Baş səhifə   » DÖVLƏT SİYASƏTİ    » Prezidentin Qarabağ münaqişəsi ilə bağlı çıxışları   

Prezidentin Qarabağ münaqişəsi ilə bağlı çıxışları

  



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istər prezidentlikdən əvvəlki dövrdə  (Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi), istərsə də prezidentlik dövründə Qarabağ münaqişəsi ilə bağlı cəsarətli çıxışları Azərbaycanın dünyadakı siyasi nüfuzunun daha da artmasında əhəmiyyətli rol oynamışdır. O, həm rəsmi, həm də qeyri-rəsmi görüşlərdə erməni təcavüzkarlarını ifşa etmiş, qətiyyətli mövqeyi ilə Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ haqqında, qondarma "Dağlıq Qarabağ problemi"  barədə dünyada obyektiv rəy formalaşdırmış, həmin münaqişəyə düzgün siyasi qiymət verilməsi və  onun həlli yolunda mühüm addımlar atmışdır. Həmin çıxışların bəzilərini diqqətinizə çatdırırıq: 

... Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir... Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə  həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir...
Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimindəki nitqindən
Bakı şəhəri, 
31 oktyabr 2003-cü il

... Təəssüflər olsun ki, Azərbaycanda olan  ən ağrılı problem hələ də regional  əməkdaşlığa tam miqyasda imkan vermir. Bu problem dedikdə, mən Azərbaycanın on ildən artıq sürən münaqişəsini nəzərdə tuturam. Azərbaycan artıq on ildən çoxdur ki, qonşu Ermənistan tərəfindən təcavüzə  məruz qalıbdır. Azərbaycanın 20 faiz  ərazisi - Dağlıq Qarabağ  və 7 digər inzibati rayonu Ermənistan tərəfindən işğal olunmuşdur. Bu işğalın nəticəsi kimi, bir milyondan artıq azərbaycanlı qaçqın və  məcburi köçkünə çevrilmişdir. Ermənistanın təcavüzkar olması BMT-nin 4 qətnaməsində öz əksini tapmışdır. Bu barədə ATƏT-in Minsk qrupu bəyanat vermişdir. Bu barədə Avropa  Şurasının rəsmi sənədlərində qeydlər vardır. Beynəlxalq icma öz gücündən və nüfuzundan istifadə edib Ermənistanı məcbur etməlidir ki, Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkilsin...  
Cenevrədə İnformasiya cəmiyyəti üzrə dünya sammitinin açılış mərasimindəki nitqindən
Cenevrə şəhəri,  
10 dekabr 2003-cü il

Türkiyə, Rusiya, Gürcüstan,  İranla bizim yaxşı ikitərəfli münasibətlərimiz var. Regional səviyyədə əməkdaşlıq edirik. Ancaq bir qonşumuzla heç bir münasibətimiz yoxdur ki, bu da Ermənistandır. Səbəbi də aydındır. 1980-ci illərin sonunda ölkəmizin Dağlıq Qarabağ bölgəsində başlayan separatçı hərəkat Azərbaycana qarşı müharibə ilə nəticələndi. Ermənistan Dağlıq Qarabağı Azərbaycandan ayırmaq məqsədi ilə ölkəmizə qarşı təcavüz etdi və Dağlıq Qarabağın inzibati ərazisindən kənarda yerləşən daha 7 rayon işğal olundu. Azərbaycana qarşı bu təcavüz 10 ildən artıqdır ki, davam edir... 
Təəssüf ki, bu sahədə heç bir irəliləyiş yoxdur. Bu münaqişəni həll etmək üçün beynəlxalq hüquq normaları  nəzərə alınmalıdır. BMT 4 qətnamə  qəbul etmişdir. Bu qətnamələrdə Ermənistandan tələb olunur ki, işğalçı ordusunu qeyd-şərtsiz geri çəksin. Təəssüf ki, Ermənistan beynəlxalq hüquq normalarına heç bir əhəmiyyət vermir. Ermənistanın mövqeyi belədir ki, Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratlarını  təyin etməyə haqları vardır... 
...Beynəlxalq hüquq normaları isə bu fikrə haqq qazandırmır. Çünki ermənilər bir millət kimi öz müqəddəratlarını  təyin ediblər. Onların müstəqil ölkəsi vardır. Bu ölkə Ermənistandır. Onların məntiqinə əsaslansaq, ermənilər öz müqəddəratlarını  hər bir yerdə  təyin edə bilərlər, ona görə ki, onlar hər yerdə-Rusiyada, Fransada, Afrikada, Amerikada yaşayırlar. Bu, beynəlxalq aləmdə qəbul olunan bir şey deyildir. Ona görə  də, onların təbliğat vasitəsi kimi istifadə etdikləri bu metod ciddi qəbul oluna bilməz. Beynəlxalq hüquq normalarında əsas əhəmiyyət kəsb edən prinsip ərazi bütövlüyüdür, hər bir ölkənin suverenliyidir. Azərbaycan dünyada hər bir ölkənin  ərazi bütövlüyünü tanıyır və biz istəyirik ki, dünya da bizim  ərazi bütövlüyümüzü tanısın və o, bərpa olunsun. Biz ərazi bütövlüyümüzün bərpası üçün hər şey edəcəyik... 
...Ümid etmək istəyirəm ki, beynəlxalq icma və xüsusilə  də ATƏT-in Minsk qrupunun həmsədrləri Fransa, Rusiya və ABŞ bu münaqişənin həll olunmasında daha fəal rol oynayacaqlar. Ermənistanı inandıra biləcəklər ki, XXI əsrdə bir ölkənin digər ölkənin ərazisini işğal etməsi yolverilməzdir...  
Fransa Beynəlxalq Əlaqələr İnstitutunda keçirilmiş görüşdəki nitqindən
Paris şəhəri, 
23 yanvar 2004-cü il

... Uzun illərdir ki, bu münaqişə öz həllini tapmır... Azərbaycanın mövqeyi  ədalətlidir və bu mövqe beynəlxalq hüquq normalarına əsaslanır. Beynəlxalq hüquq normaları  bərpa olunmalıdır. Azərbaycan bütün digər ölkələrin  ərazi bütövlüyünü tanıyır.  Əlbəttə, tələbimiz odur ki, bizim də ərazi bütövlüyümüz tanınsın, bərpa edilsin. Bu, bizim haqlı  tələbimizdir və  mən əminəm ki, bu istiqamətdə uğurlar olmalıdır və olacaqdır. Çünki biz XXI əsrdə yaşayırıq. XXI əsrdə bir ölkənin digər ölkənin torpaqlarını işğal etməsinə yol vermək olmaz...
Ermənistanın mövqeyi isə heç bir məntiqə söykənmir və bütün beynəlxalq hüquq normalarını pozur. Ermənistanın tələbi nədir? Qısa desək, onların tələbi bundan ibarətdir ki, Dağlıq Qarabağ erməniləri, orada yaşayan ermənilər öz müqəddəratını özləri təyin etsinlər. Birincisi, onu deməliyəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər oraya, qədim Azərbaycan torpağına qonaq kimi gəlmişlər. 1820-ci illərdə onlar oraya gəlmişlər və Dağlıq Qarabağa gəlmələrinin 150 illik yubileyi münasibətilə, hətta bir abidə də ucaltmışdılar... 
... Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Həmişə Azərbaycan torpağı olub, bundan sonra da Azərbaycan torpağı olacaqdır. Azərbaycan heç vaxt torpaqlarının itirilməsi ilə barışmayacaq və nəyin bahasına olursa-olsun, öz torpaqlarını azad edəcəkdir. Mən çox məmnunam ki, son zamanlarda bizim ədalətli mövqeyimiz bu məsələ ilə  məşğul olan ATƏT-in Minsk qrupu tərəfindən də  qəbul edilir.
Türkiyə Böyük Millət Məclisindəki nitqindən 
Ankara şəhəri, 
14 aprel 2004-cü il

