Baş səhifə   » QARABAĞ MÜNAQİŞƏSİ    » Xarici mətbuatda   

Xarici mətbuatda

  



Münaqişə Fransa mətbuatında
Ermənilər tərəfindən işğal olunmuş lakin Azərbaycana məxsusluğu tarixi faktlarla təsdiq olunmuş Dağlıq Qarabağ münaqişəsinin bu gün beynəlxalq siyasətin mühüm arqumentinə çevrilməsi onun çevrəsində cəmlənən ölkələrin mətbuatını da daim diqqət mərkəzinə çəkir.
Münaqişənin həllində fəallıq göstərən ölkələrin mətbuatından götürülmüş müəyyən dövrü əhatə edən materiallar konkret olaraq hər bir ölkənin və bütövlükdə münaqişə ilə bağlı ölkələrin fəaliyyətinin məzmunu barədə təsəvvür yaratmağa imkan verir. Ölkənin “Liberasion”, “Le Mond”, “La Kuqye”, “Nuvel observer”, “Humanite” kimi sağ və sol təmayüllü və müstəqil nəşrləri bir sıra məqalələrlə Qarabağ məsələsinə toxunmuş, əsasən konfliktin acı nəticələri və sülhün vacibliyi yönümündə fikirləri işıqlandırmışlar. Qeyd etmək lazımdır ki, Fransa nəşrləri arasında Qarabağ mövzusunun işıqlandırılması üzrə “Liberasion” qəzeti irəlidə gedir. 2005-ci ildə xüsusi müxbirini Azərbaycana göndərən qəzet bir sıra əhəmiyyətli məsələləri əhatəli işıqlandırmışdır.
“Liberasion” qəzetinin 10 fevral 2006-cı il tarixli nömrəsində dərc olunmuş “Müstəqilliyə can atan Dağlıq Qarabağ” sərlövhəli məqalədə (müəllif – L. Miyo) jurnalist ilk baxışda gördüklərini və eşitdiklərini olduğu kimi qələmə alaraq, nəticə çıxarmağı oxucunun öhdəsinə buraxmışdır. Müəllif bildirmişdir ki: “Orda-burda binaların üzərində yellənən bayraqlar dünyada Ermənistandan başqa heç bir dövlət tərəfindən tanınmayan bir respublikanın nazirliklərini göstərirdi. Qarabağın dağlıq hissəsindəki separatçı rejimin saxtakar dövlətçiliyi, Ermənistan respublikasının qəsbkar roluna bir işarədir. 

Münaqişə Almaniya mətbuatında
Almaniyanın  “Der Tagespiegel”qəzetinin müxbiri Von Tobias Asmuth  Qarabağ qaçqınlarının güzəranı barədə maraqlı məqalə dərc etdirmişdir.
Məqalədə konkret olaraq Ağdamdan bəhs edilir. Jurnalist bu rayonun Azərbaycanın nəzarətində olan hissəsindən hazırladığı yazıda bildirir ki, torpaqlarından qovulmalarından az qala 20 il keçsə də, ağdamlılar hələ də Ağdam şəhərindəki evlərinə qayıtmaq arzusu ilə yaşayırlar. 
Reportajda Ağdamın Bənövşələr kəndində məskunlaşan qaçqınların gündəlik həyatı təsvir edilmişdir. Qəzet yazır ki, Bənövşələr kəndini Azərbaycanın Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi salıb. Bu kənddə tikilmiş yeni evlərə çadır düşərgələrindən təxminən 2 min qaçqın köçürülüb. Kənddə poliklinika, poçt şöbəsi, uşaq bağçası, məktəb, kitabxana var, meyvə bağları salınıb. Yazıda bildirilir ki, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ uğrunda münaqişə, beynəlxalq ekspertlərin fikrincə, Qafqazda yeni böhrana səbəb ola biləcək yavaş təsirli bombadır. “BMT Təhlükəsizlik Şurası işğal edilmiş ərazilərin boşaldılmasına dair bir neçə qətnamə çıxarıb, lakin ATƏT-in vasitəçiliyi də bu münaqişənin həllinə kömək edə bilməyib. Dağlıq Qarabağ və ətraf rayonlardan 600 minə yaxın azərbaycanlı qaçqın düşüb, ölkənin 20 faiz ərazisi işğal altındadır. 

