalı-Mahrızlı kəndində anadan olub. O, “Zabul-segah”ı, “Mirzə Hüseyn segahı”nı xüsusi zövqlə ifa edib. Bu muğamların lent yazıları Azərbaycan Dövlət Radio və Televiziyasının qızıl fonduna daxil edilib. S.Abdullayev muğam dəstgahlarını Qarabağ musiqi məktəbinin klassik ənənələrinə sadiq qalaraq ifa edir.
S.Abdullayev bu gün də həm musiqi məktəbində, həm də Bakı Musiqi Konservatoriyasın nəzdindəki Musiqi Kollecində xanəndələr nəslinin davamçılarına muğamları tədris edir. 

Mənsum İsrafil oğlu İbrahimov (1960)

Azərbaycanda Qarabağ muğam məktəbinin müasir dövrdə tanınmış davamçılarından Mənsum İbrahimov özünəməxsus ifaçılıq üslubu ilə Azərbaycan musiqi xəzinəsini zənginləşdirib. O, öz repertuarında bütün muğam dəsgahlarına müraciət edir. Xanəndə Almaniya, Hollandiya, Fransa, Belçika, Lüksemburq, Kipr, İraq, İran, Türkiyə və s. dünyanın bir çox ölkələrində muğamlarımızı təbliğ edir. 

Fehruz Əmirxan oğlu Məmmədov (1972)

Fehruz (Firuz) Məmmədov Ağdam rayonunda anadan olub. Xanəndə müasir dövrdə Qarabağ muğam ifaçılığı məktəbinin layiqli davamçılarından biridir. F.Məmmədov Xan Şuşinski adına Ağdam muğam məktəbinin yetirməsidir. Xanəndə İran, Türkiyə və başqa ölkələrə qastrol səfərlərində olub. 

Nəzakət Xosrov qızı Teymurova (1972)

Nəzakət Teymurova Ağdam rayonunda anadan olub. O, xalq artisti, professor Arif Babayevdən dərs alıb. N.Teymurova elə həmin ildən də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Opera solisti kimi fəaliyyət göstərməklə yanaşı, N.Teymurova həm də muğam, xalq və bəstəkar mahnılarının da peşəkar ifaçısıdır. N.Teymurova Almaniya, ABŞ, Koreya, Yaponiya, Macarıstan, Fransa, Türkiyə, İran, İsveçrədə konsert proqramları ilə Azərbaycan milli muğam sənətini ləyaqətlə təmsil edib. 

Cabir Əli oğlu Abdullayev (1966)

Cabir Abdullayev Ağdamda anadan olmuşdur. O, 2001-ci ildə Bakı Musiqi Akademiyasının muğam fakültəsini bitirmişdir. C. Abdullayev, respublikada keçirilən bir çox yubiley və dövlət tədbirlərində, habelə 2004-cü ildə Avstriyada keçirilən Mədəniyyət Günlərində Azərbaycan incəsənət ustaları ilə birgə uğurla çıxış etmişdir. Hazırda Dövlət «Muğam» Teatrının solistidir. 

Təyyar Allahverdi oğlu Bayramov (1976) 

Gənc xanəndə Təyyar Bayramov Ağdam rayonunda anadan olub. Muğama uşaq vaxtlarından maraq göstərib.  A.Zeynallı adına musiqi kollecində təhsil alarkən peşəkar ifaçılıqla məşğul olmağa başlayıb. Kollecdə oxuduğu zaman keçirilən musiqi müsabiqələrindən birinə qatılıb və 3-cü yeri tutub. 
T.Bayramov 2005-ci ildə keçirilən Televiziya Muğam Müsabiqəsində 1-ci yeri tutub. 2009-cu ildə isə Beynəlxalq muğam müsabiqəsində baş mükafata-“Qran- pri”yə layiq görülüb.



Oxunub: 73692