... Uzun müddət ölkəmizin üzləşdiyi əsas problem Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasıdır. Bu işğal Ermənistanın Azərbaycana qarşı apardığı  təcavüzkar separatçı irtica ilə başlamışdır. Bu siyasət Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və onun inzibati sərhədlərindən kənarda yerləşən daha 7 rayonumuzun işğalı ilə  nəticələndi. Azərbaycanın bu 7 rayonunda heç zaman ermənilər yaşamamışdır. Onlar tamamilə azərbaycanlılar məskunlaşan  ərazilərdir... 
... Bu vəziyyət 10 ildən artıqdır ki, davam edir. Bu ilin may ayında Ermənistanla Azərbaycan arasında atəşkəsin onuncu ili olacaqdır və 10 ilə  qədərdir ki, aparılan danışıqlar nəticə vermir.  Əlbəttə ki, biz bu vəziyyətlə barışa bilmərik. Azərbaycan heç zaman ərazisinin itirilməsi ilə razılaşmayacaqdır. Məsələnin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir. Azərbaycan dünyadakı bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır və özünə  də eyni münasibətlə yanaşmağı  tələb edir. Bizim  ərazi bütövlüyümüz bərpa olunmalıdır. Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən geri çəkilməlidir. Qaçqınlara-köçkünlərə doğma yurdlarına qayıtmaq imkanı verilməlidir. XXI  əsrdə Avropa  Şurasının üzvü olan bir ölkənin – Ermənistanın Avropa  Şurasının üzvü olan digər ölkənin - Azərbaycanın  ərazilərini işğal etməsinə yol verməməliyik.  
Strasburqda AŞPA-nın yaz sessiyasının iclasındakı çixişından
Strasburq şəhəri, 
29 aprel 2004-cü il

...Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü regiondakı sabit vəziyyətə ən böyük təhlükədir. Hesab edirəm ki, sizin mövcud olan münaqişə haqqında məlumatınız var. İstərdim qısaca olaraq bu münaqişə haqqında danışım. Azərbaycanın regionu olan Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Ermənilər əvvəllər orada heç vaxt yaşamayıblar. Onlar Dağlıq Qarabağa XIX  əsrin  əvvəllərində İran və Türkiyədən çar Rusiyası  tərəfindən köçürülmüşlər. Bu o məqsədlə edilmişdir ki, Rusiya Qafqazda özünə dayaq  əldə etsin... 
Münaqişənin həlli ilə bağlı bizim mövqeyimiz sırf beynəlxalq hüququn normaları və prinsiplərinə əsaslanır. Yəni Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, təcavüz qurbanı olan bütün qaçqın-köçkünlər öz yurd-yuvalarına qayıtmalıdır. Bundan sonra isə Dağlıq Qarabağa Azərbaycanın hüdudları  çərçivəsində ən yüksək muxtariyyət statusu verilə bilər. Biz dünyada, o cümlədən Avropada mövcud olan  ən yüksək statuslu muxtariyyət variantlarını öyrənmişik. Beləliklə, yeni bir şey icad etməyə ehtiyac yoxdur. Mümkün olan bütün imkanlar masa üstündədir. Ermənilərin mövqeyi isə fərqlidir. Onların mövqeyi özlərinin arzularına, fikirlərinə və istəklərinə əsaslanır. Bu mövqe beynəlxalq hüquq normaları ilə heç cür uzlaşmır.... 
Varşava Universitetində keçirilmiş görüşdəki nitqindən 
Varşava şəhəri, 
31 mart 2005-ci il

… Ermənistan üçün bu işğalçılıq siyasətini aparmaq gələcəkdə çox çətin olacaqdır. Çünki dünya tam başqa istiqamətdə inkişaf edir. Dünyada gedən qloballaşma prosesləri, bizim Avropa İttifaqı ilə sıx əməkdaşlığımız, dünyada gedən demokratikləşmə prosesləri artıq təcavüzə əsaslanan siyasəti qəbul etmir və onu inkar edir. Azərbaycanın siyasəti və mövqeyi yalnız və yalnız beynəlxalq hüquq normalarına əsaslanır. O da ondan ibarətdir ki, hər bir ölkənin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü gərək toxunulmaz olsun. Mən şübhə etmirəm ki, görülən işlər, apardığımız siyasət nəticəsində, diplomatik səylərimizin nəticəsində, eyni zamanda Azərbaycanın iqtisadi potensialının güclənməsi nəticəsində biz bu məsələnin danışıqlar, sülh yolu ilə ədalətli həllinə nail olacağıq. Biz buna ümid edirik.
Sülh danışıqlarının potensialı hələ ki, tükənməyibdir. Əgər sülh danışıqlarına ümid varsa, biz gərək bu ümidi axıra qədər sınayaq və çalışaq ki, buna nail olaq. Ancaq, eyni zamanda iqtisadi potensialımızı, o cümlədən hərbi potensialımızı gücləndirməliyik və bu istiqamətdə işlər görülür.
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı müşavirədəki nitqindən
Bakı  şəhəri,
22 iyun 2005
 
... Biz sülh prosesinə sadiqik. Hələ də ümid edirik ki, bu məsələni beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həll edə bilərik. Bu, Azərbaycan üçün ən əsas məsələdir və ona görə  də Azərbaycan danışıqlarda iştirak edir. Bu danışıqlar ATƏT-in Minsk qrupu vasitəsilə həyata keçirilir. Bu qrupun həmsədrləri Fransa, Amerika və Rusiyadır. Bu problemin əsası separatizmdir. Yəni, Azərbaycanın ərazisini ondan qoparıb Ermənistana birləşdirmək istəyirlər. 1980-ci illərin sonları - 1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazisini işğal etmişdir...
... Dağlıq Qarabağın mərkəzi Xankəndi adlanan şəhərdir. Bu, “xanın kəndi” deməkdir. Sovetlər vaxtında həmin  şəhərin adını  dəyişdirib Stepanakert qoymuşlar, bolşevik Stepan  Şaumyanın adını daşıyan bir  şəhər olmuşdur. O da ermənidir. Yenə deyirəm, tarixi baxımdan bu yer heç vaxt Ermənistana məxsus olmamış  və ermənilər burada yaşamamışlar. Onlar buraya köçürülmüşlər və sonralar yerlərin, tarixi abidələrin adını dəyişmişlər. Daha sonra, onlar çoxluq təşkil etdikdən sonra separatizmə can atdılar. Bu separatizm meyilləri  Sovet  İttifaqının digər yerlərində  də baş vermişdir... 
... Azərbaycanın  ərazi bütövlüyü bərpa olunmalıdır. Biz Dağlıq Qarabağda yaşayan ermənilərə mümkün olan ən yüksək muxtariyyət statusu verməyə hazırıq... 
Artıq biz XXI əsrdə yaşayırıq. Ona görə də əlbəttə ki, beynəlxalq ictimaiyyət bu sahədə daha fəal rol oynamalıdır. Bəzən bizə deyirlər ki, gəlin, iki ölkə öz aranızda razılaşın. Yox, bu yol işləmir. Biz məsələyə  dəqiq aydınlıq gətirməliyik - nə baş verib, təcavüzə birinci kim başlayıb, kim kimin ərazisini zəbt edib, kim etnik təmizləmə siyasəti aparıbdır. Sonra isə çox aydın şəkildə nəticəni nəzərə alaraq, münaqişənin beynəlxalq prinsiplər əsasında həllinin yolunu tapmalıyıq. Mən hesab edirəm ki, biz bu yolla irəliyə gedə bilərik.  
Yaponiya Beynəlxalq Münasibətlər İnstitutunda keçirilmiş görüşdəki çıxışından
Tokio şəhəri, 
8 mart 2006-cı il

… Bizim torpaqlarımızın 20 faizi işğal altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmışdır. Biz bu işğala son qoymaq istəyirik, ona görə danışıqlar prosesində iştirak edirik. Bildiyiniz kimi, danışıqlar prosesi artıq yeni formatda keçirilir və bu format ədaləti əks etdirir. Azərbaycanın milli maraqlarını əks etdirir və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün lazımi zəmin yaradır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Biz bunu sülh yolu ilə, danışıqlar yolu ilə etmək istəyirik. Biz müharibə istəmirik. Ancaq eyni zamanda, öz hərbi potensialımızı da möhkəmləndirməliyik və bunu da edirik. Bu, bizim suveren hüququmuzdur…
Zaqatala sərhəd dəstəsinin şəxsi heyəti ilə görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən
Zaqatala şəhəri,
12 aprel  2006-cı il 