2012-ci ilin aprelində almandillli “Rochfeller Magazine” jurnalı Ermənistan-Azərbaycan münaqişəsinin qoşunların təmas xətti boyu yaşayan azərbaycanlı əhalinin gündəlik həyatına necə təsir göstərdiyi barədə geniş məqalə dərc edib. (Bu məqaləni sonradan daha bir neçə xarici KİV, o cümlədən ABŞ-ın nüfuzlu qəzeti olan "The Wall Street Journal" dərc edib). 
Məqalə Ağdamın Azərbaycanın nəzarətində olan və təmas xəttinin bilavasitə yaxınlığında yerləşən Çıraqlı kəndindən bəhs edir. Məqalənin qəhrəmanı kəndin 70 yaşlı sakini Xosrov Şükürovdur.  Jurnal yazır ki, o, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağa görə müharibənin başlamasında günahkar deyil, lakin bu müharibənin təsirlərini hər gün öz üzərində hiss edir: “Xosrovun evi və həyəti 2 divar arxasındadır, evin darvazasında və divarlarında yüzlərlə güllə yeri var. Divarın o tərəfində Dağlıq Qarabağ ətrafında başlayan münaqişə ətrafında Ermənistanla Azərbaycan arasında yaranmış təmas xəttidir. Şükürov təmas xəttinin Azərbaycan tərəfində yaşayır. Çıraqlı kəndində hər evin qapısında güllə izləri var, kəndə bitişik səngərlərdə əsgərlər silahlarını erməni snayperlərinin mövqe tutduğu qarşı səngərlərə tuşlayıblar”. "Biz hər gün atəş səsi eşidirik. Bəzən erməni əsgərləri bizim evin 150 metrliyinə qədər gəlib çıxırlar. Evin ikinci mərtəbəsinin pəncərələri daşla hörülüb, biz ancaq birinci mərtəbədən istifadə edə bilirik”, - deyə Şükürov bildirir. Kəndli danışır ki, onun qızı bir neçə il əvvəl ermənilərin atdığı güllə ilə əlindən yaralanıb. Onu toyda vurublar. 1993-cü ilin yayından bu yana Ağdamın Çıraqlı kəndinin sakinlərinin həyatı dramatik şəkildə dəyişib", - deyə məqalədə yazılır.
Müəllif Dağlıq Qarabağ münaqişəsinin tarixçəsini xatırladır və yazır ki,  tərəflər arasında kövrək atəşkəs hökm sürür və cəbhə indiki təmas xəttindən keçir. “Ağdam 1993-cü il iyulun 23-də işğal olundu”, - deyə rayon icra hakimiyyəti başçısının müavini Zülfü Qasımov bildirir. İndi rayonun 77 faizi Ermənistanın nəzarətindədir. O cümlədən Qasımovun əvvəllər yaşadığı Ağdam şəhəri. “Müharibədə bizim rayondan 6 mindən çox adam həlak oldu, təkcə Ağdamdan 141 min azərbaycanlı qaçqın düşdü”, - deyə o bildirir. İnternetdə görmək olur ki, müharibədən əvvəl 50 min adamın yaşadığı Ağdam xarabalıqlara çevrilib və tamamilə dağıdılıb. 
Jurnal xatırladır ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası yekdilliklə Azərbaycanın tərəfində durub və erməni qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edib. Ağdam rayonunun işğalı ilə bağlı da 1993-cü il iyulun 29-da qətnamə çıxarılıb: “Beynəlxalq hüquq normalarına görə, Azərbaycanın mövqeyi haqlıdır. Dağlıq Qarabağı heç kim müstəqil respublika kimi tanımır və dünya onu Azərbaycanın tərkib hissəsi sayır”. 
Jurnalın yazdığına görə, bütün problemlərə baxmayaraq, Çıraqlı kəndinin sakini X.Şükürov deyir ki, onlar kənddə yaşamaq istəyirlər. Şükürov söhbətə kəndin başqa ağsaqqallarını cəlb edə bilmir, çünki onlar erməni snayperlərinə hədəf ola bilərlər. Digər ərazilər isə minalara görə keçilməzdir. Ağdamdan təmas xətti keçir və sakinlərin bir çoxu onu “ölüm zonası” adlandırır. Eyni zamanda sakinlər hətta binoklun köməyi olmadan da Qarabağdakı erməni qüvvələrinin səngərlərini, onların basdırdıqları "sərhəd dirəklərini" görə bilirlər. Artıq 20 ildir ki, ATƏT Ermənistanla Azərbaycan arasında vasitəçilik edir, indiyədək nəticə yoxdur. Ekspertlər, siyasətçilər və diplomatlar Dağlıq Qarabağ haqda danışarkən “dondurulmuş münaqişə” ifadəsini işlədirlər. Lakin yaxından müşahidə edəndə bu münaqişə heç də dondurulmuş görünmür, daha çox partlamağa hazır olan barıt çəlləyini xatırladır", - deyə jurnal yazır.

