Baş səhifə   » QARABAĞ MÜNAQİŞƏSİ    » Qarabağda Xüsusi İdarə Komitəsi   

Qarabağda Xüsusi İdarə Komitəsi

  


Ölkəmizin ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Azərbaycan SSR-in tabeliyindən çıxarılması üçün atılmış yeni addım 1988-ci ilin martında SSRİ rəhbərliyinin DQMV-nin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında xüsusi qərarı oldu. Heç bir obyektiv əsasa istinad etməyən, qondarma səbəblərlə qəbul edilmiş bu qərarla Dağlıq Qarabağa müstəsna hüquqlar verilmiş, külli miqdarda vəsait buraxılmış, vilayətin bir çox məsələlərinin həlli birbaşa ittifaq, nazirlik və qurumlarına həvalə edilmişdi. İctimaiyyətdə belə bir fikir formalaşdırılır ki, guya Dağlıq Qarabağda yaşayan ermənilərin iqtisadi-sosial çətinlikləri var və məhz vilayət əməkçilərinin gündəlik tələbatları ilə kifayət qədər təmin olunmamaları nəticəsində narazılıq başlamışdır. Lakin hamıya yaxşı məlumdur ki, DQMV Azərbaycan SSR-in digər regionları ilə müqayisədə dinamik inkişaf edən bir diyar idi. Erməni millətinin nümayəndələrinə Azərbaycan ərazisində çox geniş imkanlar və hüquqlar verilmişdi. Onlar respublikanın bütün həyatında müxtəlif sahələrdə yüksək vəzifələrlə təmin edilmişdilər. Təkcə onu demək kifayətdir ki, Azərbaycan SSR Ali Sovetində 29 deputat milliyyətcə erməni idi. Azərbaycan KP MK-da 61 nəfər erməni müxtəlif vəzifələrdə çalışırdı. Göründüyü kimi, ermənilərin hüquqlarının Azərbaycanda pozulmasından söhbət gedə bilməzdi. Buradan Dağlıq Qarabağ məsələsində Moskvanın tutduğu ədalətsiz mövqe tamamilə aşkarlanır.

Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın tabeliyindən çıxarmaq yolunda mərkəzin atdığı növbəti addım SSRİ Ali Soveti Rəyasət heyətinin Muxtar vilayətdə Xüsusi İdarəetmə forması yaratmaq haqqında 1989-cu il yanvarın 12-də verdiyi fərman oldu, mərkəz Azərbaycanın hüquqlarını kobud surətdə pozaraq, «Azərbaycanın SSR-in DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında» qərar qəbul etdi. Fərmanda göstərilirdi ki, DQMV-nin ərazisində yerləşən bütün müəssisələr, idarələr və təşkilatlar, onların filialları və digər struktur bölmələri, Azərbaycan SSR Nazirlər Sovetinin rəyini nəzərə almaqla, SSRİ Nazirlər Sovetinin müəyyən etdiyi məsələlər üzrə komitənin tabeliyinə verilir. Belə bir fərman SSRİ Konstitusiyasına və onun müvafiq maddələrinə açıq-aşkar zidd idi. SSRİ Konstitusiyasına əsasən, muxtar vilayət birbaşa ittifaq ali hakimiyyət və idarə orqanlarının tabeliyinə keçirilməsi yolverilməzdir. Konstitusiyada göstərilir ki, Muxtar respublika və vilayətlər bu və ya digər müttəfiq respublikanın tərkibinə daxildir və ona görə də müvəqqəti və ya həmişəlik onun tabeliyindən çıxarıla bilməz (maddə 86).
Beləliklə, ermənipərəst A. İ. Volskinin başçılığı ilə qeyri-qanuni, birbaşa Moskvaya tabe olan müvəqqəti Xüsusi İdarə Komitəsi (XİK) təşkil edildi və Azərbaycan SSRİ-nin bütün dövlət və ictimai orqanlarının DQMV-dəki səlahiyyətləri dayandırıldı.
Əlbəttə, Azərbaycandan olan nümayəndələrdən heç bir kəsin qətiyyətli şəkildə cavab verməməsi sonrakı faciəli şəraitin yaranmasına az təsir etməmişdi. Qərarda göstərilirdi ki, birbaşa SSRİ Ali dövlət hakimiyyəti orqanlarına tabe olan bu komitənin əsas vəzifəsi vilayətdə şəraitin yaxşılaşdırılması, vətəndaşların təhlükəsizliyinin təmin olunması, bütün müəssisə və təşkilatların fasiləsiz işinin təmin edilməsi, ticarət, məişət-kommunal və tibbi xidmətin qaydaya salınmasından ibarətdir.