… Bizim bir nömrəli problemimiz var. Bütün xalqımızı, bizim hamımızı narahat edən Azərbaycan torpaqlarının işğal altında qalmasıdır. Baxmayaraq ki, danışıqlar uzun illərdir gedir, biz ciddi irəliləyiş görmürük. Ermənistanın qeyri-səmimi, qeyri-konstruktiv siyasəti nəticəsində biz razılaşmaya nail ola bilmirik. Bunu artıq bütün dünya ictimaiyyəti görür və bu məsələ ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri də görməmiş deyildir.
Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır və bizim bu siyasətimiz tam şəkildə bütün dünya birliyi tərəfindən, həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli münasibətlərdə dəstəklənir. Son dörd ilə yaxın müddətdə mənim dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərim olubdur. Bizim hər bir ölkə ilə imzaladığımız sənəddə Azərbaycanın ərazi bütövlüyü tanınır və dəstəklənir. Bu onu göstərir ki, bütün beynəlxalq ictimaiyyət, dünyanın siyasi elitası bu məsələnin Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həll edilməsini mümkün sayır. Bundan başqa heç bir əsas ola bilməz. Heç vaxt Azərbaycanın ərazi bütövlüyü pozula bilməz. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcəkdir. Əgər dünya birliyi 1990-cı illərin ortalarında, - o vaxt Azərbaycan iqtisadi və siyasi cəhətdən o qədər də güclü deyildi, - Dağlıq Qarabağın müstəqilliyini tanımayıbsa, bugünkü vəziyyətdə, Azərbaycanda güclü dövlət qurulduğu bir dövrdə heç də bunu tanımayacaqdır. Dağlıq Qarabağ heç vaxt Ermənistana birləşməyəcəkdir. Bunu Ermənistanda və Dağlıq Qarabağda nə qədər tez başa düşsələr, onlar üçün bir o qədər də yaxşıdır. Onlar hesab edirlər ki, vaxt uzatmaqla, danışıqları süni şəkildə ləngitməklə nə isə əldə edəcəklər. Xeyr! Bəlkə də bu, hansısa siyasətçilər üçün, onların siyasi karyerası üçün əlverişli ola bilər. Amma inanmıram ki, bu, Ermənistan dövlətinin maraqlarına xidmət göstərsin. Çünki vaxt keçdikcə, bizim mövqelərimiz möhkəmlənir.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin
növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimdəki çıxışından 
Bakı şəhəri,
22 iyun 2007-ci il

... Dağlıq Qarabağın ərazisində tarixən həmişə Azərbaycan xalqının nümayəndələri yaşamışdır. 1828-ci ildə həmin əraziyə erməni xalqının nümayəndələri köçürülmüş, sonradan onlar orada çoxluq təşkil etmiş və bu, separatçılıq təzahürlərinin başlanmasına təkan vermişdir. Bu gün Dağlıq Qarabağ rejimi heç kim tərəfindən tanınmamışdır. O, əslində, kriminal rejimin idarə etdiyi qanunsuz, qeyri-leqal qurumdur. Orada heç bir qanun işləmir, orada beynəlxalq monitorinq keçirilmir, orada kriminallaşma, narkotrafik, terrorizm kimi çox təhlükəli proseslər baş verir və bunların hamısı bütün qitə üçün təhlükədir. Ona görə ki, indi dünyada, xüsusən Avropada nəzarətsiz zonaların sayı o qədər də çox deyildir.
Bu, bütün regionda sabitliyin pozulmasına gətirib çıxara biləcək böyük təhlükədir. Beynəlxalq hüquq normaları baxımından BMT-nin Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin bizim ərazidən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir, lakin onlara əməl olunmur. Bu yaxınlarda BMT-nin Baş Məclisi işğalçı qüvvələrin ərazimizdən çıxarılmasını tələb edən yeni qətnamə qəbul etmişdir...
Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru diplomunun təqdimatındakı nitqindən
Kiyev şəhəri,
24 may 2008-ci il

...Azərbaycan regionda təhlükəsizliyin, sabitliyin təmin edilməsində və beynəlxalq əməkdaşlığın inkişafında mühüm rol oynayır. Lakin artıq 20 ilə yaxındır ki, Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır. Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etmiş və burada etnik təmizləmə siyasəti aparmışdır. Nəticədə ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır. Dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli şəkildə həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, Avropa Şurası Parlament Assambleyası, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri var. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq prinsiplərinə uyğun həll olunmalıdır.
Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın adından Azərbaycan  Respublikasının Prezidenti və onun xanımının şərəfinə verilən ziyafətdəki nitqindən
Afina şəhəri,
17 fevral, 2009-cu il 

… Azərbaycanın digər bölgələrində çoxsaylı tarixi və dini abidələr mövcuddur və onlar da dövlət tərəfindən qorunur. Ancaq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş torpaqlarda biz öz tarixi irsimizi qoruya bilmirik. Çünki bizim torpaqlarımız erməni işğalı altındadır. Bu təcavüz və etnik təmizləmə siyasəti nəticəsində bizim ərazimizin 20 faizi işğal altına düşüb və bir milyondan artıq soydaşımız qaçqın-köçkün vəziyyətində yaşayır. Bununla bərabər, orada bütün tarixi abidələrimiz ermənilər tərəfindən dağıdılıbdır. Bütün muzeylərimiz talan edilib, bütün dini məbədlərimiz, məscidlərimiz dağıdılıbdır. Bunu eyni zamanda, beynəlxalq müşahidəçilər də vurğulayırlar. 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyasının Dağlıq Qarabağa və işğal olunmuş digər ərazilərə səfəri zamanı hazırlanan məruzədə bütün bunlar göstərilibdir. Göstərilib ki, Ermənistan tərəfindən hər şey dağıdılıbdır. Yəni budur erməni vandalizminin nəticələri, budur təcavüzkar işğalçı siyasətin nəticəsi. Şübhə yox ki, torpaqlarımız işğal altından çıxandan sonra biz bütün tarixi abidələrimizi bərpa edəcəyik. Bütün şəhərləri yenidən bərpa edəcəyik, bütün binaları tikəcəyik. Ancaq bunu etmək üçün münaqişəyə son qoyulmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bitməlidir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı və bizim vətəndaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar…
“Bakı-İslam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ilinin açılışında Prezident İlham Əliyevin nitqindən
Bakı şəhəri
18 fevral 2009-cu il
 
… Biz bütün imkanlardan istifadə edirik ki, bu məsələni ədalətli, beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edək. Həm iqtisadi imkanlarımızı, həm də diplomatik səylərimizi artırırıq. Eyni zamanda, hərbi gücümüzü artırırıq və ötən il Azərbaycanda keçirilmiş hərbi parad bizim nə qədər güclü ordu potensialına malik olduğumuzu bütün dünyaya sübut etdi. Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq, eyni zamanda, məsələ ədalətli həll olunmalıdır, beynəlxalq hüquq normalarına uyğun şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Qondarma Dağlıq Qarabağ rejiminə heç vaxt müstəqillik verilməyəcəkdir. Azərbaycan öz torpaqlarının itirilməsi ilə heç vaxt barışmayacaqdır...
Novruz bayramı münasibətilə ümumxalq şənliyində Prezident İlham Əliyevin nitqindən
Bakı  şəhəri,
20 mart 2009-cu il 

…. Biz çalışırıq və çalışacağıq ki, məsələni danışıqlar yolu ilə həll edək. Ancaq 15 il ərzində - atəşkəs rejimi bağlanandan sonra aparılan danışıqlar heç bir nəticə vermir. Belə olan halda təbii ki, biz ordumuzun gücünə güvənməliyik. Məhz bu məqsədlə son illər ərzində mütəmadi qaydada ordu potensialının gücləndirilməsi üçün praktiki tədbirlər görülübdür. Bu gün bizim ordumuz bölgədə ən qüdrətli ordudur. Azərbaycanda istənilən vəzifəni icra etməyə qadir olan silahlı birləşmələr fəaliyyət göstərir və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün biz lazım olan halda hərbi gücdən də istifadə edə bilərik. Bu, bizim suveren hüququmuzdur. Beynəlxalq hüquq normaları da bizə bu imkanı verir. 
Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların birləşmə və hissələrinin birgə əməliyyat-taktiki təlimində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin nitqindən
Bakı  şəhəri,
24 iyun  2009-cu il 

