Baş səhifə
» MÜNAQİŞƏ ATƏT-də
» Dağlıq Qarabağ münaqişəsi ATƏT-də
Dağlıq Qarabağ münaqişəsi ATƏT-dəAzərbaycanın 1992-ci ildə bu nüfuzlu beynəlxalq quruma üzv olmuşdur. Həmin il yanvar ayının 30-da Avropada Təhlükəsizlik və Əməkdaşlığa dair Müşavirəyə üzv olan Azərbaycan iyulun 8-də ATƏM-in Helsinkidə keçirilən zirvə toplantısında təşkilatın sənədlərini imzaladı. 1992-ci ilin fevralında ATƏM-in ilk missiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məruzə hazırlamaq üçün Azərbaycana gəldi. Fevral ayında missiyanın məruzəsi təşkilatın Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) Praqada keçirilən iclasında dinlənildi. Məruzədə Dağlıq Qarabağın Azərbaycan ərazisi olması faktı təsdiqlənirdi. Komitə münaqişənin həllinə dinc vasitələrlə nail olmağın zəruriliyini də bəyan etmişdi. 1992-ci ilin mart ayında ATƏM-in nümayəndələri ikinci dəfə regiona səfər etdilər və bu dəfə də YVŞK-nın iclasında məruzə dinlənildi və komitə yenidən tərəfləri Dağlıq Qarabağa dair sülh konfransının keçirilməsinə şərait yaratmağa çağırmaqla kifayətləndi. Martın 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurası vəziyyəti müzakirə edərək münaqişənin sülh yolu ilə nizamlanmasını təmin etmək üçün YVŞK-nin zəmanəti əsasında Dağlıq Qarabağa dair sülh konfransının çağırılması barədə qərar qəbul etdi. Bununla da Minsk prosesinin əsası qoyulmuş oldu. 1994-cü ilin dekabrında Budapeştdə ATƏM üzvü olan ölkələrin dövlət və hökumət başçılarının növbəti zirvə görüşü keçirildi. Sammitin ən vacib hadisələrindən biri də ATƏM-in təşkilati cəhətdən yeniləşməsi və onun fəaliyyətinin genişləndirilməsi məqsədilə qurumun 1995-ci ilin yanvar ayının 1-dən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adlandırılması idi. Zirvə toplantısının iştirakçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də müzakirə edərək bu barədə qəbul olunmuş sənədlərə müvafiq bölmənin salınmasına razılıq verdilər. Həmin bölmə "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi" adlanırdı. Bu bölmədə tərəflər arasında atəşkəsin əldə edilməsi alqışlanır və ATƏM-in fəaliyyətdə olan sədrinə Minsk Konfransı həmsədrlərinin təyin edilməsi tapşırılırdı. Sənəddə münaqişənin həlli üçün sülhməramlı qüvvələrin göndərilməsinin zəruriliyi də öz əksini tapmışdı. ATƏM-in zirvə toplantısı Minsk Konfransına Minsk qrupunun köməyi ilə mövcud atəşkəsin davam etdirilməsi və sülh sazişinin imzalanması üçün müvafiq tədbirlər görülməsi istiqamətində səylərini artırmağı tövsiyə edirdi. Burada sülh sazişinin imzalanmasından sonra münaqişə bölgəsinə çoxmillətli sülhməramlı qüvvələrin göndərilməsi də nəzərdə tutulurdu. Budapeşt sammitinin əsas nəticələrindən biri Minsk qrupunda həmsədrlik institutunun yaradılması oldu. Sülhməramlı qüvvələrin müxtəlif dövlətlərin hərbi qüvvələrindən təşkil olunması barədə qərar Rusiyanın məsələni təkbaşına həll etmək istəyinin qarşısını aldı. Qeyd edək ki, o vaxt rəsmi Moskva çox cidd-cəhdlə sülhməramlıların məhz Rusiya ordusundan ibarət olmasına çalışırdı. 1996-cı ilin dekabrında Lissabonda keçirilən ATƏT üzvü ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündə üç mühüm sənəd (ATƏT-ə üzv ölkələrin Lissabon zirvə görüşünün bəyannaməsi, XXI əsrin Avropası üçün ümumi və hərtərəfli təhlükəsizlik modelinə dair bəyannamə və Avropadakı adi silahlı qüvvələrin məhdudlaşdırılması prosesinin parametrləri və əhatə dairəsi haqqında sənəd) qəbul olunmalı idi. Lakin zirvə toplantısının bəyannaməsində öz əksini tapmış müddəalardan biri - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərini özündə ehtiva edən 20-ci maddə Ermənistan tərəfin etirazına səbəb oldu. Ermənistan həmin maddəyə veto qoydu. Azərbaycan Prezidenti Heydər Əliyev isə həmin maddənin bəyanatın mətnindən