Baş səhifə   » XOCALI SOYQIRIMI    » Soyqırımın tanınması    » Xocalı soyqırımının İƏT-də tanınması   

Xocalı soyqırımının İƏT-də tanınması

  



Xocalı soyqırımı XX əsrin ən dəhşətli soyqırımları olan Xatın, Xirosima, Naqasaki və Sonqmi faciələri ilə bir sırada durur.  Əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar dəfələrlə Xocalı faciəsi kimi soyqırımları pisləmiş, yolverilməz olduğunu bildirmişdir. 
Azərbaycan bir çox beynəlxalq təşkilatlarda, dünya dövlətlərinin parlamentlərində Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verilməsi yolunda qətiyyətli addımlar atmışdır. 

"Xocalıya ədalət" kampaniyası
BMT-dən sonra üzvlərininin sayına görə dünyanın ikinci təşkilatı olan İslam Konfransı Təşkilatı (qeyd: 28 iyun 2011-ci ildə Təşkilata üzv olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının qərarı ilə təşkilatın adı İslam Əməkdaşlıq Təşkilatına (İƏT) dəyişdirilib) dəfələrlə Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzkarlığını pisləmiş və Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyi ilə həmrəy olduğunu bildirmişdir.
2004-cü ildə Bakıda İslam Konfransı Təşkilatı Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər forumu yaradılmışdır. 
Forum 2007-ci ilin payızında Bakıda "Gənclər sivilizasiyaların alyansına tərəfdardır" Təşəbbüsü çərçivəsində təsis edilmiş "Sivilizasiyaların alyansı" Beynəlxalq Gənclər Hərəkatına da müraciət edərək, ona tərəfdaşları olan nüfuzlu beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın həm dinc azərbaycanlıların, həm də öz vətəndaşlarının qanını axıtmış sərsəm rejiminin fitnəkar hərəkətlərini dünya birliyinə çatdırmağı təklif etmişdir. Təklifdə bu fikirlər də yer almışdır ki, Dağlıq Qarabağ münaqişəsinə potensial baxımdan sivilizasiyalararası münasibətlərin kəskinləşməsinə gətirib çıxara biləcək bir münaqişə kimi baxılsın. Təklifdə göstərilmişdir ki, Ermənistanda hakimiyyətə gəlmiş S.Sarkisyanın bu cür siyasəti dünyanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayan Cənubi Qafqaz regionunda sabitliyin ciddi şəkildə pozulmasına gətirib çıxara bilər. 
İKT Gənclər Forumu İdarə Heyətinin 2008-ci ilin aprelində Küveytdə keçirilən 6-cı sessiyasında isə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi rəhbəri Leyla Əliyeva Forumun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə birinci baş əlaqələndiricisi seçildi. Bu, İKT Gənclər Forumunun Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına daha çox diqqət ayırmasında mühüm rol oynadı. Məhz bunun nəticəsində həmin ilin mayın 17-də İstanbulda İKT Gənclər Forumu və İSESKO-nun təşkilatçılığı ilə keçirilmiş İKT ekspertlərinin ikigünlük iclasında Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyası İKT ekspertləri tərəfindən dəstəkləndi və 26 fevral - Xocalı soyqırımı gününün İKT ölkələrində humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması barədə qərar qəbul olundu. Bundan əlavə, Xocalı qətliamının İslam ölkələrində dərsliklərə daxil edilməsi ilə bağlı təklifin də İKT nazirlərinin toplantısına təqdim edilməsi razılaşdırıldı. 
İKT-nin üzvü olan ölkələrin xarici işlər nazirlərinin Kampalada (Uqanda) başa çatmış konfransında İKT-nin Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın "Xocalıya ədalət - Qarabağa azadlıq" təşəbbüsü təsdiq edildi. Bu barədə İKT xarici işlər nazirlərinin konfransının 35-ci sessiyasında xüsusi qətnamə qəbul olundu. Qətnamənin xarici işlər nazirləri tərəfindən dəstəklənməsi dünyanın 57 ölkəsində müvafiq kampaniyanın həyata keçirilməsi üçün siyasi-hüquqi baza yaradılmasına gətirib çıxardı. 