... 1918-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra, növbəti gün Azərbaycan Demokratik Respublikası qərar qəbul etmişdir ki, İrəvan şəhəri paytaxt məqsədi ilə Ermənistana verilsin. İrəvan şəhəri azərbaycanlıların yaşadığı İrəvan xanlığının şəhəri idi.
Tarixə gəldikdə, bu belədir. Onlar artıq Azərbaycan torpaqlarında öz dövlətini yaradıblar. Bizim torpaqlarda yenidən digər erməni dövləti yaradıla bilməz. Azərbaycan bununla heç vaxt razılaşmayacaq və bu, heç vaxt baş verməyəcəkdir. Erməni tərəfi bunu nə qədər tez başa düşərsə, bu, həm onlar və həm də bizim üçün bir o qədər yaxşı olar. Beləliklə, məsələ tezliklə həll olunar. Sonra isə Qafqazda sülh qurula bilər. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olmadan, regionda hər hansı digər təşəbbüs və ya siyasi məzmunlu layihə həyata keçirilə bilməz. Dağlıq Qarabağ münaqişəsini regionda ümumi inkişaf və ya yeni münasibətlərin yaradılması mövzusundan kənara çıxarmaq məqsədi ilə edilən bütün cəhdlər əbəsdir. Bu, baş tutmayacaqdır. Çünki bu, əsas problemdir və əsas maneə aradan qaldırılmalıdır. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə tam hüququ vardır...
Estoniyanın Xarici İşlər Nazirliyində mühazirəsindən
Tallin şəhəri,
7 aprel, 2010-cu il


… Bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmamışdır və olmayacaqdır. Bizim mövqeyimiz həm beynəlxalq hüquq normalarına, həm də tarixi ədalətə və real məntiqə əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğal edilmiş bütün torpaqlardan Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır. Ondan sonra sülh yarana bilər, bütün kommunikasiyalar açıla bilər. Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər və ora qayıdacaq, orada yaşayacaq azərbaycanlılar yüksək muxtariyyət statusu çərçivəsində yaşayacaqlar. Onlar vahid Azərbaycan dövləti çərçivəsində yaşamalıdırlar. Yəni ki, nə bu gün, nə gələcəkdə Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək mexanizm yoxdur. Danışıqlarda bu, açıq-aydın göstərilib. Belə olan halda, bir daha demək istəyirəm ki, son təkliflər sazişin hazırlanması üçün əsas ola bilər. 
Ancaq buna baxmayaraq, Ermənistanın mövqeyi bir daha onu göstərir ki, Ermənistan tərəfi sülh istəmir. Onlar sadəcə olaraq, status-kvo vəziyyətini maksimum, nə qədər mümkünsə uzatmaq istəyirlər. İşğal edilmiş torpaqlardan çıxmaq istəmirlər. Bu işğalı davam etdirmək istəyirlər. Özlərinin danışıqlara guya ki, sadiq olduqlarını nümayiş etdirmək üçün cəhdlər göstərirlər. Sadəcə olaraq çalışırlar ki, bu danışıqlar prosesi daha da uzansın və bir növ permanent, əbədi xarakter alsın…
Prezident İlham Əliyevin Müdafiə Nazirliyində ordu quruculuğu məsələlərinə həsr olunmuş müşavirədə nitqindən
Bakı şəhəri 
23 aprel 2010-cu il
 
… Bildiyiniz kimi, bu yaxınlarda İslam Konfransı Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox müsbət və tutarlı arqumentlərlə zəngin olan qətnamələr qəbul edibdir. Bu qətnamələr Azərbaycanın mövqeyini, yəni haqq-ədaləti tam şəkildə dəstəkləyir. Bir həftə bundan əvvəl Avropa Parlamenti tərəfindən bu məsələ ilə bağlı qəbul edilmiş qətnamə yenə də beynəlxalq hüquq normalarına əsaslanır və orada Ermənistan aqressor, yəni təcavüzkar dövlət kimi göstərilir. Açıq-aydın göstərilir ki, güc tətbiq etməklə heç bir ölkənin sərhədlərini pozmaq, status-kvo ilə barışmaq mümkün deyildir. Açıq-aydın göstərilir ki, bu vəziyyət - nə sülh, nə savaş davam edə bilməz, Azərbaycan torpaqları işğalçılardan azad edilməlidir…
Prezident İlham Əliyevin 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbulda nitqindən
Bakı şəhəri 
27 may 2010-cu il

… Bilirsiniz ki, uzun illərdir, Ermənistan ilə Azərbaycan arasında bu istiqamətdə danışıqlar aparılır. Danışıqların aparılmasında vasitəçilər öz rolunu oynayır. Ancaq buna baxmayaraq, məsələ bu günə qədər həllini tapmayıbdır. Baxmayaraq ki, bizim mövqeyimizi, haqq-ədalət mövqeyini gücləndirən beynəlxalq təşkilatların qərarları, qətnamələri vardır. Demək olar ki, dünyanın bütün təşkilatları, aparıcı təşkilatlar bu məsələ ilə bağlı öz qərarlarını vermişlər. Ancaq işğalçı dövlət bu qərarlara, bu qətnamələrə məhəl qoymur. Belə olan halda Azərbaycanın qarşısına yeni vəzifələr çıxır. Ya danışıqları davam etdirmək, - biz buna hazırıq, ancaq o şərtlə ki, danışıqların nəticəsi olsun, - ya da ki, başqa yolu seçmək. Biz hər bir varianta hazır olmalıyıq və son illər ərzində dəfələrlə verdiyim bəyanatlar bunu bir daha göstərir.
Biz məsələnin həllinin hərbi yolla mümkün olmasını heç vaxt inkar etməmişdik. Baxmayaraq ki, biz sülh danışıqlarının tərəfdarıyıq və 20 ilə yaxındır, sülh danışıqları aparılır. Azərbaycan bu danışıqlarda çox konstruktiv mövqe nümayiş etdirir. Bunun nəticəsi yoxdur. Nə vaxta qədər Azərbaycan xalqı gözləməlidir? Nə vaxta qədər biz gözləməliyik ki, haqq-ədalət bərpa olunsun? Bir halda ki, Ermənistan tərəfi beynəlxalq hüquq normalarına məhəl qoymur, beynəlxalq təşkilatların qərarlarına riayət etmir. Azərbaycan xalqının səbri tükənməz deyildir…
Prezident İlham Əliyevin Silahlı Qüvvələrin birgə əməliyyat-taktiki təlimində hərbçilər qarşısında nitqindən
24 iyun 2010-cu il

... Biz regional təhlükəsizlik məsələlərinə xüsusi  diqqət yetiririk. Ən böyük problemlərdən, ən böyük çətinliklərdən və əslində ən böyük hədələrdən biri bu regionda nə hərb, nə sülh vəziyyətidir, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Uzun illərdir ki, Azərbaycan əraziləri işğal altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini həyata keçirib və bunun nəticəsində bir milyondan artıq azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkün kimi yaşamağa məcbur olub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri işğal altındadır. Əfsuslar olsun ki, artıq iki onillikdir ki, bu vəziyyət davam edir. Dağlıq Qarabağ münaqişəsi nəinki ən böyük ədalətsizlik, o cümlədən regional təhlükəsizliyə, sabitliyə böyük hədədir...
Son vaxtlar ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin verdikləri bəyanat bizi ruhlandırır. Fransa, Rusiya Federasiyası, Birləşmiş Ştatların rəhbərləri qeyd etmişlər ki, status-kvo dəyişdirilməlidir, bu, saxlanıla bilməz. Əslində bu, bizim sədr Barrozu ilə görüşümüz zamanı da xüsusilə qeyd edildi ki, status-kvo dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi isə öz növbəsində artıq işğal olunmuş ərazilərin azad edilməsi deməkdir. Biz bunun tərəfdarıyıq, biz buna çalışırıq. Ermənistan isə əksinə, status-kvonu mümkün qədər uzun müddətdə saxlamağa çalışır. İndi isə əgər status-kvonun dəyişdirilməsindən söhbət gedirsə, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və sülhün bərqərar olunması vaxtıdır, bu vaxt artıq yetişib. 
Brüsseldə Krans Montana forumunun rəsmi açılış mərasimindəki nitqindən 
Brüssel  şəhəri,
23  iyun 2011-ci il