Münaqişə Pakistan mətbuatında:
“Diplomatic İnsight” jurnalı 
Pakistanda ingilis və ərəb dillərində nəşr olunan nüfuzlu “Diplomatic İnsight” jurnalının 2010-cu ilin dekabr ayı üzrə xüsusi buraxılışında Azərbaycanla bağlı geniş məqalə dərc olunmuşdur. 
Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salınıb, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi oxucuların diqqətinə çatdırılıb. Münaqişənin tarixi və hüquqi cəhətlərinə toxunularaq bildirilib ki, Qarabağ tarixi Azərbaycan torpağıdır və ənənəvi olaraq bu diyarı Azərbaycan türklərinə mənsub sülalələr idarə ediblər. Məsələnin hüquqi tərəfi də məqalədə izah edilib; belə ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının, İslam Konfransı Təşkilatının, Avropa Şurasının və Avropa Parlamentinin qətnamələrində öz əksini tapmış və bu torpaqlardan geri çəkilməsi erməni işğalçılarından tələb olunub. Vurğulanıb ki, təcavüzkar Ermənistan isə beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq sülh istəməmək siyasətini davam etdirir.
“Diplomatic İnsight” jurnalında Azərbaycanın siyasi sistemi haqqında da məlumat verilib, demokratik prinsiplərə, müasir və milli dəyərlərə əsaslanan Konstitusiyanın ölkənin idarəçiliyində rəhbər tutulduğu, hakimiyyətin xalq tərəfindən seçkilər vasitəsilə formalaşdırıldığı ətraflı izah edilib.

Qarabağ münaqişəsi Rusiya mətbuatında
Rusiyanın almandilli mətbuat orqanı "Moskauer Deutsche Zeitung" ("Moskva Alman Qəzeti") qəzetində Dağlıq Qarabağ münaqişəsinin nəticələrinə dair "Sərhəd təcrübəsi" başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi isveçrəli jurnalist Andre Vidmerdir. Münaqişə nəticəsində Dağlıq Qarabağın bütün azərbaycanlı əhalisi qaçqın düşüb və separatçılar Azərbaycan dövlətinin Dağlıq Qarabağın ərazisindən də böyük bir ərazisini zəbt ediblər. ATƏT və Rusiyanın vasitəçilik səyləri hələ ki, bir nəticə vermir. 1994-cü ildən atəşkəsin mövcudluğuna baxmayaraq cəbhə bölgəsində daim əsgər və mülki şəxslər həlak olurlar.
Daha sonra Tərtərin cəbhə bölgəsində yerləşən Tapqaraqoyunlu kəndində, 17 ildən bəri atəşkəsin olmasına baxmayaraq, əhalinin daim qorxu içində yaşaması ətraflı təsvir olunur. Təhlükəli vəziyyət kənd sakini Kamil Allahverdiyevin gündəlik həyatının timsalında açıqlanaraq, ermənilər tərəfindən mülki əhaliyə açılan atəşlərin insanların həyatını necə çətinləşdirməsi qeyd olunur. K. Allahverdiyevdən sitat gətirilir ki, 2009-cu ildə erməni tərəfinin açdığı atəş nəticəsində həlak olan kənd sakininin dəfni də çətinliklə baş tutub. Müəllif qeyd edir ki, kənddə sonuncu belə ölüm hadisəsi 2011-ci ilin aprelində qeydə alınıb. Kənd camaatının dediyinə görə, müşahidəçilər gedəndən sonra atəşlər xüsusilə intensiv olur. Məqalədə daha sonra Tərtərin Qapanlı kəndi haqqında məlumat verilir. Bildirilir ki, mülki əhalini erməni güllələrindən müdafiə etmək üçün kəndə 5 kilometr (km) uzunluğu və 3 metr hündürlüyü olan divar çəkilib. Buna baxmayaraq, bu kənddə də mülki əhali arasında erməni güllələrindən ölənlər var.

