Baş səhifə   » İNZİBATİ BÖLGÜ    » Qarabağın şəhər və rayonları    » Şuşa   

Şuşa

  



Şuşa Azərbaycanda Qarabağ bölgəsində qala şəhərdir. Bu şəhər Azərbaycanın Şuşa rayonunun mərkəzidir. Əhalisi 19.300 nəfərdir (2008).
Qədim dövrlərdən mövcud olmuş şəhər XIII əsrdə monqollar tərəfindən dağıdılıb. Şuşa şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən, Şuşa kəndinin yaxınlığında abadlaşdırılaraq yenidən salınıb. İlk çağlarda şəhəri Şuşa adı ilə yanaşı, xanın şərəfinə Pənahabad da adlandırıblar. Onun hakimiyyəti illərində burada çoxlu abidələr tikilib. İbrahimxəlil xanın hakimiyyəti illərində isə şəhər böyüyüb, müdafiə bəndləri və qalalar tikilib. Rusiya müstəmləkə hakimiyyəti dövründə Şuşa bütün Qarabağ regionunun inzibati və iqtisadi mərkəzi olaraq inkişaf edib. Əsrlər boyu bu şəhər Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri olub.
Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Şuşanı “Şərqin konservatoriyası” adlandırırlar.
Şuşada elm və maarifçilik sahəsi də geniş vüsət tapıb. Burada 1830-cu ildə qəza məktəbi, 1838-ci ildə seminariya, 1876-cı ildə şəhər və ibtidai məktəb, 1880-ci ildə altısinifli qəza məktəbi və 1886-cı ildə isə türk-rus məktəbləri yaranıb. Bu şəhər Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkarların və dirijorların vətənidir: Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov əslən şuşalıdır.
Şuşa 8 may 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra dağıdılaraq xarabalığa çevrilib. Şuşada təkcə rəsmən qeydə alınmış 170 memarlıq abidəsi və 160 incəsənət abidəsi var idi. Şuşanın işğalı zamanı 200 nəfər şəhid, 150 nəfər əlil olub, 552 körpə yetim qalıb, 22 minə yaxın insan qaçqın düşüb. 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılıb.
Hazırda Ermənistanın işğalı altındadır.




Oxunub: 52515