Qətnaməyə görə, İKT üzvü olan ölkələrdə humanitar faciələrin qurbanlarının Xatirə günü təsis edilir. Qətnamədə Xocalı faciəsinin də daxil olduğu bu siyahı təsdiq edilməklə yanaşı, XX əsrdə müsəlman ölkələri xalqlarının məruz qaldığı humanitar fəlakətlər, təcavüzlər və etnik təmizləmələr haqqında düzgün informasiyanın yayılması üçün kampaniyalar keçirilməsi nəzərdə tutulur. 
İslam Konfransı Təşkilatının (İKT) üzv qurumu olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan olunmuş “Xocalıya ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyası başlanmışdır. Kampaniya çərçivəsində ilk tədbir İstanbulun “Taksim” metrostansiyasının sərgi salonunda Xocalı ilə bağlı uşaqların çəkdiyi şəkillərdən və kampaniyaya qoşulmuş xarici ölkə gənclərinin fotoşəkillərindən ibarət sərginin açılışı olmuşdur.
2009-cu ilin mayında isə İKT Xarici İşlər Nazirləri Şurasının Dəməşqdə keçən 36-cı konfransında nazirlər Gənclər Forumu haqqında qəbul etdikləri yekun qətnamədə "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyasını tam dəstəkləyərək üzv ölkələri bu kampaniyada fəal iştiraka çağırıblar. 
2011-ci ildə isə İslam Konfransı Təşkilatı Parlamentlər İttifaqı (İKT Pİ) Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasına dəstək olaraq bəyannamə qəbul edilmişdir. İKT Parlamentlər İttifaqı Şurasının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən 13-cü sessiyasında Şuraya üzv dövlətlərin qəbul etdikləri Əbu-Dabi bəyannaməsində Xocalı faciəsini insanlığa qarşı törədilmiş kütləvi cinayət kimi tanımağa çağırılır. Bu, İKT GF-nin təşəbbüsü ilə irəli sürülmüş "İKT GF və İKT Pİ arasında əməkdaşlıq haqqında" qətnamənin Şura tərəfindən təsdiqlənməsi nəticəsində baş vermişdir. Qətnamənin 3-cü bəndində qeyd edilmişdir ki, İKT Pİ-yə üzv parlamentlər erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğını insanlığa qarşı cinayət kimi tanıyır. Sənəddə üzv dövlətlər qeyd olunan cinayətə milli səviyyədə lazımi qiymətin verilməsinə çağırılırlar. 
Qətnamədə təşkilata üzv parlamentlərə birbaşa çağırış vardır və bu, öz növbəsində, faciənin milli səviyyədə hüquqi və siyasi tanınması mərhələsini açır. 
2012-ci il yanvarın 30-da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pi) İndoneziyanın Palembanq şəhərində keçirilən 7-ci sessiyası “Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü” adlı ənənəvi olaraq qəbul edilən qətnaməyə İKGF-nin təşəbbüsü ilə xüsusi bir bənd əlavə edilib. Xocalı faciəsinə həsr edilən paraqrafda qeyd edilir ki, Konfrans üzv-ölkələrin parlamentlərini 2012-ci ildən etibarən (faciənin 20 illiyi) 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırım xarakteri daşıyan kütləvi qırğını müvafiq şəkildə tanımağa çağırır və Xocalı qırğınını törədənləri məsuliyyətə cəlb etməyi tələb edir. 

Xocalı soyqırımının İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası tərəfindən tanınması

2012-ci ilin noyabrın 15-17-də Cibutidə İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) 39-cu sessiyası keçirilmişdir. Sessiyada Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) fəaliyyətləri ilə bağlı qurumun təqdim etdiyi qətnamə layihəsi İƏT XİNŞ tərəfindən qəbul edilmişdir. Forum tərəfindən təqdim edilən qətnamə layihəsində qurumun gördüyü işlər arasında DƏ-İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin mayından həyata keçirilən “Xocalıya ədalət” kampaniyasına dair xüsusi bənd ayrılmışdır. Bu bəndə əsasən, İƏT XİNŞ üzvü olan ölkələri və İƏT-in qurumlarını kampaniyanın fəaliyyətində fəal iştirak etməyə və dəstək olmağa, bu soyqırımı aktının beynəlxalq və milli səviyyələrdə insanlığa qarşı cinayət kimi tanınması üçün səy göstərməyə çağırmışdır. Beləliklə, İƏT XİNŞ Xocalı faciəsini ilk dəfə olaraq soyqırımı aktı kimi tanımışdır.  



Oxunub: 23936