Baş səhifə
» QARABAĞ MÜNAQİŞƏSİ
» Ermənilərin təşkil etdiyi Sumqayıt hadisələri
Ermənilərin təşkil etdiyi Sumqayıt hadisələriBelə bir vaxtda ermənilər dünya ictimaiyyətini Azərbaycana qarşı qaldırmaq, Ermənistandan qovulan yüz minlərlə azərbaycanlıdan diqqəti yayındırmaq və Dağlıq Qarabağın Azərbaycandan qoparılması planlarını həyata keçirmək üçün Sumqayıtda ermənilərə qarşı kütləvi qırğın planları qurublar. 1988-ci il fevralın 28-də və 29-da şəhərdə kütləvi iğtişaşlar törədilib. Bu iğtişaşlar nəticəsində 32 nəfər, o cümlədən, 26 erməni, 5 azərbaycanlı və 1 ləzgi öldürülüb. Uzun illərdir erməni tərəfi öz separatçı və işğalçı siyasətinə, Xocalı soyqırımına və Azərbaycan torpaqlarında törətdiyi digər cinayətlərə bəraət qazandırmaq üçün Sumqayıt hadisələrinə istinad edir. Azərbaycan ərazisinin 20 faizini işğal etmiş və etnik təmizləmə siyasəti həyata keçirmiş Ermənistan, Sumqayıt hadisələrini “Azərbaycanın təşkil etdiyi məqsədyönlü akt” kimi təqdim edir. Hələ 1988-ci ildən başlanmış bu təbliğat kampaniyası dünya ictimaiyyətinə azərbaycanlıların ermənilərə qarşı qəddarlığı, ermənilərin azərbaycanlılarla bir dövlət tərkibində birgə yaşamalarının mümkün olmaması ideyasının aşılanmasına yönəlib. Ermənistan Sumqayıt hadisələrinə dair uydurma faktlara söykənən təbliğatını 23 ildir davam etdirərək bu hadisələrin əsas təşkilatçılarının məhz ermənilər olduğu barədə təkzibolunmaz faktlara məhəl qoymur. Əslində isə bu hadisələrlə bağlı o vaxt SSRİ prokurorluğu və Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən aparılan istintaq zamanı əsl təşkilatçıların məhz ermənilər olduğu üzə çıxıb. İstintaq materiallarında Sumqayıt hadisələrinin əsas təşkilatçısı kimi 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adında erməninin olduğu çoxsaylı şahid ifadələri, təkzibolunmaz dəlillərlə təsdiqlənir. İstintaq müəyyən edib ki, həmin hadisələrdə öldürülən 26 ermənidən 6 nəfərini məhz E.Qriqoryan şəxsən qətlə yetirib. Həmçinin istintaq zamanı bəlli olub ki, hadisənin təşkilatçıları arasında E.Qriqoryanın qardaşları, habelə Ohanyan, Samoylov və Pavlovski familiyalı digər ermənilər də yer alır. Hadisələrlə əlaqədar 444 nəfər məhkəmə qarşısında cavab verməli olmuş, onlardan 400 nəfəri 10-15 gün təcridxanalarda saxlanılmış, 94 nəfər müxtəlif müddətlərə həbs cəzasına, bir nəfər - Əhməd Əhmədov isə güllələnməyə məhkum olunub. İstintaq Ə.Əhmədovun iğtişaşların əsas təşkilatçısı kimi təqsirləndirsə də onun günahını sübuta yetirmək üçün tutarlı dəlillər olmayıb. İstintaq materiallarından artıq məlumdur ki, 1959-cu il təvəllüdlü, əvvəllər 3 dəfə mühakimə olunub üst-üstə 9 il 2 ay 13 gün həbsxanalarda yatmış milliyyətcə erməni olan Qriqoryan Eduard Robertoviç kütləni qızışdıran, əsasən yeniyetmələrdən və müxtəlif cinayətkar ünsürlərdən ibarət olan qrupları separatçı "Qarabağ" Komitəsinə və "Krunk" Cəmiyyətinə pul verməkdən imtina edən ermənilərin yaşadıqları mənzillərə istiqamətləndirən əsas şəxsdir. Qriqoryan talan və digər cinayətlərdə fəal iştirak edib və şəxsən 6 nəfər ermənini qətlə yetirib. E.Qriqoryan Sumqayıt hadisələri ilə bağlı şahid qismində təsadüfən saxlanılıb. Lakin istintaq zamanı zərərçəkmiş erməni qızlar - Marina və Karina Mejlumyan bacıları, onların anası Roza Mejlumyan tərəfindən tanınıb. Qriqoryanın əslində hadisələrin fəal iştirakçısı və təşkilatçılarından olduğu müəyyənləşib. Nəticədə istintaq qrupu onun barəsində həbs qərarı seçməli olub. Qriqoryanın 6 ermənini şəxsən öldürdüyü istintaq tərəfindən sübuta yetirilsə də ermənilərin SSRİ məhkəməsinə təsiri, bu iğtişaşların arxasında duran qüvvələrin rolu nəticəsində ona cəmi 12 il həsb cəzası kəsilib, cəzasını çəkmək üçün Ermənistana göndərilib və bir neçə il sonra azadlığa buraxılıb. Sonradan Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən aparılmış