Baş səhifə   » QARABAĞ MÜNAQİŞƏSİ    » İşğal olunmuş ərazilərdən qanunsuz istifadə    » Qeyri-qanuni təbii ehtiyatlar axtarışı   

Qeyri-qanuni təbii ehtiyatlar axtarışı

  


Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın Qarabağ bölgəsində 155 müxtəlif növ faydalı qazıntı yatağı mövcuddur. Bura qızıl, civə, mis, qurğuşun, sink, üzlük daşı, mişar daşı, sement xammalı, şirin və mineral su yataqları daxildir.
Şuşa şəhərində yanacaq kimi Qarabağ meşələrinin nadir çoxillik ağaclarından istifadə olunması, Şuşanın Topxana meşəsinin qoruq zonasında inşaat işlərinin aparılması, Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 metr hündürlükdə yerləşən Titon yaşlı əhəng daşlarından ibarət uzunluğu 114 metr olan "Xan Mağarası"nın amansızlıqla məhv edilməsi, Şuşa şəhərinin yuxarı hissəsində Dörd yol adlanan yerdən yuxarı Laçın küçəsinin solunda, Q.Əsgərov küçəsində, 200-ə yaxın müxətlif növ iri diametrli çoxillik ağacların tamamilə məhv edilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyənləşdirilmişdir. 
Şuşa rayonunda təsdiq edilmiş ehtiyatları 1143 min kubmetr olan və işğala qədər istismara cəlb edilən Şuşa üzlük daşı yatağı, ehtiyatları 397 min kubmetr olan kərpic-kirəmid istehsalına yararlı Keçəldağ gil yatağı, istismar ehtiyatları gündə 50 min kubmetr olan Şuşa yeraltı şirin su yatağı, müalicəvi əhəmiyyətə malik, istismar ehtiyatları gündə 60 min kubmetr və 25 min kubmetr olan Şırlan və Turşsu mineral su yataqları ermənilər tərəfdən istismara məruz qalmışdır. 

Şuşanın "Haça yal" adlanan sahəsində uzun illər əkilərək becərilmiş 1500-2000 ədəd palıd ağacı ermənilər tərəfindən doğranılaraq aparılmışdır.
Xocavənd rayonu ərazisində üzlük daşı, əhəng istehsalına yararlı Xocavənd əhəng daşı, Ağdərə rayonunda zəngin Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və onunla yanaşı 47,9 milyon ton mis yataqları və digər zəngin yataqlar ermənilər tərəfindən hazırda istismar olunmaqdadır.
Zəbt olunmuş ərazilərdə son illər təbii sərvətlərin daha intensiv istismar olunması məqsədilə investisiya qoyuluşu davam edir. Xarici dövlətlərdə yaşayan erməni əsilli şəxslərin yaratdıqları bir neçə şirkət Qarabağda təbii sərvətləri istismar etmək üçün xüsusi fəaliyyət göstərir. 
Hazırda ABŞ, Kanada, Fransa, Avstraliya, İsveçrə, Livan, Rusiya və Ermənistanda yaşayan Qarabağ erməniləri tərəfindən Dağlıq Qarabağa investisiyalar daxil olmaqdadır. Bu bölgəyə birbaşa kapital qoyuluşunun ümumi həcmi 40 milyon dollar təşkil edir. Bu vəsait qoyuluşunda dünya erməni diasporu liderlik edir.
Son illər yeraltı sərvətlərin istismarı yönündə Azərbaycanın Qarabağ ərazisində 30-dan çox şirkət qanunsuz olaraq fəaliyyətə başlayıb. 
Təəssüf ki, ermənilər Qarabağ  bölgəsi ilə yanaşı, işğal olunmuş Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarında da təbii sərvətləri istismar edərək məhv edirlər. Məsələn, Kəlbəcər rayonundakı Zod, Ağdərə rayonundakı Qızılbulaq və Zəngilan rayonundakı Vejnəli qızıl yataqları hazırda işğalçılar tərəfindən istismar olunur. Erməni işğalında olan Laçın rayonunda da təbii sərvətlərin istismarı faktları mövcuddur.  1995-ci ildən ərazisi 25 min kvadrat kilometr olan Laçın meşələri qırılaraq mebel hazırlamaq üçün məhv edilir. Bu sənədi bir çox ölkələrin deputatları və siyasətçiləri də təsdiqləmişlər. Eyni zamanda, Qubadlı rayonu ərazisində qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunub, qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılaraq məhv edilib. Kəlbəcər rayonunda dəniz səviyyəsindən 1500-2100 metr hündürlükdə bitən hündürlüyü 25 metrə, diametri 48-120 santimetrə çatan Ayıfındığı və ya ağacvarı fındıq, Zəngilan rayonunda 107 hektar sahəyə malik Avropada 1-ci olan şərq çinarı, qoz və digər qiymətli ağaclar ermənilər tərəfindən tamamilə qırılaraq içlik materialı kimi daşınıb.



Oxunub: 31013