...Siz, dünyada yaşayan azərbaycanlılar yaxşı bilirsiniz ki, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız o ərazilərdə yaşamışdır, yaratmışdır. Ermənilər o əraziyə qonaq kimi gəlmişlər. Biz onların Dağlıq Qarabağa gəlməyinin tarixçəsini də yaxşı bilirik. Vaxtilə 1978-ci ildə ermənilər tərəfindən Dağlıq Qarabağda onların Dağlıq Qarabağa köçürülməsini əks etdirən abidə ucaldılmışdır. Müharibənin ilk illərində ermənilər o abidəni dağıtmışlar. Ancaq tarixi dəyişdirmək mümkün deyildir. Tarix tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının 150 illiyini qeyd edən ermənilər yaxşı bilirlər ki, onlar bu torpaqlara qonaq kimi gəlmişlər. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni, Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi. Biz indi iddia etmirik ki, bu torpaqlar Azərbaycana birləşsin. Halbuki hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz tarixini bilməlidir. Bilməlidir ki, bu bölgələr tarixi Azərbaycan torpaqlarıdır. Məsələnin həlli üçün, əlbəttə, bütün amillər nəzərdən keçirilməlidir. Tarix bəllidir. Bu bizim torpağımızdır, nəinki Dağlıq Qarabağ və digər bölgələr. Beynəlxalq hüquq normaları tam şəkildə bizim mövqeyimizi müdafiə edir. Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının verdiyi bəyanatda da Helsinki Yekun Aktına istinad edilir. Helsinki Yekun Aktında açıq-aydın göstərilir ki, ərazi bütövlüyü prinsipləri xalqların öz müqəddəratını müəyyən etmək prinsipləri ilə ziddiyyət təşkil etməməlidir. Beləliklə, hüquqi cəhətdən də mövqeyimiz güclüdür...
Dünya azərbaycanlılarının III qurultayında prezident İlham Əliyevin nitqi
Bakı  şəhəri,
05 iyul 2011

...Ölkə qarşısında duran ən başlıca vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Torpaqlarımız işğal altındadır. Bu ədalətsizlik əfsuslar olsun ki, uzun illərdir hökm sürür. Baxmayaraq ki, bütün beynəlxalq hüquq normaları, tarixi həqiqət bizim mövqeyimizi dəstəkləyir. Hamımız yaxşı bilirik ki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Siyasi münasibətlər və bölgədəki siyasi çəkilər də Azərbaycanın üstünlüyünü əyani şəkildə sübut edir. İqtisadi üstünlük, hərbi üstünlük. Bütün cəhətlərdən Ermənistandan üstünük. Burada qeyd olundu, din xadimləri bunu qeyd etdilər, bizim işimiz haqq işidir. Biz heç kimin torpağını zəbt etməmişik, heç kimin torpağında gözümüz yoxdur. Baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan ərazilərində yaranıbdır. Biz istəyirik ki, öz ərazi bütövlüyümüzü bərpa edək.
Buna bizim haqqımız çatır. Buna bizim gücümüz də çatır. Sadəcə olaraq biz istəyirik ki, bu məsələ qan tökülmədən, sülh yolu ilə, danışıqlar yolu ilə öz həllini tapsın. Ancaq eyni zamanda, öz prinsipial mövqeyimizdən bir addım geri atmayacağıq. Bizim mövqeyimiz bir daha demək istəyirəm ki, həm tarixi həqiqətə, həm beynəlxalq hüquq normalarına əsaslanır. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və hüquqi cəhətdən də Azərbaycan torpağıdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və Azərbaycanın ərazi bütövlüyü Dağlıq Qarabağ daxil olmaq şərti ilə bərpa edilməlidir...
Müqəddəs Ramazan ayı münasibətilə keçirilən iftar mərasimində prezident İlham Əliyevin nitqi
Bakı  şəhəri,
12 avqust 2011-ci il

... Biz çalışırıq ki, ərazi bütövlüyümüzü qan tökülmədən bərpa edək. Bu məqsədlə danışıqlar aparılır. Hələ ki, bu danışıqların heç bir nəticəsi olmamışdır. Ancaq bununla bərabər, ərazi bütövlüyümüzü istənilən yolla, o cümlədən hərbi yolla həll etmək bizim suveren hüququmuzdur. Bu hüququ bizə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi verir. Hər bir dövlət özünü müdafiə etmək üçün bütün imkanlardan istifadə edə bilər və etməlidir. Ona görə biz hərbi gücümüzün artırılmasına əlavə vəsait ayıracağıq. Hərbi potensialın gücləndirilməsi üçün əlavə tədbirlər görəcəyik. Əlbəttə ki, görülən bütün bu tədbirlərlə yanaşı, döyüş hazırlığı, ruh yüksəkliyi döyüş meydanında öz sözünü deməlidir və deyəcəkdir…
... Bugünkü müstəqil Azərbaycan dövləti dünyada böyük hörmətlə, rəğbətlə qarşılanır. Tərəfdaşlarımızın sayı artır, beynəlxalq mövqelərimiz güclənir. Dünya ictimaiyyəti bizə inanır. Keçən ilin sonunda biz BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik. 155 ölkə bizi dəstəklədi. Ermənistan isə qorxaqcasına o mübarizədən çıxdı. Çünki bilirdi ki, onları bəlkə də heç 10-20 ölkə dəstəkləməz. Bu, onu göstərir ki, bizim siyasi çəkimiz nədən ibarətdir. 
Biz ordu quruculuğuna daim diqqət göstəririk, vəsait ayırırıq. Keçirilən hərbi paradlar bizim gücümüzü göstərir. Ərazi bütövlüyümüzü bərpa etmək üçün bütün imkanlar vardır. Bunu biz də bilirik, düşmən də, bu məsələ ilə məşğul olan vasitəçilər də bilirlər. Sülhü əldə etmək üçün bir şərt vardır: Ermənistanın işğalçı qüvvələri torpaqlarımızdan öz xoşu ilə rədd olmalıdır. Hələ ki, gec deyildir.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “N” saylı hərbi hissəsinin hərbçiləri ilə görüşündəki nitqindən
Goranboy rayonu,
21 yanvar 2012-ci il


...Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə, - Ermənistan da daxil olmaqla, - Dağlıq Qarabağın müstəqilliyini tanımır. Bu da təbiidir, çünki Dağlıq Qarabağ Azərbaycanın içində, ortasında yerləşir. Heç sovet dövründə də Dağlıq Qarabağın inzibati hüdudları Ermənistan Respublikasının inzibati hüdudları ilə bir deyildi. Yəni, o, Azərbaycanın içində yerləşən kiçik bir vilayət idi.
Beynəlxalq hüquq tələb edir ki, torpaqlarımız işğaldan azad edilsin, bütün qaçqınlar öz doğma torpaqlarına qayıtsınlar. Ona görə beynəlxalq hüquq normaları bərpa edilməlidir. Bizim bütün qaçqınlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar.
O ki qaldı Dağlıq Qarabağda yaşayan ermənilərə, onlar orada necə yaşayıblar elə də yaşayacaqlar. Bizim buna etirazımız yoxdur. Bu, dünyada qəbul edilmiş gözəl təcrübədir. Hər bir ölkədə, əlbəttə, Ermənistan istisna olmaqla, müxtəlif xalqlar yaşayır, Türkiyədə, Azərbaycanda, demək olar ki, dünyanın əksər ölkələrində. Ermənistan monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır, çünki yaşaya bilmir, onlar başqa milləti yaşatmırlar.
Ona görə Azərbaycan çoxmillətli dövlət kimi, əlbəttə ki, orada yaşayan ermənilərə də şərait yaradacaqdır, kömək edəcəkdir və onlar gələcəkdə Azərbaycan dövlətinin vətəndaşları kimi bütün hüquqlardan istifadə edəcəklər.
Əgər Ermənistan reallığı və Azərbaycanın xeyrinə dəyişən vəziyyəti nəzərə alsa, onda düzgün qərar qəbul edəcək, işğal edilmiş torpaqlardan çəkiləcək, ondan sonra sülh bərpa ediləcək, bütün yollar açılacaq, bütün ölkələr, xüsusilə Qafqazda və bizim coğrafiyamızda yerləşən ölkələr bir–biri ilə yaxın əlaqədə olacaqdır. Bizim istəyimiz bundan ibarətdir. Bizim Ermənistanın bir qarış torpağında gözümüz yoxdur. Baxmayaraq ki, oralar da tarixi Azərbaycan torpaqlarıdır. İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə mahalı bizim torpaqlarımızdır və Ermənistan bu torpaqlarda dövlət qurub. Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına biz heç vaxt imkan verməyəcəyik. Əgər, bir daha demək istəyirəm ki, Ermənistan indiki reallıqları və Azərbaycanın artan siyasi çəkisini, iqtisadi gücünü nəzərə alsa, düzgün addım atsa, işğal edilmiş torpaqlardan çıxsa, o zaman bu gün Dağlıq Qarabağda yaşayan ermənilərə də xidmət etmiş olar. Əgər bunu anlamasa və işğalçı siyasətini davam etdirsə, o zaman Ermənistan üçün, Dağlıq Qarabağ üçün nəticələr çox acı ola bilər.
Yəni, biz burada beynəlxalq hüquqdan kənarda bir çözüm görmürük. Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt Dağlıq Qarabağa müstəqillik verməyəcəkdir. Ermənistan bunu nə qədər tez anlasa, o qədər yaxşıdır. Ermənistan əslində mövqeyindən geri çəkilməlidir. Onların mövqeyi Dağlıq Qarabağı müstəqil ölkə kimi görməkdir. Ancaq bu, mümkün olmayacaqdır. Çünki Azərbaycanın razılığı olmadan bu, ola bilməz. Biz isə buna heç vaxt razılıq verə bilmərik. Ona görə, əgər Ermənistan bu mövqedən geri çəkilərsə, o zaman biz tezliklə məsələnin həllinə nail ola bilərik. O zaman ermənilərin Dağlıq Qarabağda yaşaması, yəni normal yaşaması, təhlükəsizlik şəraitində yaşaması mümkün olacaqdır.
İndi onlar qorxu içində yaşayırlar. Biz bunu bilirik. İnsanlar daim qorxu içində yaşaya bilməz. Çünki onlar da gözəl bilirlər ki, bu gün Azərbaycan Ordusu Dağlıq Qarabağda öz suverenliyini asanlıqla bərpa edə bilər, asanlıqla! Sadəcə olaraq biz istəmirik ki, yenə qan tökülsün, istəmirik yenidən müharibə başlasın. Biz çalışırıq ki, bunu sülh yolu ilə, danışıqlar yolu ilə edək. Kim istəyər ki, yenidən müharibə başlasın?! Ancaq biz bu vəziyyətlə də barışa bilmərik. Ümumiyyətlə, bu vəziyyət çox davam edə bilməz.
Əgər fikir vermisiniszə, Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri və xarici işlər nazirləri bəyanatlar verirlər ki, status-kvo qəbuledilməzidir, status-kvo dəyişilməlidir. Bu bəyanatları onlar yalnız keçən ildən verməyə başlamışlar. Nə üçün? Çünki hamı yaxşı anlayır ki, status-kvo belə qala bilməz. Gündən-günə güclənən Azərbaycan və gündən-günə zəifləyən, yoxsullaşan Ermənistan. Necə ola bilər ki, bizim torpaqlarımız işğal altında qalsın? Mümkün deyildir. Hər gün, hər ay, hər il Azərbaycan əhalisi artır, Ermənistan əhalisi azalır. Yəni, yenə də deyirəm, erməni rəhbərliyi bu məsələyə reallıq prizmasından yanaşmalıdır. Heç olmasa, bir beş il, on il qabağı proqnozlaşdırmalıdır ki, görsün, burada beş ildən, on ildən sonra güclər nisbəti necə olacaqdır?! Azərbaycan dövləti heç vaxt bu vəziyyətlə barışmayacaqdır. Azərbaycan gəncləri bu vəziyyətlə barışmayacaqlar.
Ermənistanda bəzi hallarda yanlış bir fikir var idi ki, nəsillər dəyişəcək, gənc nəsil yetişəcək, onlar heç Qarabağda olmayıblar, onlar Qarabağa qayıtmaq istəməyəcəklər. Bu, tamamilə yanlış bir yanaşmadır. Bəlkə bu, ermənilərə xas olan xüsusiyyətdir, amma Azərbaycan xalqının tarixi yaddaşı vardır. Bakıda, çadır şəhərciyində doğulan, Qarabağdan olan hər bir gənc Qarabağa qayıtmaq arzusu ilə yaşayır. Qarabağ heç vaxt unudula bilməz, heç vaxt! Ona görə, gec-tez biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Mənim buna şübhəm yoxdur. Sadəcə olaraq, mən istəyirəm ki, bu, tezliklə olsun və əgər mümkündürsə, qan tökülmədən olsun.
Prezident İlham Əliyevin Türkiyənin TRT televiziya kanalına müsahibəsindən
Bakı şəhəri
29 fevral 2012-ci il

…Silahlı münaqişələrə məruz qalan yerlərdə, xüsusən də xarici hərbi işğal altında olan ərazilərdə terrorçuluq ilə həmin məkanda olanlar arasında bir qayda olaraq sövdələşmənin yaranmasına şəraitlər formalaşır. Azərbaycan müxtəlif yollarla terrorçuluğa məruz qalmışdır. Azərbaycan kənardan təşkil olunan terror fəaliyyətinin birbaşa hədəfinə çevrilmişdir. Ermənistan Respublikası Azərbaycanın mülki əhalisi və infrastrukturuna qarşı onlarla terror aktı törətmişdir. Bunun nəticəsində 2 mindən artıq azərbaycanlı həyatını itirmişdir. Ermənistan öz güc strukturlarının bilavasitə iştirakı ilə hazırladığı həmin terror aktlarını beynəlxalq terror qruplarından istifadə edərək törətmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəal fazasında Ermənistan etnik təmizləməyə nail olmaq üçün hərbi təcavüzlə yanaşı, mülki əhaliyə qarşı geniş şəkildə terror aktlarından da istifadə etmişdir. Həmin vəhşilik aktları 1992-ci ilin fevral ayında Xocalı əhalisinin məhv edilməsi ilə kulminasiya nöqtəsinə çatdı. Həmin vaxt 613 günahsız insan, o cümlədən qadınlar, uşaqlar və yaşlılar öz həyatı ilə vidalaşmışdır. Yüzdən artıq qadın, altmış üç uşaq qətlə yetirilmişdir. Ermənistan, həmçinin münaqişə zonasından uzaq məsafədə də ictimai nəqliyyatda və mühüm infrastruktur yerlərində, 1994-cü ildə Bakı metrosunda bomba partlayışı və digər əməllər kimi terror aktlarını törədərək, mülki əhaliyə qarşı mübarizə apardı….

BMT Təhlükəsizlik Şurasının iclasında İlham Əliyevin nitqi
Nyu – York şəhəri
04 may 2012

...Ölkə qarşısında duran əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, bu istiqamətdə heç bir nəticə yoxdur. Ermənistan uzun illərdir ki, beynəlxalq hüququ kobudcasına tapdalayır, beynəlxalq hüquq normalarına riayət etmir. Dünyanın mötəbər, aparıcı beynəlxalq təşkilatlarının qətnamələrinə əhəmiyyət vermir, məhəl qoymur. Nə hərb, nə sülh vəziyyəti davam edir. Müharibə hələ bitməyib. Müharibənin birinci dövrü başa çatıbdır. Biz hamımız arzu edirik ki, müharibənin ikinci dövrü başlamasın. Ancaq buna nail olmaq üçün Ermənistan beynəlxalq hüquq normalarına əməl etməli və işğal edilmiş torpaqlardan çıxmalıdır… 
...Ermənistanın qeyri-konstruktiv mövqeyi və indiki vəziyyəti uzatmaq cəhdləri hələ imkan vermir ki, məsələ həllini tapsın. Ancaq mən bu barədə dəfələrlə fikrimi bildirmişəm. Biz hər gün, hər an məsələnin həllinə yaxınlaşırıq. Bizi bu günə yaxınlaşdıran amillər həm siyasi, həm iqtisadi və digər sahələrlə bağlıdır. Siyasi sahədə bu gün Azərbaycan bölgənin lider dövlətidir. Bizim kifayət qədər güclü mövqeyimiz vardır. Dünya birliyində böyük dəstəyimiz vardır. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz dünya birliyinin bizə olan münasibətini göstərir və hazırda Azərbaycan Təhlükəsizlik Şurasına sədrlik edir…
...Məsələnin həlli üçün, əlbəttə, bütün diplomatik-siyasi imkanlardan istifadə edirik, eyni zamanda, hərbi gücümüzü də artırırıq. Bu istiqamətdə də böyük addımlar atılmışdır. Təkcə onu demək kifayətdir ki, hazırda Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur. Əlbəttə, həm maddi-texniki təchizatımız böyük dərəcədə yaxşılaşır, həm də ordumuzun peşəkarlığı, döyüş qabiliyyəti artır. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü orduların sırasındadır.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün digər vacib amillər də mövcuddur və bu amillər də Azərbaycanın mövqeyini gücləndirir. İqtisadi gələcəyimiz. Biz dəqiqliklə bilirik ki, gələcəkdə bizi nələr gözləyir. Çünki gələcəyimizi biz özümüz yaradırıq. Ermənistan isə gələcəyini başqa ölkələrdən verilən, yaxud da veriləcək və ya verilməyəcək ianələrlə bağlayır. 
28 May - Respublika Günü münasibətilə rəsmi qəbuldakı nitqindən. 
Bakı şəhəri
25 may 2012-ci il