1989-cu il 17 yanvar tarixdə SSRİ Nazirlər Sovetinin sədri N. İ. Rıjkov öz çıxışlarının birində qeyd edirdi ki, qəbul olunmuş qərar mərkəzin hər iki respublikaya göstərdiyi yardımdır və o praktiki olaraq millətlərarası ziddiyyətləri aradan qaldırmaqda böyük əhəmiyyətə malikdir. SSRİ rəhbərliyi qəbul etdiyi bu sənədlə belə bir təsəvvür yaratmağa çalışırdı ki, o, regionda yaranmış vəziyyəti normalaşdırmaq üçün atdığı addımlarla həm Azərbaycana, həm də Ermənistana münasibətdə paritetlik mövqeyindən çıxış edir. Əslində isə bu qərar Ermənistan SSR-də, eləcə də Dağlıq Qarabağ Muxtar Vilayətində başlanmış kütləvi etnik təmizləmə əməliyyatının hazırlıq mərhələsi olmuşdur. A. İ. Volskinin hakimiyyətə başladığı vaxtdan az sonra DQMV-nin 55 yaşayış məntəqəsindən azərbaycanlıların silahları yığıldı. Laçın-Gorus yolu ilə Ermənistandan gətirilən silahlar isə ermənilərə paylandı.
A. İ. Volskinin hakimiyyəti dövründə Stepanakert şəhərindən 12 min azərbaycanlı qovuldu, 3 gün ərzində DQMV-nin müəssisələri Ermənistanın müvafiq nazirliklərinin və idarələrinin tabeliyinə verildi. Bu, SSRİ Nazirlər Sovetinin 6 may 1989-cu il tarixli qərarı ilə həyata keçirilirdi. Bütün rayon partiya komitələri Ermənistan KP-nın tərkibinə daxil oldu. Azərbaycanın bayrağı, gerbi, blankı və s. ləğv edildi. DQMV-nin ərazisində Ermənistanın bayrağı və gerbi qaldırıldı.
DQMV-nin Ermənistanla birləşməsinə həsr edilmiş «Artsax» medalı meydana çıxdı. 1989-cu il iyunun 13-dən XİK-in tam imkan yaratdığı bir şəraitdə azərbaycanlıların yaşadığı məntəqələrin blokadasına başlandı. A. İ. Volski ona verilən səlahiyyətləri məharətlə həyata keçirərək, Azərbaycan SSR-in Konstitusiya hüquqlarını pozaraq, Dağlıq Qarabağı faktiki olaraq Azərbaycan SSR-in tabeliyindən çıxarıldı, onların arasındakı əlaqəni kəsdi, respublikanın bütün mərkəzi rəhbər partiya və sovet orqanlarının DQMV-nin məsələlərindən kənarlaşdırılmasına nail oldu. Eyni zamanda A. İ. Volski muxtar vilayətin Ermənistan SSR-lə əlaqələrinin genişlənməsinə, birgə müəssisələrin yaradılmasına, qeyri-qanuni tikinti işləri aparılmasına, antiazərbaycan təbliğatının güclənməsinə imkan yaratdı. XİK-in fəaliyyəti dövründə Stepanakertdə DQMV-in digər rayon və kəndlərində yüzlərlə cinayət törədilmişdir. Azərbaycanlılar ona yardım üçün müraciət etdikdə, o deyirdi: «Buradan tez gedin, bizim vəziyyətimizi mürəkkəbləşdirməyin».
A. İ. Volskinin xəyanətkar fəaliyyətini əks etdirən erməni nümayəndəsi R. Arakelov yazırdı: «1989-cu il ərzində A. İ. Volskinin komitəsi vəziyyəti nizama salmaqda nəinki əsaslı bir iş görmədi, əksinə, Dağlıq Qarabağda vəziyyəti daha da gərginləşdirdi və bura Azərbaycanın ayrılmaz bir hissəsi olmaqdan uzaqlaşdı». Belə bir şəraitdə Stepanakertdə təxribat xarakterli «Dağlıq Qarabağ əhalisindən olan nümayəndələrin» qurultayı keçirilirdi. Qurultay Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtar vilayət statusunu təsdiq etmədiyini, vilayətin «müstəqil ittifaq ərazisi» olduğunu və burada Azərbaycan SSR-in Konstitusiyasının qüvvədən düşdüyünü bəyan edirdi. «Qurultayın» yaratdığı «Milli Şura» DQMV-nin yeganə xalq hakimiyyəti elan edilirdi. Bu addım faktiki olaraq XİK-in səlahiyyətlərinin dayandırılmasına yönələn bir cəhd idi.