çıxarılmasına qəti etirazını bildirərək sammitin bütün sənədlərinə veto qoyacağını bildirdi. Aparılmış danışıqlar Azərbaycan Prezidentini mövqeyini dəyişməyə vadar edə bilmədi və ölkəmiz konsensus verməmək hüququndan istifadə edərək sammitin bütün sənədlərinə veto qoydu. Bu isə Lissabon sammitinin nəticəsiz başa çata biləcəyi demək idi. 20-ci maddə Dağlıq Qarabağ münaqişəsinin üç prinsip əsasında həll edilməsinin mümkünlüyünü göstərirdi: Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün toxunulmazlığı, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində öz müqəddəratını təyinetmə hüququ əsasında muxtariyyət və özünüidarə statusunun verilməsi və Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin olunması sözügedən prinsiplər ATƏT-in Minsk qrupunun 1996-cı ilin noyabr ayında Helsinkidə keçirilmiş iclasında münaqişənin həlli formulu kimi qəbul olunmuşdu. Uzun və gərgin müzakirələrdən sonra 20-ci maddədə öz əksini tapmış bütün prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi bəyanatında təsbit olunması barədə konsensus əldə edildi. Bəyanatda deyilirdi: "Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin tərkib hissəsi olacaq 3 prinsipi tövsiyə etmişlər. Bu prinsipləri Minsk qrupunun üzvü olan bütün ölkələr müdafiə edirlər. Onlar aşağıdakılardır: - Ermənistan Respublikası və Azərbaycan Respublikasının ərazi bütövlüyü; - Dağlıq Qarabağın Azərbaycan tərkibində öz müqəddəratını təyin etməyə əsaslanan bir razılaşmada müəyyənləşdirilən ən yüksək özünüidarəsini təmin edən hüquqi statusu; - məsələnin həllinin müddəalarına əməl olunmasını təmin etmək barədə bütün tərəflərin qarşılıqlı öhdəlikləri daxil olmaqla Dağlıq Qarabağın və onun bütün əhalisinin təhlükəsizliyi". Bununla yanaşı ATƏT üzvlərinin hamısı, Ermənistan istisna olmaqla, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması və Dağlıq Qarabağın bütün əhalisinin (buraya ərazidə yaşayan azərbaycanlılar da daxildir) təhlükəsizliyinin təmin edilməsi şərtləri daxilində həllinin mümkünlüyünü təsdiqlədilər. Ermənistan isə ilk dəfə məhz bu sammit zamanı beynəlxalq birliyin ciddi səpkisi ilə qarşılaşdı və özünü təcrid olunmuş vəziyyətə saldı. 1999-cu ildə ATƏT-in İstanbul zirvə toplantısında da Azərbaycan öz ədalətli mövqeyini dünyaya bəyan etmək üçün mühüm addımlar atdı. İstanbul sammitində qəbul olunmuş deklarasiyanın 20 və 21-ci maddələri tamamilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuşdu və burada sülh prosesinin davam etdirilməsinin zəruriliyi qəti şəkildə bildirilirdi. ATƏT Avropada sülhün qorunub saxlanılmasına və dövlətlərarası əməkdaşlığın genişləndirilməsinə xidmət edən bir təşkilat kimi bu günə qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirsə də, heç bir konkret addım atmağa nail olmayıb. Təşkilatın münaqişənin həllini sürətləndirmək üçün konkret mexanizmlərinin olmaması burada müəyyən rol oynasa da, etiraf etmək lazımdır ki, ATƏT-in işğalçı dövlətə qarşı müəyyən təzyiqlər göstərmək və dünya birliyini bu prosesə cəlb etmək imkanları var. ATƏT beynəlxalq hüquqdan doğan 10 təhlükəsizlik prinsipi müəyyənləşdirmişdir ki, bunların da hamısı Ermənistan tərəfindən pozulmuşdur. Həmin prinsiplər aşağıdakılardır: 1. Suverenliyə hörmət; 2. Silahlı qüvvələrdən istifadə etməmək; 3. Sərhədlərin toxunulmazlığı; 4. Dövlətlərin ərazi bütövlüyü; 5. Mübahisələrin dinc yolla həlli; 6. Bir-birinin daxili işlərinə qarışmamaq; 7. İnsan hüquq və azadlıqlarına hörmət etmək; 8. Millətlərin bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət; 9. Dövlətlər arasında əməkdaşlıq; 10. Beynəlxalq hüquqa dair öhdəliklərin vicdanla yerinə yetirilməsi. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməklə bu prinsiplərin heç birini nəzərə almadığını göstərib.
|