...Bizim ordumuz bizim qürurumuzdur. Bizim ordumuz müstəqilliyimizi şərtləndirən amildir. Biz bundan sonra da orduya, ordu quruculuğuna, hərbçilərə olan diqqəti artıracağıq, bu diqqəti göstərəcəyik.
Bizim qarşımızda duran əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsidir. Bildiyiniz kimi, Azərbaycan dövləti uzun illərdir ki, bu istiqamətdə fəaliyyət göstərir, çalışır. Ancaq əfsuslar olsun ki, məsələ öz həllini tapmır...
...Biz danışıqlarda prinsipial mövqeyimizi göstəririk. Bu mövqedən bir addım geri atmayacağıq. Bununla bərabər, son illər ərzində biz böyük dərəcədə güclənə bilmişik. Əgər bir neçə il bundan əvvəl həm hərbi, həm iqtisadi sahədə Ermənistan ilə Azərbaycan arasında demək olar ki, paritet var idisə, artıq bu pariteti biz dağıtdıq. Azərbaycan iqtisadi cəhətdən Ermənistandan 10 dəfə güclü ölkədir. Dövlət büdcəmiz 10 dəfədən çoxdur. Hərbi xərclər 10 dəfədən çoxdur...
... Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Qondarma Dağlıq Qarabağın müstəqilliyini heç kim tanımayıb. Beləliklə, beynəlxalq hüquq baxımından Azərbaycanın mövqeləri çox möhkəmdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan işğalçı qüvvələrinin bizim torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Digər beynəlxalq təşkilatların oxşar qərar və qətnamələri vardır. Yəni, hüquqi cəhətdən məsələ tam aydındır. ...
... Biz bu siyasətdən kənara çıxmayacağıq. Bundan sonra da Azərbaycan Ordusunu gücləndirəcəyik. Maddi-texniki təminat daha da güclü olacaqdır. Silahlar, sursatlar, texnika daha da böyük həcmdə alınacaqdır. Ordumuzun peşəkarlığı daha da artırılacaqdır. Bizdə demoqrafik vəziyyət çox müsbətdir. Getdikcə ordumuzun sıralarının genişləndirilməsi məsələlərinə də baxıla bilər. Beləliklə, əminəm ki, bundan sonrakı illərdə də Azərbaycan Ordusu inkişaf edəcək və daha da güclənəcəkdir...
... Mən heç şübhə etmirəm ki, əgər müharibənin fəal fazası başlanarsa necə ki, Ermənistan siyasi meydandan qaçıb, döyüş meydanından da qaçacaqdır. Bizim bütün imkanlarımız vardır ki, ərazi bütövlüyümüzü bərpa edək. Cəbhə xəttində son hadisələr onu bir daha göstərdi. Ermənistanın bütün təxribatlarının qarşısı alındı. İşğalçı qüvvələr layiqli cavablarını aldılar. Azərbaycan əsgəri, Azərbaycan zabiti öz qəhrəmanlığını göstərdi və işğalçını yerinə oturtdu. Artıq dünya birliyi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ölkələr də, əminəm, daha çox dərk edirlər ki, Ermənistan Azərbaycanın qarşısında dayana bilməyəcəkdir... 
...Azərbaycan dövləti və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaqdır. Biz heç vaxt sakitləşməyəcəyik. Bizim üçün – həm dövlət, həm xalq üçün bir nömrəli məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllidir, Azərbaycan vətəndaşlarının işğal edilmiş torpaqlara qayıtmasıdır...
Prezident İlham Əliyevin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2012-ci il buraxılışına həsr olunmuş mərasimdəki nitqindən  
Bakı şəhəri
25 iyun 2012-ci il

...Bu gün, eyni zamanda, regional təhlükəsizlik məsələlərinə də toxunmaq istərdim. Çünki regional əməkdaşlıq meylləri güclənir və belə olan halda təhlükəsizlik məsələlərinə də böyük diqqət göstərilməlidir. Əfsuslar olsun ki, bu sahədə vəziyyət istədiyimiz kimi deyildir. Xüsusilə, Azərbaycana gəldikdə, bizim beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz uzun illərdir ki, Ermənistan tərəfindən pozulmuşdur. Ermənistanın işğalçı və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi hələ də işğal altındadır, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün həyatı yaşayır. Bütün mötəbər beynəlxalq təşkilatlar məsələ ilə bağlı öz mövqeyini bildirmişlər. BMT Təhlükəsizlik Şurası məsələ ilə bağlı və erməni qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir, işğal bu gün də davam edir, müharibə bu gün də davam edir və əlbəttə, bölgədə gərginliyin artırılmasına səbəb olur. İlk növbədə, münaqişənin səbəbi aradan qaldırılmalıdır, işğala son qoyulmalıdır. Ondan sonra bölgədə həm sabitlik bərqərar olunacaq, həm də iqtisadi əməkdaşlıq üçün yeni, gözəl şərait yaradılacaqdır.
Prezident İlham Əliyevin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubiley sammitindəki nitqindən
İstanbul şəhəri
26 iyun 2012-ci il

... Azərbaycanın ərazi bütövlüyü məsələləri heç vaxt danışıqlar predmeti olmamışdır və olmayacaqdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Məndə bu barədə heç bir şübhə yoxdur. Danışıqlar prosesində müəyyən durğunluq vardır. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin başçıları yeni bəyanatla çıxış etmişlər və status-kvonun qəbuledilməz olduğunu bir daha təsdiq etmişlər. Hələ ki, status-kvonu dəyişdirən konkret, real addımlar atılmır. Ancaq bu, qaçılmazdır. Status-kvo dəyişdirilməlidir. Həm Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları, Avropa İttifaqı Şurasının prezidenti Bakıda olarkən, ATƏT nümayəndələri, digər beynəlxalq təşkilatlar və siyasətçilər status-kvonun qəbuledilməz olduğunu dəfələrlə bəyan edirlər. Bu, çox dəyərli bəyanatdır. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqlardan erməni işğalçı qüvvələrinin çıxarılması deməkdir. Bu işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxdıqca əlbəttə ki, danışıqlar prosesində də müsbət meyillər daha da güclənəcək və bu məsələ tezliklə öz həllini tapacaqdır. Ancaq bütün siyasi və diplomatik səylərlə yanaşı, şübhəsiz ki, biz öz hərbi qüdrətimizi artırırıq, gücləndiririk. Güclü ordu yaratmışıq və yaradırıq. Güclü ordu danışıqlarda bizim mövqeyimizi böyük dərəcədə gücləndirir...
... Son müddət ərzində Xocalı soyqırımını soyqırımı kimi tanıtdırmaq üçün biz - həm dövlət, hökumət, diplomatiyamız, ictimai təşkilatlar, diaspor təşkilatlarımız çox böyük işlər görmüşük. Bu, çox vacib və çox önəmli məsələdir. Artıq üç ölkə - Kolumbiya, Meksika və Pakistan Xocalı soyqırımını soyqırımı kimi rəsmi qaydada qəbul etmişdir. Əminəm ki, bu proses davam etdirilməlidir və etdiriləcəkdir. Həm səfirliklərimiz, əlbəttə ki, dövlət qurumları, ictimai təşkilatlar bu məsələ ilə bağlı öz səylərini davam etdirəcəklər. Getdikcə Xocalı soyqırımını soyqırımı kimi tanıyan ölkələrin sayı daha da çoxalacaqdır.
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı nitqindən
Bakı şəhəri
11 iyul 2012-ci il