Bu faktlar Azərbaycanın paytaxtında və bütün regionlarda əks-səda doğurur, mitinqlərdə, qəbul olunan müraciətlərdə XİK-in ləğv edilməsi, DQMV-də Azərbaycanın suveren hüquqlarının təmin edilməsi üçün qəti tədbirlər görülməsi tələb edilirdi. Azərbaycan demokratik qüvvələrinin təkidli tələbi ilə SSRİ Ali Soveti 1989-cu il noyabrın 28-də Dağlıq Qarabağda XİK-i ləğv etdi. Vilayətin idarə olunması SSRİ Ali Sovetinin Xüsusi Komissiyası nəzarəti altında Azərbaycan SSR-nin Təşkilat komitəsinə tapşırılır, lakin mərkəz tərəfindən ciddi tədbir görülməməsi nəticəsində ermənilər yenidən təhrikçi hərəkətə başlayırlar və nəticədə Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də «Ermənistan SSR-ə Dağlıq Qarabağı birləşdirmək haqqında» qərar qəbul edir. 1990-cı il yanvarın 15-də SSRİ Ali Soveti Rəyasət heyəti DQMV-də və əsas rayonlarda fövqəladə vəziyyət elan etdi. 1990-cı il yanvarın 20-də Bakıda fövqəladə vəziyyət elan edildi və Sovet qoşunları şəhərə hücum edərək dinc əhaliyə qanlı divan tutdu. 1990-cı il mayın 22-də SSRİ Nazirlər Soveti Muxtar vilayətin iqtisadiyyatını idarəetmə hüququnu Azərbaycana qaytardı. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Sovetinin qərarı və Azərbaycan Respublikasının Konstitusiyasına (Əsas qanununa) dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının qanunu 26 noyabr 1991-ci il tarixli qərarla qəbul edilmişdir. Qanunda deyilir: Qarabağın dağlıq hissəsində Azərbaycan Respublikasının suveren hüquqlarını tamamilə bərpa etmək, qanunsuz yaradılmış silahlı dəstələri tərksilah etmək, Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarını, azadlığını və ləyaqətini qorumaq, millətlərarası münasibətləri nizama salmaq zərurətini əsas götürərək; Azərbaycan xalqının iradəsini rəhbər tutaraq qərara alır:
1. Azərbaycan Respublikası Konstitusiyasının (Əsas Qanununun) 68-ci maddəsinin 3-cü hissəsi, 104-cü maddəsinin 2-ci bəndi, «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktının 4-cü maddəsi əsas tutularaq, Azərbaycan Respublikasının DQMV milli ərazi qurumu kimi ləğv edilsin.
2. «Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında» Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli Dekreti və «Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında» Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli qanunu qüvvədən düşmüş sayılsın.



Oxunub: 35594