istintaq isə birmənalı şəkildə müəyyən edib ki, hadisələrdə Qriqoryanla yanaşı onun 2 qardaşı da fəal iştirak edib. İstintaqın çoxsaylı şahid ifadələrinə əsasən müəyyən etdiyinə görə Eduard Qriqoryan və qardaşları Sumqayıt hadisələri ərəfəsində Dağlıq Qarabağdan olan erməni emissarlar ilə əlaqə saxlayıb, onlardan əslən qarabağlı olan, erməni separatizmini qəbul etməyən, onların fondlarına pul köçürməyən ermənilərin ev ünvanlarını müəyyənləşdirib. Fevralın 27-də öz dəstəsi ilə Sumqayıtda Ermənistanda azərbaycanlılara qarşı zorakılıqlara etiraz mitinqlərinin keçirildiyi meydana gedərək orada özünü “Qafandan gəlmiş azərbaycanlı” kimi təqdim edib. E.Qriqoryan Qafanda ermənilərin azərbaycanlıları kütləvi şəkildə qırdığı barədə danışaraq kütləni Sumqayıtda yaşayan ermənilərdən qisas almağa çağırıb. Daha sonra o “məndə ermənilərin siyahısı var, hara getmək lazım olduğunu bilirəm” deyərək təxminən 100 nəfərlik dəstə ilə erməni mənzillərində talançılığa başlayıb. Zərərçəkmiş Sumqayıt sakini L.Melkumyanın Sumqayıt hadisələri ilə bağlı yaradılmış istintaq qrupuna verdiyi ifadədən: "Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı, o, məni yerə yıxaraq zorlamağa başladı". Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı şəxsin ifadəsindən: “Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxartmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü". İstintaq materiallarındakı digər epizodda isə deyilir: "E.Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda M.Petrosyanın mənzilinə daxil olmuş, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salmışdır". Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsinin öz həyatlarını təhlükə qarşısında qoyaraq, erməni qonşularını qəzəblənmiş kütlənin təhlükəsindən xilas etmələri haqqında mətbuatda çox yazılıb. O cümlədən Sumqayıtı tərk edən ermənilər də Ermənistan prokurorluğu tərəfindən bu hadisələrlə bağlı aparılan istintaqa verdikləri ifadələrdə azərbaycanlıların onları necə qoruduqları barədə çoxsaylı epizodlar danışıblar. Bu epizodlar Ermənistan prokurorluğunun istintaq materiallarında var. Sumqayıt hadisələrinə dair aparılmış istintaq araşdırmaları nəticəsində bu hadisələrin təşkil olunmasında SSRİ xüsusi xidmət orqanlarının da əlinin olduğu yəqinləşib. Bu barədə şübhələr və məlumatlar hələ 1989-1990-cı illərdə aparılmış istintaq zamanı ortaya çıxıb. Belə ki, o vaxt başlanmış cinayət işinin materiallarında Sumqayıtda talanlar törətmiş qrupa rəhbərlik edən, ermənilərin öldürülməsində, zorlanmasında, əmlaklarının məhv edilməsində fəal iştirak edən erməni Eduard Qriqoryanın kütləvi iğtişaşlar ərəfəsində şübhəli şəxslərlə görüşməsi, onlardan Sumqayıtda yaşayan ermənilərin siyahısını alması, hadisələr zamanı öz qrupunun üzvlərinə spirtli içkilər və psixotrop preparatlar paylaması barədə kifəyət qədər ifadələr olduğu halda, bu məlumatlar SSRİ Prokurorluğunun istintaq qrupu tərəfindən araşdırılmayıb, əksinə, kütləvi iğtişaşların təşkilatçılarını aşkara çıxara bilən məlumatlar və dəlillər ört-basdır edilib. Həmçinin Sumqayıtda baş vermiş iğtişaşlar zamanı saxlanılmış erməni soyadı daşıyanların barəsində heç bir araşdırma aparılmayıb, onlar dərhal "zərərçəkən" tərəf kimi buraxılıb və bir çoxları məsuliyyətdən kənarda qalıb. 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt hadisələri ilə bağlı cinayət işinin istintaqının yenilənməsi barədə tapşırıq verib. İstintaq qrupuna Baş prokurorun müavini başçılıq edir. Bu yenilənmədən sonra istintaq qrupu tərəfindən Sumqayıt hadisələrinin çoxsaylı şahidləri, SSRİ prokurorluğunda istintaq qrupuna daxil olan müstəntiqlər dindirilib. Araşdırmalar bu hadisələrin sifarişçiləri və təşkilatçılarının sovet rəhbərliyində təmsil olunan ermnənipərəst dairələr, erməni millətçiləri və separatçılarının olduğunu təsdiqləyir.
|