"Nezavisimaya qazeta"-da Yevgeni Kriştalyovun "Xocalıya ədalət" sərlövhəli məqaləsi dərc edilib
 Rusiyanın "Nezavisimaya qazeta" nəşrinin 26 fevral nömrəsində Yevgeni Kriştalyovun "Xocalıya ədalət" sərlövhəli məqaləsi dərc edilib. Müharibə qanlı qətliyama düşmüş xalqlara, sadə insanlara çoxlu əzab və faciə gətirir. Yüzlərlə və minlərlə günahsız adam qurban olur və yalnız nəsillərin yaddaşı onların adlarının yaddaşlardan silinməsinə imkan vermir.
Fevralın 26-sı Xocalı şəhidlərinin anma günüdür. Dağlıq Qarabağın azərbaycanlılar yaşayan bu şəhərinin adı çoxlarına tanışdır və Xatın, Liditse, Serebrenisa, Sonqminin taleyi ilə müqayisə olunur. 18 il əvvəl Xocalının dinc sakinləri strateji yaşayış məntəqəsini tutmağa çalışan erməni silahlı dəstələrinin mühasirəsinə düşmüşdü. Qarabağda yeganə hava limanı burada yerləşirdi, yol isə birbaşa Azərbaycanın içərilərinə aparırdı.
Xocalılıların geri çəkilməsi üçün qoyulan yollarda "tələ" qurulmuşdu. Onları gülləbaran edir, yaralı uşaqları qətlə yetirir, əsir götürürdülər. Bu əsirlikdən çoxları geri qayıtmadı. 1992-ci il fevralın 26-na keçən o müdhiş gecədə alov məngənəsindən çoxları keçə bilmədi. Qətliamın nəticələri dəhşətli idi: 613 nəfər qətlə yetirilmişdir, onların 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qocadır. Səkkiz ailənin bütün üzvləri məhv edilmiş, 487 adam yaralanmışdır. 1275 nəfər əsir götürülmüş, onların 150-nin taleyi hələ də məlum deyildir.
Dağlıq Qarabağın Azərbaycan icması Xocalını və onun sakinlərini itirməklə doğma torpaqda yeganə dayağından məhrum olmuşdu. Erməni millətçilərinin bir vaxtlar bərəkətli diyarda törətdiyi etnik təmizləmə, faktiki olaraq, Dağlıq Qarabağın Azərbaycan icmasının soyqırımı, Xocalı qətliamı isə bu siyasətin ən müdhiş nöqtəsi idi. "Yaşayış məkanının işğalı" strategiyasının həyata keçirilməsinin kulminasiyası isə 1992-ci ilin mayında Qarabağ azərbaycanlılarının başlıca tarixi mərkəzi - qoruq-şəhər Şuşanın işğalı oldu.
Bununla əlaqədar, Serj Sarkisyanın Britaniya jurnalisti, "Qarabağ" kitabının müəllifi Tomas de Vaala etirafı çox maraqlıdır: "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar,onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu stereotipi qıra bildik". Necə deyərlər, şərhə ehtiyac yoxdur, nə əlavə, nə də ixtisar etmək lüzumsuzdur.
Bu gün Xocalı faciəsinə gətirib çıxarmış o cinayətkar siyasətin davamçıları Dağlıq Qarabağ üçün hansısa öz müqəddəratını təyin etməkdən danışırlar. Eyni zamanda, onlar Qarabağ azərbaycanlılarının əzəli torpaqlarına qayıtması imkanını yada da salmırlar. Onların referendumun bölgənin yalnız erməni sakinlərinin iştirakı ilə keçirilməsi tələbinin məqsədi də məhz budur.
Bu gün Azərbaycan yalnız ədalət tələb edir. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və bu qurumun rəhbəri Leyla Əliyevanın şəxsən irəli sürdüyü təşəbbüs əsasında həyata keçirilən genişmiqyaslı beynəlxalq informasiya-təbliğat kampaniyası da məhz "Xocalıya ədalət" adlanır. Kampaniyadan məqsəd dünyaya bəşəriyyətə qarşı cinayət, Xocalı soyqırımı haqqında həqiqətləri yaymaqdır. Fondun aksiyaları artıq bütün dünyada, o cümlədən beynəlxalq təşkilatların ofislərində, habelə BMT-nin Cenevrədəki Baş qərargahında keçirilir.

