Baş səhifə   » QARABAĞ MÜNAQİŞƏSİ    » Əsir və girov götürülmüş azərbaycanlıların taleyi   

Əsir və girov götürülmüş azərbaycanlıların taleyi

  



Minlərlə günahsız azərbaycanlının əsir və girov götürülməsi, işgəncələrə məruz qalması, qətlə yetirilməsi və və digər qeyri-insani rəftarla üzləşməsi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ən dəhşətli  və qanlı səhifələrindəndir. 
Müxtəlif qurumlar tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, Qarabağ münaqişəsinin başladığı dövrdən ermənilər tərəfindən əsir və girov götürülmüş minlərlə azərbaycanlı etnik mənsubiyyətinə görə dəhşətli zorakılığa məruz qalmışdır. 

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi yanında Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən  aparılmış araşdırma itkin düşmüş və girov götürülmüş şəxslərin sayının 2007-ci il ərzində 4354 nəfər olduğunu aşkar etmişdir. Onlardan 3504 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdir. Yalnız 9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 47 nəfəri uşaq (16 nəfər azyaşlı qız), 268 nəfəri qadın, 371 nəfəri yaşlılardır. Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104-ü qadın, 446-ı kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.
2008-ci il ərzində Beynəlxalq Qırmızı Xaç cəmiyyəti vasitəsilə aparılan araşdırmalar nəticəsində əsir və girov götürülmüş azərbaycanlılardan daha 170 nəfərinin taleyi ilə bağlı məlumatlar aydınlaşdırılıb. Onların hazırda sağ olduğu aydınlaşıb. Sonrakı illərdə də bu siyahıda yer alan şəxslərin daha bir qisminin taleyi aydınlaşdırılıb. 


2012-ci ilə olan rəsmi məlumatlara görə əsir, itkin və girov düşmüş şəxslərin sayı 4030 nəfər təşkil edib. Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) isə Qarabağ müharibəsi zamanı 4600 nəfər  itkin düşmüş şəxslər kimi qeydə alıb. Həmin şəxslərin 3700-ə yaxını azərbaycanlıdır. BQXK 2012-ci ildən etibarən itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün Azərbaycan və Ermənistanla birgə yeni proqramın icrasına başlayıb. Bu proqrama görə itkin düşmüş şəxslərin axtarışı onların yaxınlarından götürülmüş DNK nümunələri əsasında aparılacaq.
Əsir və itkin düşmüş azərbaycanlıların sayı barədə Azərbaycan tərəfindən təqdim olunan sənədlər beynəlxalq təşkilatlarda da təsbit olunub. BMT-nin insan haqları üzrə Şurasının 2008-ci ilin fevralında keçirilmiş 7-ci sessiyasında silahlı münaqişələr zamanı itkin düşmüş azərbaycanlıların problemi ilə bağlı Azərbaycan nümayəndə heyətinin irəli sürdüyü qətnamə layihəsi 38 ölkənin yekdil rəyi ilə qəbul edilib. Qətnamədə Qarabağ münaqişəsi tərəflərinin itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə hərtərəfli əməkdaşlıq etməsi barədə çağırış öz əksini tapıb. Ancaq erməni tərəfi həmin çağırışa məhəl qoymayıb. Həmçinin Ermənistan və işğal altındakı Azərbaycan ərazilərində əsir və girovların gizli düşərgələrdə qul kimi saxlanıldığına dair məlumatların araşdırılmasına şərait yaratmayıb. Sağ qalan əsirlər və girovlar barədə məlumatların araşdırılması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq təklif etsə də, təcavüzkar tərəf dəfələrlə bundan imtina edib. 
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət komissiyasında toplanmış faktlar Ermənistanda əsirlikdə olan Azərbaycan vətəndaşlarına qarşı münasibətdə beynəlxalq hüquq normalarını tapdaladığını, o cümlədən «müharibə qurbanlarının müdafiəsinə dair» 1949-cu il tarixli Cenevrə konvensiyalarının həyata və ya şəxsiyyətə qəsd etmək, hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və ya işgəncə vermək, insan ləyaqətinə toxunmaq kimi tələblərini kobud surətdə pozduğunu sübut edir. 