...Xarici siyasətlə bağlı ölkə qarşısında duran əsas vəzifə, əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Bu, bizim nəinki xarici siyasətdə, ümumiyyətlə, ölkə qarşısında duran əsas məsələdir. Azərbaycan bu məsələnin həlli üçün bütün imkanlardan istifadə edir və etməlidir. Diplomatik səylər gücləndirilməlidir və gücləndirilir. Digər amillər də bu məsələnin həlli üçün öz rolunu oynamalıdır və bu istiqamətdə önəmli addımlar atılır. Əgər müstəqillik dövrünə nəzər salsaq görərik ki, bu 20 il ərzində Ermənistan ilə Azərbaycan arasındakı fərq, yəni uçurum daha da böyük olmuşdur. Növbəti illərdə bu fərq yalnız və yalnız böyüyəcək və Azərbaycanın üstünlükləri daha da görünəcəkdir...
...Diplomatik səylər davam etdirilir. Səfirliklərin bu istiqamətdə fəaliyyəti məqsədyönlüdür. Dünyadakı dostlarımızın, dost ölkələrin sayı artmaqdadır. Beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ məsələsinə dair ədalətli, yəni, maraqlarımızı təmin edən qətnamələr kifayət qədər qəbul edilmişdir...
...Məsələnin tarixi aspekti də çox önəmlidir. Çünki uzun illər ermənilər öz lobbi qurumları vasitəsilə dünyada belə bir rəy formalaşdırmağa çalışırlar ki, Dağlıq Qarabağ qədim erməni torpağıdır və erməni xalqı əsrlər boyu bu torpaqda yaşamışdır. Bunlar tamamilə yalan, təhrif edilmiş məlumatlardır. Hazırda biz bu yalanları ifşa etməklə, həqiqətləri ortaya qoymaqla, eyni zamanda, münaqişənin həlli üçün tarixi bazanı da möhkəmləndiririk. Bildiyiniz kimi, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Dağlıq Qarabağın ərazisində yerləşən bütün yaşayış məntəqələrinin toponimləri Azərbaycan mənşəlidir. Nəinki Dağlıq Qarabağ, indiki Ermənistanın toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Yəni, xalqımız əsrlər boyu bu torpaqda yaşamış, yaratmış və bundan sonra da bu torpaqda yaşamalıdır. Biz bunu təmin edəcəyik...
...Əgər Ermənistan rəhbərliyində reallığı dərk edən adamlar hələ ki, qalıbsa, anlamalıdırlar ki, Azərbaycan ilə qısamüddətli və uzunmüddətli rəqabətdə onları yalnız məğlubiyyət gözləyir. Hazırda əgər onlar danışıqlar masasında olan varianta razılıq verərlərsə və işğal edilmiş torpaqlardan qoşunlarını çıxararlarsa, o zaman öz xalqının gələcəyini təmin etmiş olarlar. Çünki onları gələcəkdə böyük təhlükələr gözləyir. Dünya dəyişir, bölgədə gedən proseslər sizə bəllidir. İstisna edilmir ki, vaxt gələcək və hər bir ölkə təkbaşına öz maraqlarını müdafiə etmək zorunda qalacaqdır. Azərbaycan buna hazırdır....
...Biz bölgədə söz sahibiyik və bundan sonra mövqeyimiz daha da möhkəm olacaqdır. Biz heç vaxt imkan verə bilmərik ki, Ermənistan hər hansı bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsinə qoşulsun. Biz onları təcrid etmişik, bunu gizlətmirik.Gələcəkdə təcridetmə siyasətimiz davam etdirilməlidir. Bu, öz bəhrəsini verir. Əgər məsələni sülh yolu ilə həll etmək üçün bizə daim mesajlar göndərən tərəfdaşlar doğrudan da istəyirlər ki, bölgədə sülh olsun, Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır. Çünki əks təqdirdə məsələnin başqa yolla həll edilməsi istisna deyildir. Biz bunu heç vaxt istisna etməmişik.
Danışıqlar prosesində bir neçə dəfə hesab edirdik ki, biz artıq razılaşmaya yaxınıq. Ermənistanın riyakar mövqeyi, yalançı vədləri imkan vermədi ki, biz razılaşmaya nail olaq. Yəni, bizim üçün sirr deyildir, Ermənistan çalışır ki, məsələni dondursun, nə qədər mümkünsə məsələni uzatsın....
...Ona görə daim məsələnin sülh yolu ilə həll edilməsi prioriteti səslənəndə bu, Ermənistana yanlış mesaj göndərir ki, siz narahat olmayın, sülh yolu ilə həll olunacaqdır. Buna görə bu məsələni uzada bilərsiniz. Bu, yanlış yanaşmadır. Mən dəfələrlə bizim tərəfdaşlara bu barədə fikirlərimizi demişəm. Biz də sülh istəyirik, amma bir daha demək istəyirəm ki, ilk növbədə, vətəndaşlarımız işğal edilmiş torpaqlara qayıtmalıdırlar.
Prezident İlham Əliyevin  Diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsindəki nitqindən
Bakı şəhəri
21 sentyabr 2012

... Ermənistan tərəfi hesab edir ki, Dağlıq Qarabağ nə vaxtsa müstəqil dövlət olacaqdır. Bu, xülyadır, bu, fantaziyadır, bu, heç vaxt mümkün olmayacaqdır. Dünya birliyi Dağlıq Qarabağı Azərbaycan torpağı kimi tanıyır və bütün vacib beynəlxalq təşkilatların sənədlərində bu, öz əksini tapıb. Bu yaxınlarda Qoşulmama Hərəkatının qətnaməsində də - o Hərəkatda 120 ölkə cəmləşir, yəni, dünya birliyinin əksəriyyətidir, - məsələnin ərazi bütövlüyü çərçivəsində həll olunması nəzərdə tutulur. Bu ilin mayında Çikaqoda keçirilən NATO zirvə görüşündə son bəyanatda yenə də münaqişənin Azərbaycanın ərazi və ancaq ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur. Əlbəttə, bilirsiniz ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri və s. vardır.
Yəni, bu, birmənalı yanaşmadır və mən şübhə etmirəm ki, vaxt gələcək və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir...
... Azərbaycan müstəqil dövlətdir, beynəlxalq təşkilatlarda fəaliyyət göstərir və aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini müdafiə edir. BMT, onun Baş Məclisi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim maraqlarımıza uyğun olan qətnamə qəbul etmişdir. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Qoşulmama Hərəkatı, hansı ki, 120 ölkəni birləşdirir, bizim mövqeyimizi dəstəkləmişdir. İslam Əməkdaşlıq Təşkilatı bizim mövqeyimizi dəstəkləmişdir. Ona görə biz, yenə də deyirəm, tutduğumuz yoldan dönməyəcəyik, ermənilərin qaldırdığı hay-küy heç bir əhəmiyyətə malik deyildir. 
İlham Əliyevin yeni inşa edilən Gənclər Mərkəzinin açılışındakı nitqindən
Tərtər şəhəri
07 oktyabr 2012

... Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və Azərbaycan torpağı kimi dünya birliyi tərəfindən tanınır, tanınacaq və Azərbaycan torpağı kimi tam şəkildə Azərbaycan dövlətinə inteqrasiya edəcəkdir. Ona görə biz elə çalışmalıyıq ki, münaqişənin həlli tam olsun. Azərbaycanın suverenliyi tam şəkildə təmin edilsin. Əlbəttə, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində olmalıdır, başqa variant nəzərdən keçirilmir və biz bu varianta nail olmaq üçün çalışmalıyıq. Bəlkə də danışıqlar bir müddət də aparıla bilər, mən bunu istisna etmirəm. Ancaq danışıqların sonunda biz o torpaqlara qayıdacağıq.
Mən, əlbəttə istəyirəm ki, biz bunu qan tökülmədən edək. Ancaq biz istənilən varianta hazır olmalıyıq və hazırıq. Bu gün nəinki güclü iqtisadiyyatımız, güclü ordumuz vardır. Ordu potensialı da, insan potensialı da, vətənpərvərlik hissləri də çox güclüdür...
...Biz erməniləri beynəlxalq müstəvidə artıq məğlub etmişik. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi Ermənistanın acı məğlubiyyətidir. Qoşulmama Hərəkatında 120 ölkə artıq Azərbaycanın ərazi bütövlüyünü nəinki dəstəkləyir, münaqişənin həllini yalnız ərazi bütövlüyü prinsipi əsasında görür. Bütün digər beynəlxalq təşkilatlarda bizim nüfuzumuz artır.
İlham Əliyev Bərdə ictimaiyyəti ilə görüşündəki nitqindən
Bərdə şəhəri
07 oktyabr 2012



Oxunub: 36383