Münaqişə Amerika mətbuatında
“The New York Times” qəzetinin əməkdaşı Ras Cuskalian (Russ Juskalian) Azərbaycanın işğal altındakı ərazilərində olub və gördükləri barədə geniş məqalə hazırlayıb. Məqalə qəzetin 21 sentyabr 2012-ci il tarixli sayında dərc edilib. 
Məqalədən məlum olur ki, jurnalist erməni əsillidir və onun nənəsi 1915-ci il hadisələri zamanı Osmanlı Türkiyəsinin ərazisindən Amerikaya mühacirət edib.  Müəllif yazır ki, Dağlıq Qarabağ sovet hakimiyyəti dövründə Azərbaycanın tərkibində muxtar vilayət statusuna malik idi. Bu status ermənilərin və azərbaycanlıların birgə yaşadıqları bu regionda qarşıdurmanı müvəqqəti olaraq sakitləşdirə bilib. Lakin ötən əsrin 80-ci illərinin sonlarında Sovet İttifaqı dağılmağa başlayanda etnik qarşıdurma yenidən qızışıb, qanlı xarakter alıb.
O yazır ki, Dağlıq Qarabağa yollananda orada dəbdəbəli otellər, kondisionerli avtobuslar və zəngin mətbəxlə qarşılaşacağını düşünürmüş. Ancaq gözlədiklərinin heç biri ilə rastlaşmayıb.  “Bunların əvəzində biz yerli evlərdə yerləşməli olduq. Hansı ki, orada su tapmağa zəmanət yoxdur, ev sahibləri ilə birlikdə sadə yeməklər yeməli idik və sovet dövründən qalma “Jiquli”lərdə, yaxud köhnəlmiş, təkərləri “keçəlləşmiş” mikroavtobuslarda gəzirdik. Rahatlıqların yoxuluğunun əvəzində mən barəsində az məlumat olan bu bölgə haqda daha çox öyrənməyə çalışırdım” deyə Ras Cuskalian yazır.
Amerikalı səyyahlar daha sonra Xankəndindən “20 dəqiqəlik məsafədə” yerləşən Şuşaya yollanırlar və orada əslən bakılı olan erməni Saro Saryanın evində qonaq olurlar. Müəllif yazır ki, Şuşanın başı çox bəlalar çəkib, 80-ci illərin sonlarında azərbaycanlıların qalanı xatırladan azsaylı möhkəmləndirilmiş məntəqəsi olub. Şəhərdəki binaların çoxu ermənilərin Xankəndindən atdıqları raketlərlə dağıdılıb.
Amerikalı jurnalist və rəfiqəsi Dağlıq Qarabağdakı “erməniləşdirilmiş” tarixi abidələrin bir neçəsini gəzdikdən sonra yolüstü Ağdam xarabalıqlarını da görə biliblər. O yazır ki, Stepanakert-Mardakert (Xankəndi-Ağdərə) yoluyla “sınıq-salxaq” taksi ilə hərəkət edəndə Ağdamın xarabalıqlarını müşahidə etmək mümkündür, lakin erməni sürücü xəbərdarlıq edib ki, foto çəkmək qadağandır. Daha sonra sürücü əcnəbi jurnalistin bu mənzərəni tez ötməsi üçün sürəti artırıb.
Ras Cuskalian daha sonra yazır ki, Dağlıq Qarabağ müharibəsi zamanı ermənilər guya türklərin onlara qarşı etdiklərinin qisasını almaq üçün döyüşürdülər. Lakin müəllif ermənilərin az qala bir əsr əvvəl türklər tərəfindən təqib olunmalarına öz azərbaycanlı qonşularını öz evlərindən qovmaqla, onlara qarşı kütləvi qırğınlar törətməklə cavab vermələrini anlamaqda çətinlik çəkir: “Bəs hazırda təxminən mən yaşda olan, heç vaxt doğulduqları bu yerləri görməyən və Azərbaycanın müxtəlif yerlərində qaçqın kimi məskunlaşan azərbaycanlı qızlar və oğlanlar necə olsun? Mən erməni əsilli olmağım səbəbindən Azərbaycanın qalan yerlərini yəqin ki, görə bilmərəm. Ancaq onlar da öz doğulduqları yerləri görmək imkanında deyillər”. Amerikalı jurnalist işğal altındakı Kəlbəcər rayonunda da olub və orada gördüklərini təsvir edərək yazıb ki, Ağdam kimi Kəlbəcər də xarabalığa çevrilib. Şəhərdə Rusiyadan və digər xarici ölkələrdən köçürülmüş azsaylı ermənilərdən başqa heç kim yaşamır. Bununla belə Kəlbəcərin məşhur İstisu pansionatının xarabalıqlarında dincələn ermənilərə rast gəlmək mümkündür.

