Baş səhifə
» QARABAĞ MÜNAQİŞƏSİ
» Danışıqlar prosesi
» 2001-ci ildəki danışıqlar
2001-ci ildəki danışıqlar26 yanvar 2001 –ci ildə Parisdə Jak Şirakın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında görüş keçirilib. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər. Növbəti danışıqların mart ayında keçiriləcəcəyi elan edilib. 22 fevral 2001 –ci ildə Azərbaycan XİN danışıqlar prosesi ətrafında yaranmış ajiotajla bağlı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar ATƏT-in Minsk Qrupunun 1997-1998-ci illərdə tərəflərə rəsmən təklif etdiyi üç nizamlama planını ("Paket həll", "Mərhələli həll" və "Ümumi dövlət" planı) ilk dəfə mətbuat səhifələrində geniş ictimaiyyətin müzakirəsinə çıxarmış və bununla da məlum olmuşdur ki, Ermənistan həmin nizamlama planlarının ikisindən imtina edib. 4-7 aprel 2001–ci ildə Ki Uestdə (ABŞ) Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında Qarabağ nizamlanması tarixində ən uzun danışıqlar raundu keçirilib. Lakin dörd gün sürən danışıqlar nəticəsiz başa çatıb. Vasitəçilər növbəti danışıqların iyunda Cenevrədə (İsveçrə) keçiriləcəyini bəyan ediblər. 9 aprel 2001 –ci ildə Ki Uest (Florida) danışıqları başa çatdıqdan sonra Vaşinqtona gələn Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ prezidenti Corc Buşla ayrı-ayrılıqda görüşləri olub. ABŞ rəhbəri Qarabağ münaqişəsində sülhə nail olmaq üçün vasitəçiliyin davam etdiriləcəyini bəyan edib. 18 may 2001 –ci ildə Bakıya səfərə gələn Minsk Qrupunun həmsədrləri Kerri Kavano (ABS), Nikolay Qribkov (Rusiya) ve Filip de Suremen (Fransa) Azərbaycan prezidenti Heydər Əliyevlə danışıqlar aparmışlar. Görüşdən sonra mətbuat qarşısına çıxan vasitəçilər müzakirələrin gərgin keçdiyini qeyd etmişlər. Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə gözlənilən görüşün hələlik baş tutmayacağını bildirmişlər. Yalnız bir il sonra (iyun 2002) qismən aydınlaşıb məlum oldu ki, Ermənistan tərəfi Paris (mart 2001) və Ki Uest (aprel 2001) danışıqlarında Qarabağ nizamlanmasında «dəhliz mübadiləsi»nə (Dağlıq Qarabağla Ermənistan arasında «Laçın dəhlizi» və Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında «Mehri dəhlizi») ilkin razılıq versə də, sonradan geri çəkilib. 1 iyun 2001 –ci ildə MDB dövlət başçılarının Minskdə (Belarus) keçirilən sammiti çərçivəsində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü olmuşdur. Görüşdə Azərbaycanın prezidenti Heydər Əliyev qeyd etmişdir ki, Bakı hələlik hərbi dildə danışmır, amma həmişə belə olmayacaq. O, Azərbaycanda əhalinin böyük hissəsinin sülh danışıqlarına artıq inanmadığını və işğal olunmuş torpaqları müharibə yolu ilə azad etməyin tərəfdarı olduğunu bildirmişdir.
|