Ermənilərin azərbaycanlı əsir və girovlarla rəftarına dair faktlardan:
- Erməni silahlı birləşmələri Xocavənd rayonunun işğalı zamanı (17.02.1992) Qaradağlı kəndindən girov götürdükləri 117 nəfər kənd sakinindən 80-ə yaxınını yerindəcə güllələyiblər. Bu barədə kənd sakinləri Seyyur Xanlar oğlu Nağıyev, Şahruz Əmirxan oğlu Əliyev və digərləri şahidlik edirlər.
 - Xocavənd rayonu Qaradağlı kənd sakini Həqiqət Yusif qızı Hüseynova ermənilərin 1992-ci ilin fevralında 10 nəfər həmkəndlisinin diri-diri yandırmalarının şahidi olub.
  - İmarət Məmişovanın ifadəsinə görə, o, Kəlbəcər rayonunun işğalı zamanı iki azyaşlı uşağı ilə girov götürülüb. İmarət Məmişovanın gözləri qarşısında ermənilər səkkiz mülki şəxsi, o cümlədən, onun səkkiz yaşlı oğlu Talehi güllələyib və meyitləri yandırıblar. Bundan sonra ermənilər onun özünü, 10 yaşlı oğlu Yadigarı, digər qadın, uşaq və qocaları Xankəndinə apararaq dəhşətli işgəncələrə məruz qoyublar.
 -Erməni girovluğundan 1994-cü ildə azad edilmiş Əhmədovlar ailəsinin danışdığına görə, 17 avqust 1993-cü il tarixdə ermənilər Füzuli rayonu Qacar kəndinin 25-dək dinc sakinini onların gözləri qarşısında güllələyiblər.
 -Erməni girovluğunda olmuş Həsən Məcid oğlu Hüseynov 1993-cü ildə Horadiz-Füzuli yolunda 40-dək dinc əhalinin ermənilər tərəfindən öldürüldüyünü bildirir.
 -Girovluqdan qayıtmış Niyaz Balay oğlu Zeynalov bildirir ki, ermənilər girov götürdükləri Şuşa rayonu Quşçular kənd sakinləri 1910-cu il təvəllüdlü Səriyyə Tağı qızı Zeynalovanı, 1920-ci il təvəllüdlü Yeganə Dadaş qızı Mədətovanı və Mövsüm Əbdülrəhim oğlu Əhmədovu 11 fevral 1992-ci il tarixdə diri-diri yandıraraq qətlə yetirmişlər.
 -  61 yaşlı keçmiş girov Budaq Əli oğlu Alışanov erməni əsirliyində 5 azərbaycanlının Drmbon kəndində (Dağlıq Qarabağ) ağır fiziki işlərdə qul kimi istifadə edilərək öldürüldüyünün şahidi olub.
 -Əsirlikdən azad edilmiş İsrayıl Sarif oğlu İsmayılov təsdiq edir ki, ermənilər girov götürdükləri üç azərbaycanlının başını erməni qəbri üstündə kəsiblər.
-  Laçın rayonunun sakini Səmayə Kərimova 2 yaşlı qızı Nurlanəyə və özünə verilən işgəncələrə dözməyərək erməni əsirliyində intihar etmişdir.
 - 1973-cü il təvəllüdlü İlham Nəsirov əsirlikdə uzun müddət ac-susuz saxlanıldığından 23 noyabr 1993-cü il tarixdə Yerevan hərbi hospitalında vəfat etmişdir.
 -Erməni əsirliyində ölmüş 20 yaşlı Fərhad Rəhman oğlu Atakişiyevin meyitinin qalıqlarının məhkəmə-tibbi ekspertizası sübut etmişdir ki, o müntəzəm döyülmələr və ağır işgəncələr nəticəsində qətlə yetirilib.
 -Yardımlı rayonu sakini Heydər Heydərov Şuşa həbsxanasında ermənilər tərəfindən verilmiş müntəzəm işgəncələr nəticəsində ölmüşdür. (24.12.1994) Bu barədə keçmiş əsirlər Həbib Əliyev, Əvəz Muxtarov, Əbülfət Qasımov və digərləri şahidlik edir.
 - Erməni əsirliyində olan Xocalı şəhər sakini Faiq Şahmalı oğlu Əliməmmədov Gəncə şəhərinin adını "Kirovabad" demədiyinə görə, erməni hərbçisi tərəfindən güllələnib. Bu barədə Zülfi İbrahim oğlu Məmmədov, Məmməd Cümşüd oğlu Məmmədov və digərləri şahidlik edir.
 Qarabağda azərbaycanlı mülki əhaliyə qarşı xüsusi amansızlığı ilə fərqlənən “Arabo” erməni batalyonunun komandiri, ASALA erməni terror təşkilatının liderlərindən biri olmuş Monte Melkonyanın qardaşı Markar Melkonyan da ABŞ-da yazdığı “Mənim qardaşımın yolu” (“My Brother’s Road”) kitabında ermənilərin Qaradağlı kəndinin sakinləri olan azərbaycanlı girovları necə öldürdüyünü təsvir edib. Kitabdan sitat: “Aramo və Arabonun əsgərləri 38 nəfər əsiri göstərdilər, onların içərisində qadınlar da var idi, onlar kənddən aralı dərənin içərisində idilər. Aramo və Arabonun əsgərləri əsirlərdən öldürülmüş yoldaşlarının intiqamını almaq istəyirdilər, bundan sonra onlar əsirləri bıçaqlamağa və avtomatla güllələməyə başladılar. Çapıqlı Edo da onlara qoşuldu. O, bir neçə yaralı əsgərin üstünə benzin tökərək onları atəşə verdi. Monte kənddən aralı olan bu dərəyə gələndə orda yalnız bir taya insan qalıqları var idi”. Həmin kitabda azərbaycanlı əsirin başının İrəvanda erməni qəbri üstündə necə kəsildiyi də təsvir olunur.

Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı dinc əhalinin kütləvi şəkildə öldürülməsinə, Ermənistanda və işğal olunmuş Azərbaycan ərazilərində əsirlikdə saxlanılmış Azərbaycan vətəndaşlarının dəhşətli işgəncələr və mənəvi əzablara məruz qalmasına, insanların ləyaqətini mütəmadi alçaltmaqla özünüöldürmə dərəcəsinə çatdırılmasına, soyuqqanlılıqla qətlə yetirilməsinə, yaxud verilmiş işgəncələr nəticəsində vəfat etməsinə dair faktlar saysız-hesabsızdır. Bu faktlar göstərir ki, əsir və girov götürülmüş azərbaycanlılar kütləvi soyqırımın qurbanı olmuş, elementar insan haqlarından məhrum edilmişlər.



Oxunub: 59998