Baş səhifə   » DÖVLƏT SİYASƏTİ    » Münaqişədə Azərbaycan Respublikasının rəsmi mövqeyi   

Münaqişədə Azərbaycan Respublikasının rəsmi mövqeyi

  



Münaqişənin həllinə dair Azərbaycanın mövqeyi ATƏT çərçivəsində uzun sürən vasitəçilik səylərinin heç də həmişə ardıcıl olmamasına və nəticə verməməsinə baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə konstruktiv həllinə tərəfdar olmaqda davam edir. Azərbaycan hökumətinin məqsədi bütün işğal olunmuş ərazilərin azad edilməsi, məcburi köçkünlərin öz evlərinə qayıtması və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də bütün Cənubi Qafqaz regionunda sabitlik və davamlı sülhün bərqərar olmasına nail olmaqdır. Nizamlama prosesinin əsas məqsədi Dağlıq Qarabağın Azərbaycan daxilində statusunu işləyib-hazırlamaq, onun modelini və hüquqi çərçivəsini müəyyən etməkdir. Azərbaycan tərəfi inanır ki, hər hansı statusun müəyyən edilməsi prosesi bölgənin bütün əhalisinin, o cümlədən erməni və azərbaycanlı icmalarının birbaşa, tam və bərabər iştirakı ilə normal sülh və onların Azərbaycan hökuməti ilə hüquqi və demokratik proseslər çərçivəsində konstruktiv qarşılıqlı əlaqəsi şəraitində baş tutmalıdır. Münaqişə tərəflərinin Dağlıq Qarabağın Azərbaycan daxilində özünüidarə statusunun müzakirələrinə başlaması mərhələsinə çatması üçün bir sıra mühüm addımlar atılmalıdır:
Birinci, münaqişənin həlli kontekstindən hərbi işğal amili kənarlaşdırılmalıdır. Tutarlı səbəblər olmadan ərazilərin geri qaytarılmasının gecikdirilməsi onsuz da çətin olan nizamlama prosesini mürəkkəbləşdirə bilər. 
İkinci, bölgədə münaqişədən əvvəlki demoqrafik vəziyyət bərpa olunmalıdır. Məlum məsələdir ki, Dağlıq Qarabağın statusu yalnız və yalnız erməni və azərbaycanlı icmalarının yanaşı yaşayışı şəraitində və hər iki icmanın birbaşa iştirakı ilə müəyyən oluna bilər. 
Üçüncü, Dağlıq Qarabağın yeni özünüidarə statusu işlənib-hazırlananadək Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə erməni icmasının yerli hakimiyyət orqanları arasında qarşılıqlı əlaqə yaradılmalıdır. 
Dördüncü, bölgə iqtisadi cəhətdən inkişaf etdirilməli və bərpa olunmalıdır. Bu, həyatı normallaşdırma prosesi və iki icmanın dinc yanaşı yaşaması və əməkdaşlığının bərpası üçün mühüm addımdır. Buraya iki icma, eləcə də Azərbaycan və Dağlıq Qarabağın mərkəzi hakimiyyət orqanları arasında iqtisadi əlaqələrin bərpası və inkişafı, hər iki istiqamətdə hər iki tərəfin qarşılıqlı istifadəsi üçün kommunikasiyaların bərpası və açılması da daxildir. Belə olacağı təqdirdə, Dağlıq Qarabağ bölgəsinin erməni əhalisi Ermənistanla, Azərbaycan da Laçın dəhlizi vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə əlaqə qurmaq imkanı əldə edəcəkdir. 
Beşinci, iki icma arasında humanitar sahədə əməkdaşlıq, təhsil və dözümlülük kimi xüsusi proqramlar həyata keçirilməlidir. Azərbaycan və Ermənistan arasında imzalanmalı olan sülh sazişinin yerinə yetirilməsinə gəldikdə, o, həmin sazişlə hər iki tərəfin üzərinə götürdüyü öhdəliklər, eləcə də böyük dövlətlər və beynəlxalq təşkilatlar da daxil olmaqla, müvafiq beynəlxalq zəmanətlərlə təmin edilməlidir. Aydındır ki, sülh prosesinin müvəffəqiyyəti həmçinin tərəflərin konstruktiv yanaşmasından, eləcə də beynəlxalq ictimaiyyətin, xüsusilə də ATƏT-in Minsk qrupu həmsədrlərinin fəal yardımından asılıdır. Bununla belə, Ermənistanın məsələ ilə bağlı tutduğu mövqe üzündən nəzərəçarpan müsbət dəyişikliyə ümid etmək çox çətindir. Əslində münaqişənin lap başlanğıcından Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün məqsədi güc yolu ilə ərazi ələ keçirmək və işğal edilən ərazilərin demoqrafik tərkibini dəyişmək olmuşdur. Məhz birtərəfli ayrılmaya nail olmaq məqsədilə, Ermənistan Dağlıq Qarabağ ətrafındakı bəzi işğal olunmuş rayonlar üzərində nəzarəti saxlamaq istəyir, azərbaycanlı köçkünlərin öz yurd-yuvalarına qayıtmasının qarşısını alır və beləliklə də hər iki icmanın fikirlərinin bərabər əsasda nəzərdən keçirilməsini əngəlləyir. Aydındır ki, Ermənistanın məsələyə bu cür yanaşması münaqişənin həlli üçün möhkəm təməl rolunu oynaya bilməz. Vəziyyətin bu cür saxlanılması qanunun aliliyi və insan hüquqlarının pozulmasının nəticələrini qəbul etmək, yaxud başqa sözlə desək, zorakılığın ədalət üzərində qələbə çalması demək olardı. Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həllinə tərəfdar olsa da, ərazi bütövlüyü məsələsində əsla güzəştə getməyəcək və beləliklə də münaqişənin Ermənistan tərəfinin zorla qəbul etdirməyə çalışdığı “fait accompli”, yəni baş tutmuş fakt anlayışı əsasında həllini qəbul etməyəcək. Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət, eləcə də Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının demokratiya və inkişafdan tam və bərabər qaydada yararlanaraq dinc yanaşı yaşaması əsasında həll oluna bilər. Münaqişənin tezliklə həlli üçün konkret perspektivin olmaması və “nə sülh, nə də müharibə” vəziyyətinin davam etməsi Azərbaycanın demokratik təhlükəsizliyi, müstəqilliyi və inkişafına daimi və birbaşa təhdiddir. Bu, eyni zamanda bütün Cənubi Qafqaz regionunda qeyri-sabitliyin əsas mənbəyidir.



Oxunub: 51182