Baş səhifə
» QARABAĞ MÜNAQİŞƏSİ
» Danışıqlar prosesi
» 2009-cu ildəki danışıqlar
2009-cu ildəki danışıqlarNəhayət 2009-cu il iyulun 10-da “Böyük səkkizliy”in İtaliyanın Akvill şəhərində başa çatan sammitinin ardınca həmsədr ölkələr adından “Madrid prinsipləri”nin mətni Vaşinqtondan yayılıb. Sənədin əsas müddəaları bunlardır. 1. Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycanın nəzarətinə qaytarılması; 2. Dağlıq Qarabağa keçid statusu verməklə onun təhlükəsizliyi və özünü idarə etməsinə təminat verilməsi; 3. Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması; 4. Dağlıq Qarabağın yekun statusunu müəyyən edəcək hüquqi səlahiyyəti olan öz müqəddəratını ifadə etmək hüququ; 5. Bütün qaçqın və köçkünlərin münaqişədən əvvəl yaşadıqları ərazilərə qayıtmaq hüququ; 6. Sülhməramlı əməliyyatları nəzərdə tutan beynəlxalq təhlükəsizlik təminatının verilməsi. O vaxtdan bəri “Madrid prinsipləri” bir neçə dəfə tərəflərin danışıqlarda irəli sürdüyü təkliflər əsasında yenilənmişdir. Danışıqlar isə 2008-ci ilin payızından etibarən əsasən Rusiyanın vasitəçilyi ilə davam edib. 6 iyun 2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın yeni prezidenti Serj Sarkisyanın Qarabağ münaqişəsinin nizamlanmasına dair ilk görüşü Sankt-Peterburqda, MDB-nin qeyri-formal sammiti çərçivəsində gerçəkləşmişdir. Prezidentlər sülh prosesini davam etdirmək barədə razılığa gəliblər. Daha sonra Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyan arasında üçtərəfli formatda danışıqların əsasını qoymuşdur. Bu formatda 10-a qədər görüş keçirilib. Əliyev-Medvedyev-Sərkisyan formatında ilk danışıqlar 2008-ci il noyabrın 2-də Moskvada, Rusiya dövlət başçısının "Mayn Dorf" iqamətgahında olub. Görüşdən sonra prezidentlər İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedev Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair Bəyannamə imzalamışlar. Bu, münaqişə tərəfləri arasında danışıqlar prosesi ərzində imzalanmış ilk birgə sənəd idi. Beş bənddən ibarət sənəddə tərəflər bəyan ediblər ki, münaqişəni beynəlxalq hüququn prinsipləri və normaları, bu çərçivələrdə qəbul olunmuş qərarlar və sənədlər əsasında siyasi yolla nizamlamaqla Cənubi Qafqazda vəziyyətin sağlamlaşmasına və regionda sabitliyin və təhlükəsizliyin bərqərar edilməsinin təmin olunmasına kömək göstərəcəklər. Bəyannaməyə görə, bu, regionda iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yaradacaq. 2009-cu il yanvarın 28-də Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan İsveçrədə (Sürix), Davos İqtisadi Forumu çərçivəsində görüşərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını yenidən müzakirə etmişlər. Görüşdə prezidentlər sülh prosesini davam etdirmək barədə razılığa gəlmişlər. Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında növbəti görüş 7 may 2009 –cu ildə Çexiyanın paytaxtı Praqada keçirilib. ABŞ-ın Çexiyadakı səfirliyində gerçəkləşən görüş üç saata yaxın davam etmişdir. Görüş başa çatdıqdan sonra Minsk Qrupunun həmsədrləri media nümayəndələrinə nikbin ruhda açıqlamalar vermişlər. Vasitəçilər danışıqların konstruktiv şəraitdə keçdiyini və tərəflər münaqişənin həllinə dair baza prinsiplərini razılaşdırmaq ərəfəsində olduqlarını bildiriblər. Ümumiyyətlə 2009-cu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda intensiv mərhələ olub. Həmin il iyunun 4-də Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında növbəti görüş Sankt-Peterburqda keçirilmişdir. Bu görüş həmin bir il ərzində prezidentlər Əliyev və Sarkisyan arasında keçirilən sayca 5-ci danışıqlar raundu idi. Prezidentlər bu formatda 2009-cu il iyulun 17-də Moskvada yenidən bir araya gəliblər. Danışıqlar ertəsi gün qeyri-rəsmi formatda davam etmişdir. 2009-cu il oktyabrın 8-də Moldovanın paytaxtı Kişinyovda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında MDB sammiti çərçivəsində Qarabağ danışıqlarının növbəti raundu keçirilib. Həmin il noyabrın 22-də Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş Almaniyanın Münxen şəhərində keçirilib. Bu, prezidentlər İlham Əliyev və Serj Sarkisyan arasında keçirilən sayca 8-ci, 2009-cu ildə isə üst-üstə 6-cı görüş idi. Əliyev-Medvedyev-Sərkisyan formatında danışıqlar 2010-cu ildə də davam edib.
|