Baş səhifə   » MÜNAQİŞƏ BMT-də    » BMT TŞ sənəd 18 avqust 1993   

BMT TŞ sənəd 18 avqust 1993

  


Təhlükəsizlik Şurasının üzvləri ilə məsləhətləşmələr apararaq Şuranın sədri Şuranın adından onun 1993-cü il avqustun 18-də keçirilmiş 3264-cü iclasında "Dağlıq Qarabağda vəziyyətə dair" sərlövhəli bəndin Şura tərəfindən baxılması ilə əlaqədar aşağıdakıları bəyan etmişdir:
Təhlükəsizlik Şurası Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi ilə və onların arasındakı gərginliklə əlaqədar ciddi narahatlıq keçirdiyini bildirir. Şura Ermənistan Respublikasının hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ermənilərinin Şuranın 822 və 853 saylı qətnamələri ilə razılaşmalarına nail olmaq məqsədilə öz təsirindən istifadə etməyə çağırır.
Şura, habelə bu günlərdə Füzuli rayonunda döyüş əməliyyatlarının güclənməsindən dərin narahatlıq keçirdiyini bildirir. Şura əvvəllər Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarına müdaxiləni və onların işğalını pislədiyi kimi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən Füzuli rayonuna edilən hücumları da pisləyir. Şura bütün hücumların dayandırılmasını və bölgədə sülh və təhlükəsizlik üçün qorxu törədən hərbi əməliyyatların və bombardmanların dərhal dayandırılmasını tələb edir, habelə işğalçı qüvvələrin Füzuli zonasından, həmçinin Azərbaycan Respublikasının Kəlbəcər, Ağdam rayonlarından və bu yaxınlarda işğal olunmuş başqa rayonlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Şura Ermənistan Respublikasının hökumətini bu məqsədlə öz təsirindən istifadə etməyə çağırır.
Şura Azərbaycan Respublikasının və regionun bütün başqa dövlətlərinin suverenliyini və ərazi bütövlüyünü, habelə onların sərhədlərinin pozulmazlığını bir daha təsdiq edir və münaqişənin sülh yolu ilə aradan qaldırılmasına nail olmağa dair ATƏM-in Minsk qrupunun səylərinə döyüş əməliyyatlarının göstərdiyi təsirdən dərin narahatlıq keçirdiyini bildirir. Şura ATƏM-in sülh prosesini tamamilə müdafiə etdiyini qeyd edir və Minsk qrupunun danışıqlarının indiki mərhələsində öz baxışlarını və mövqelərini bilavasitə ifadə etmək üçün münaqişədə iştirak edən tərəflərə verilmiş imkanı. xüsusilə nəzərə çarpdırır. Bu baxımdan Şura bütün tərəfləri avqustun 13-də Minsk qrupunun təqdim etdiyi "BMT Təhlükəsizlik Şurasının 822 və 853 saylı qətnamələrinin yerinə yetirilməsinə dair təxirəsalınmaz tədbirlər cədvəli"nin dəqiqləşdirilmiş variantına müsbət cavab verməyə və məsələnin sülh yolu ilə həllini poza biləcək hər hansı hərəkətdən çəkinməyə çağırır. Şura yaranmış vəziyyətin bütün cəhətləri barədə məruzə hazırlamaq üçün bölgəyə missiya göndərmək haqqında ATƏM-in niyyətini alqışlayır.
Son günlərdə münaqişənin genişlənməsi ilə əlaqədar Şura dövlətləri münaqişənin güclənməsinə və ya Azərbaycan Respublikası ərazisinin işğalının davam etdirilməsinə gətirib çıxara biləcək hər hansı silah və döyüş sursatı göndərməkdən çəkinmək barədə 853 saylı qətnamədəki çağırışı bir daha təkidlə təsdiq edir. Şura Ermənistan Respublikasının hökumətini cəlb olunmuş qüvvələrin gələcəkdə hərbi əməliyyatı genişləndirmək üçün vəsait almamaqlarını təmin etməyə çağırır.
Şura, habelə mülki əhalinin getdikcə artan iztirablarını yüngülləşdirmək məqsədilə bölgəyə, münaqişədən zərər çəkmiş bütün zonalara beynəlxalq humanitar yardımın maneəsiz çatdırılmasını təmin etməyə dair 822 və 853 saylı qətnamələrdə olan çağırışları bir daha təkrar edir. Şura tərəflərə xatırladır ki, onlar beynəlxalq humanitar hüququn prinsiplərinə və normalarına əməl etməyə borcludurlar və əməl etməlidirlər.
Təhlükəsizlik Şurası bu məsələ ilə fəal məşğul olmaqda davam edəcək və özünün qətnamələrinə bütün tərəflərin tamamilə razı olmasını və əməl etməsini təmin etməkdən ötrü müvafiq tədbirləri nəzərdən keçirməyə hazır olacaqdır.



Oxunub: 15119