Münaqişə Kanada mətbuatında
2012-ci ilin martında Kanadanın Monreal şəhərində nəşr olunan tanınmış "La Presse" qəzetində "Qafqazda gərginlik" adlı Ermənistan-Azərbaycan münaqişəsinə həsr edilmiş məqalə dərc edilib. Məqalə müəllifi Laura Julie Perrault qədim ərazi sayılan Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu qeyd edir və son illər ərzində münaqişənin unudulduğunu bildirir. Lakin Ermənistan və Azərbaycan arasındakı danışıqlarda son zamanlar yaranmış çıxılmaz vəziyyətin regional münaqişənin yenidən başlamasına səbəb ola biləcəyi və bu münaqişəyə Rusiya, İran və Türkiyənin də qoşula biləcəyi qorxusunun mövcud olduğunu bildirir.
Müəllif L.Perrault Ermənistan tərəfindən anneksiya edilən Dağlıq Qarabağın beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisi olduğunu qeyd edir və vurğulayır ki, əgər 1994-cü ilə qədər Dağlıq Qarabağ əhalisinin 75 faizini ermənilər, 25 faizini isə azərbaycanlılar təşkil edirdisə, bu gün Dağlıq Qarabağ əhalisi yalnız ermənilərdən ibarətdir. Müəllif həmçinin Ermənistan ordusunun Dağlıq Qarabağın ətrafındakı Azərbaycanın 7 rayonunu işğal etdiyini və 600 minə yaxın azərbaycanlının Dağlıq Qarabağ da daxil olmaqla işğal olunmuş ərazilərdən qovulduğunu qeyd edir.
Məqalədə həmçinin dünyanın heç bir ölkəsinin Dağlıq Qarabağ deyilən bir qurumu tanımadığı qeyd olunur. Müəllif xüsusilə Dağlıq Qarabağın gələcək statusunu müəyyən etmək məqsədilə referendum keçirilməsi məsələsinin tərəflər arasında əsas mübahisə mövzusu olduğunu qeyd edir. Müəllifə görə, əgər ermənilər yalnız "Dağlıq Qarabağ sakinlərinin referendumda" iştirak etməsini istəyirsə, Azərbaycan isə referendumun bütün ölkə ərazisində keçirilməsinin tərəfdarı kimi çıxış edir. 
Məqalənin sonunda münaqişədə maraqlı tərəflər barədə söhbət açılır. Rusiyanın Ermənistan ilə yaxın müttəfiq olması, İranın Azərbaycan ilə mürəkkəb tarixi münasibətləri və İranın dünyəvi rejimi qəbul edə bilməməsi müstəvisində Ermənistanın tərəfində olduğu qeyd olunur. Azərbaycanın yaxın müttəfiqi qismində isə günü-gündən qüdrətini artırmaqda olan Türkiyənin çıxış etdiyi qeyd olunur.

Münaqişə İtaliya mətbuatında
İtaliyanın nüfuzlu “L Occidentale” qəzetində (iyun, 2012) Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə dərc olunmuşdur. Məqalənin müəllifi Laşa Zilpimani bildirir ki, son vaxtlar cəbhə xəttində atəşkəs rejiminin pozulması beynəlxalq ictimaiyyəti narahat edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanması bütün Qafqaz regionu üçün böyük təhlükə törədir. 
Dağlıq Qarabağ münaqişəsi 20 ildir ki, dondurulmuş vəziyyətdədir. Qərbin və Rusiyanın 20 illik vasitəçilik missiyasına və ciddi cəhdlərinə baxmayaraq münaqişə tərəflərini razı salan həll variantı tapılmamışdır. İndiki status-kvo isə 1994-cü ildə əldə olunmuş sülh razılaşması nəticəsində meydana gəlmişdir. 
Ermənistan ordusu Sovet İttifaqının dəstəyi və erməni lobbisinin dəstəyi ilə Azərbaycanın böyük bir ərazisini – Dağlıq Qarabağ regionunu işğal etmişdir ki, bunun da nəticəsində bu bölgədə yaşayan azərbaycanlılar doğma torpaqlarından didərgin düşmüşlər. Bundan sonra Dağlıq Qarabağ birtərəfli qaydada öz müstəqilliyini elan etmişdir. Lakin onun müstəqilliyi dünyada heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmır. Bu isə o deməkdir ki, Ermənistan faktiki olaraq Dağlıq Qarabağı işğal etməklə öz ərazisini genişləndirib. 
Siyasi, hərbi və iqtisadi kömək olmasaydı, Ermənistan nəinki Azərbaycanın ərazilərini işğal edə, hətta müstəqil dövlət kimi özünü təsdiq edib yaşaya bilməzdi. Münaqişə başlayanda Avropa İttifaqı bir sıra ziddiyyətlər səbəbindən ehtiyatlı davranaraq münaqişənin həll olunmasına dair konkret mövqe tutmamışdır. 
Azərbaycanın ərazi bütövlüyü Birləşmiş Millətlər Təşkilatı (BMT) və bütün dünya dövlətləri tərəfindən tanınır. Bu gün Azərbaycan haqlı olaraq tələb edir ki, onun suverenliyinə və BMT tərəfindən tanınmış ərazi bütövlüyünə hörmətlə yanaşılsın və işğal edilmiş əraziləri geri qaytarılsın. Beynəlxalq qanunların Azərbaycanın tərəfində olmasına baxmayaraq, əraziləri hələ də Ermənistanın işğalı altındadır. Əlbəttə ki, belə vəziyyət rəsmi Bakını qane edə bilməz.

Münaqişə Macarıstan mətbuatında
Erməni silahlı qüvvələri tərəfindən Şuşanın işğalının 20 illiyi münasibətilə Macarıstanın “Nepsava” qəzetinin 2012-ci il 9 may nömrəsində “Qarabağ münaqişəsinin öləziyən alovları” adlı məqalə dərc edilmişdir. Yazının müəllifi, tanınmış jurnalist və publisist Ferens Kepeç ötən il macar mediasının təmsilçiləri ilə birlikdə Azərbaycanda olmuş, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri və köçkünlərin həyat şəraiti ilə yerində tanışlıq imkanı qazanmışdır. 
Məqalədə Şuşanın əsasının azərbaycanlılar tərəfindən qoyulmasından, 200 ildən artıq bir dövrdə bu şəhərin zəngin mədəniyyət beşiyi və “Qafqazın konservatoriyası” kimi tanınmasından bəhs edilir. Regionun mühüm maddi mədəniyyət abidəsi kimi 1985-ci ildə qoruq elan olunan Şuşanın ermənilər tərəfindən vəhşicəsinə dağıdılmasından söz açılır. Müəllif 1992-ci ilin mayında şəhər əhalisinin 90 faizindən çoxunu təşkil edən azərbaycanlıların doğma yurdlarını tərk etmələrinin səbəbini açıqlayarkən göstərir ki, əgər onlar Şuşada qalsaydılar, erməni vandallarının əli ilə bu şəhərdə ikinci Xocalı soyqırımı təkrarlana bilərdi.  
Ferens Kepeç yalnız Şuşanın deyil, daha 7 Azərbaycan rayonunun da erməni işğalı altında qaldığını, erməni silahlı qüvvələrinin yalnız bizim hərbçilərə deyil, dinc əhaliyə qarşı da snayper müharibəsi apardığını, hətta kiçikyaşlı uşaqları öldürməkdən də çəkinmədiklərini yazır. Fikirlərini əsaslandırmaq üçün təkcə ötən il erməni terrorunun qurbanı olmuş 9 yaşlı Fariz Bədəlovun və 13 yaşlı Aygün Şahmalıyevanın faciəli taleyini xatırladır. 20 ildən bəri işğal altında olmasına baxmayaraq, Şuşanın Azərbaycan xalqının tarixi yaddaşında möhkəm yer tutması fikri məqalədə xüsusi olaraq vurğulanır. Qəzetdə Şuşadakı məşhur Gövhər ağa məscidinin yarıdağılmış vəziyyətdə olan minarələrinin təsviri də verilmişdir.



Oxunub: 32911